Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Qədim Rus Dövlətindən Rusiya Federasiyasına qədər: Rusiya dövlətçiliyinin tarixi" mövzusunda Beynəlxalq elmi konfrans işə başlayıb

 

Sentyabrın 28-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) əsas binasındakı akt zalında universitetin Rusiya Elmlər Akademiyası (REA) tarix-filologiya elmləri bölməsi ilə birlikdə hazırladığı "Qədim Rus Dövlətindən Rusiya Federasiyasına qədər: Rusiya dövlətçiliyinin tarixi" mövzusunda ikigünlük Beynəlxalq elmi konfrans açılmışdır. Konfrans Rusiya tarixi ili və Rusiya dövlətçiliyinin 1150 illiyi münasibətilə təşkil olunmuşdur.

Konfransda Rusiyanın, yaxın və uzaq xaricin elmi elitasının nümayəndələri, humanitar elmlər sahəsində tanınmış mütəxəssislər, federal hakimiyyət orqanlarının, ictimai təşkilatların təmsilçiləri iştirak etmişlər. Konfransın işində MDU-nun Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva iştirak etmişdir.

MDU-nun rektoru, REA-nın vitse-prezidenti, akademik Viktor Sadovniçi tədbiri açaraq elmi konfransın keçirilməsinin məqsədlərindən danışmışdır. O vurğulamışdır ki, konfrans Rusiyanın tarixi yolunun elmi şəkildə dərk olunmasına, ictimaiyyətin diqqətinin Rusiya tarixinə və Rusiyanın dünya tarixi prosesində roluna cəlb edilməsinə, Rusiya dövlətçiliyinin bundan sonra da möhkəmləndirilməsinə kömək etmək məqsədilə təşkil olunmuşdur.

Dövlət Dumasının və Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin konfransın açılışında çıxış edərək Rusiya dövlətçiliyinin yaranmasının mühüm mərhələlərindən, tarixi təcrübənin və ənənələrin öyrənilməsi və inkişaf etdirilməsinin zəruriliyindən danışmışdır. O, bu işdə parlamentin rolunu xüsusi vurğulayaraq bildirmişdir ki, parlament öz işində yerli təcrübəyə əsaslanmalıdır. S.Narışkin demişdir: "Yalnız hüquqi dövlət səmərəli inkişafı və layiqli gələcəyi təmin edir".

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill elmi konfransın keçirilməsini yüksək qiymətləndirərək dövlətçiliyin əsaslarının inkişafının və möhkəmləndirilməsinin müxtəlif cəhətlərinə toxunmuşdur. O, MDU-nun fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, bu ali məktəb əsl elm, təhsil və intellekt mərkəzidir. Elmin müxtəlif sahələrində əldə olunan bir çox nailiyyətlər məhz bu universitetin adı ilə bağlıdır.

Universitetin rektoru Viktor Sadovniçi MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya söz verməzdən əvvəl bildirmişdir ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev və Nərgiz Paşayeva ilə birlikdə Bakıda universitetin yaraşıqlı yeni kampusunu açmışdır və bu, çox əhəmiyyətli hadisədir.

Professor Nərgiz Paşayeva "Postsovet məkanında humanitar əməkdaşlıq" mövzusunda məruzə ilə çıxış etmiş, dövlətçilik və humanitar sahədə qarşılıqlı fəaliyyət məsələləri üzərində ətraflı dayanmışdır. Onun fikrincə, postsovet adlandırılan məkan mürəkkəb yol keçmişdir. Orada çoxlu müxtəlif xarakterli qara ləkələr olmuşdur. Lakin bu məkandakı insanları həmişə yetərincə möhkəm sosial-əxlaqi, mənəvi sistemlər, elm, təhsil, incəsənət, ədəbiyyat və hətta oxşar məişət, "başqa sözlə, sivil cəmiyyətin, humanizmin, vətəndaş münasibətlərinin sarsılmaz prinsipləri" birləşdirmişdir. N.Paşayeva xüsusi vurğulamışdır ki, o vaxtlar bu əlaqələr olmasaydı, indi biz yanaşı, birlikdə və bir-birimiz üçün yenidən anlaşıqlı ola bilməzdik. Halbuki indi biz, nəhayət, layiq olduğumuz müstəqil, öz lokal və qlobal problemləri olan məkana malik xoşbəxt insanlarıq. N.Paşayeva demişdir: "Eyni zamanda, biz rahatlıqdan və azadlıqdan məhrum, sadə birgə həyatımızı da unutmuruq. O, bizə heç də az cazibədar görünmür. Bu paralel ziddiyyətlərin əsasını nə təşkil edir? Bu halda paralel qarşılıqlı tamamlama mümkündürmü, yaxud bu, yalnız tarixi proseslərin gedişidir? Düşünürəm ki, bu mürəkkəb sistemin təməlində Rusiya dövlətinin özü, onun dərin və güclü kökləri durur. İstənilən tarixin, istənilən dövlətin öyrənilməsinin dəqiq və yeganə düzgün konseptləri olmur".

Professor bildirmişdir ki, Rusiya böyük ölkədir, Şərq və Qərb sivilizasiyalarının birləşməsində ənənəvi olaraq mühüm rol oynamış dahi insanlar, dahi ideyalar ölkəsidir. O demişdir: "Bir çox tədqiqatçılar və tarixçilər bəzi tarixi reallıqların və faktların yetərincə qiymətləndirilməməsi, bəzilərinin isə həddindən artıq dəyərləndirilməsi üzərində baş sındırmışlar və bundan sonra da düşünəcəklər. Şübhəsiz ki, hər şeyi birdən müəyyənləşdirmək çətindir, başlıcası qiymətləndirmə zamanı aşkar səhvlərə yol verməməkdir. Qədim filosoflardan biri demişdir: "Dövlətlər yaxşı insanları pislərdən ayıra bilməyəndə məhv olurlar". Biz bu qədim fikri Sovet İttifaqının süqutuna da aid edə bilərik. Rusiyanın müasir dünyada bugünkü rolu və əhəmiyyəti o qədər aşkardır ki, dünyada Rusiyanın iştirak etmədiyi heç bir ciddi siyasi proses yoxdur. Hazırda Rusiya dövləti yeni keyfiyyət qazanır, müasir dövrə yeni həssaslıqla yanaşır. Bu isə ona qüdrətli dövlət potensialı əldə etmək imkanı verir. Hər şeyi düzgün qiymətləndirsək və keçmişi düzgün təhlil etsək, nəyin yaxşı, nəyin pis olduğunu dəqiq müəyyənləşdirsək, siyasi, dövləti və sosial xarakterli perspektivlərin etibarlı müdafiə sistemini əldə etmək olar. Sirr deyildir ki, hər bir tarixi mərhələ həmişə özünü yüksəltmək və ya dağıtmaq imkanına malikdir. XIX əsrdə çar Rusiyası hökuməti dahi Dostoyevskini yalnız düşüncələrinə görə sürgün edəndə, XX əsrdə çekistlər anası Anna Axmatovanın casusluğunu etiraf etmədiyinə görə Lev Qumilyovu zindana atanda həm bu, həm də digər dövlət, əlbəttə ki, özünü məhvə sürükləmişdi".

Professor daha sonra demişdir: "Biz azərbaycanlılar görkəmli şairlərimiz, öz siyasi əsərlərinin və romantik düşüncələrinin qurbanı olmuş Mikayıl Müşfiqin və Hüseyn Cavidin faciəli taleyini heç zaman unutmayacağıq. Guya xeyirxahlıq naminə, əslində isə üsul-idarəni qoruyub saxlamaq üçün törədilən bu çoxsaylı azğınlıqlar həqiqətdə dövlətin özünüməhv aktı idi. Bu gün bu dəhşətli faktların gec də olsa dəqiq və ədalətli qiymətini aldığı bir vaxtda biz bir daha əmin oluruq ki, dağıtmaqla qurmaq, öldürməklə qorumaq mümkün deyildir. Postsovet məkanında yaşayan insanlar və xalqlar təkcə coğrafi cəhətdən deyil, psixoloji cəhətdən də bir-birinə yaxındırlar. Bütün çətinliklərə, ziddiyyətlərə, münaqişələrə və müharibələrə baxmayaraq, bizi ortaq keçmiş birləşdirir. Hər bir cəmiyyətdə və dövlətdə elə postulatlar vardır ki, onları dərhal müəyyən etmək və göstərmək mümkün deyildir. Onların əsasını bütövlükdə xeyirxahlığa inam postulatı təşkil edir. Bu postulat humanitar aksiyalar, mədəni yanaşma, əməkdaşlıq faktları və digərlərindən ibarətdir. Lakin müasir dünyada elə meyillər yaranmışdır ki, onların qarşısının alınması daha yaxşı olardı. Bu gün bəzən bir çox dəyərli çağırışlar, prinsiplər yalnız sadə şüarlar kimi qəbul edilir. Bu gün informasiya çoxdur və bu informasiya axını hamı üçün əlyetərlidir. Lakin informasiyaya sahib olmaq hələ biliyə sahib olmaq demək deyildir. Zəngin məlumatlı olmaq savadsızlıqdan xilas etmir. Güclü dövlətlər, güclü dövlət təsisatları, ilk növbədə, dəqiq və düzgün biliklərə əsaslanırlar. Postsovet məkanının başlıca vəzifələrindən biri, onun rifahının əsası bu biliklərdən ibarətdir. Skeptiklər biliklərin qüvvətlinin hüquqları qarşısında üstünlüyünü şübhə altına ala bilərlər, lakin gəlin "güc bilikdədir" kimi klassik formulu yaddan çıxarmayaq. O, bütün dövrlər üçün universaldır. Əgər biz postsovet məkanını vahid məkan kimi qəbul ediriksə, onda bütün bütövlər kimi o da hissələrdən ibarətdir. Rusiya dövləti onun ən böyük hissəsidir. Azərbaycan Cənubi Qafqazın ən böyük respublikasıdır".

Sonra N.Paşayeva tarixə qısa ekskurs edərək Rusiyanın 19-cu əsrdə Cənubi Qafqaz regionuna artan marağını diqqətə çatdırmışdır. O zaman liman şəhərləri Bakı və Dərbənd xüsusi maraq kəsb edirdilər.

Nərgiz Paşayeva demişdir: "O zaman I Pyotrun əmri ilə Xəzər dənizinin xəritəsi çap edilir və faktiki olaraq həmin vaxtdan etibarən bəzi Azərbaycan xanlarının � Dərbənd, Quba, Şəki, Talış xanlarının Rusiyaya meyillənməsi prosesi başlayır. Belə bir vəziyyətdə Qarabağ xanlığının hökmdarı İbrahim xan Azərbaycan xanları arasında birinci olaraq könüllü surətdə Rusiya imperiyasının tərkibinə daxil olmaq qərarına gəlir. Bu, geosiyasi vəziyyətin mürəkkəb olduğu 1813-cü il idi. İki il keçir, Azərbaycan xanlıqlarının əksəriyyətinin Rusiyaya üstünlük verməsi getdikcə daha aydın görünür. Həmin vaxtdan Rusiya-Azərbaycan mədəni münasibətlərinin yeni dövrü başlayır. Bu, kifayət qədər geniş və maraqlı bir mövzudur və mən burada yalnız bir-iki nümunə gətirəcəyəm. 1906-1907-ci və 1909-cu illərdə Azərbaycan jurnalları, o cümlədən "Molla Nəsrəddin" Lev Nikolayeviç Tolstoydan xristianları və müsəlmanları birləşdirən yeni peyğəmbər kimi danışırdılar. Onun elmi və ədəbi mühitə təsiri çox böyük idi. O dövrün böyük Azərbaycan yazıçısı və maarifçisi Mirzə Fətəli Axundzadə, habelə Soltan Məcid Qənizadə, Həsən bəy Zərdabi, Süleyman Sani Axundov, Abdulla Şaiq və başqaları Tolstoyun əsərlərini Azərbaycan dilinə tərcümə edirdilər. XIX əsrin ortalarında Azərbaycanda ilk dünyəvi məktəblər açılır, ilk dərsliklər hazırlanır. Bu dərsliklər Tolstoyun yeni əlifbası, oxu və hesab kitabları əsasında hazırlanır. Məktəblərdə Tolstoyun uşaq əsərləri keçilir. 1906-cı ildə "Dağıstan" jurnalında Tolstoyun "Tanrı gec eləyir, amma güc eləyir" hekayəsinin Bakı rus-müsəlman məktəbinin şagirdi, sonralar Azərbaycanın xalq artisti olmuş Hacıağa Abbasova məxsus ilk tərcüməsi çap olunur. 1907-ci ildə Hacıağa məktəbin direktoru ilə birlikdə Yasnaya Polyanaya gələrək, öz tərcüməsini Tolstoya hədiyyə edir. Yazıçı da ona xatirə olaraq öz avtoqrafı ilə "Hərb və sülh" romanını bağışlayır. O dövrdə Azərbaycanın bir çox mədəniyyət xadimləri müntəzəm olaraq Yasnaya Polyanaya gedir, Lev Nikolayeviçlə yazışır, bir çox mədəniyyət məsələlərinə dair onunla məsləhətləşirdilər".

Professor Nərgiz Paşayeva, həmçinin diqqəti belə bir məsələyə cəlb etmişdir ki, Azərbaycan maarifinin qızıl əsrinin - XIX əsrin tarixi təkcə elmi, sırf ədəbi deyil, həm də mədəniyyətlərarası tarixi, əxlaqi-etik və humanitar aspektləri ifadə edən belə faktlarla zəngindir. Nərgiz Paşayeva məruzənin sonunda demişdir: "Bütün bunlar Rusiya-Azərbaycan mədəni-mənəvi əlaqələrini əyani şəkildə göstərir. Ətalət içində yaşamaq olmaz, insanlar da, dövlət də, deməli, bütövlükdə dünya da daim dəyişir və tarixin qorxunc təhrifləri gec-tez yoxa çıxır və hər şey öz həqiqi və təbii simasına qovuşur. Humanizm, ədalət və azadlıq ideyaları daim hər bir dövlətin sarsılmaz əsaslarına çevrilir. Hər bir məkanın, o cümlədən postsovet məkanının insanları, ilk növbədə, özləri-özlərini qoruyub saxlamalı, əvvəlki səhvlərə yol verməməli, yeni müharibələrin alovlanmasına müqavimət göstərməli və elə bir harmonik mühit yaratmağa çalışmalıdırlar ki, burada bütöv bir məkanın bütün hissələri asanlıqla hifz oluna bilsin. Zənnimizcə, bu mümkündür. Bunun üçün yalnız arzu və iradə lazımdır. "Məndən nə yaratdıqları əhəmiyyətli deyildir, məndən yaradılandan mənim nə yaratdığım əhəmiyyətlidir". Bu sözlər Jan Pol Sartra məxsusdur. Həmin sözləri başqa şəkildə belə ifadə etmək olar: postsovet məkanının insanları üçün olub-keçənlər daha əhəmiyyətli deyildir, indi özümüzün-özümüzdən yaratdıqlarımız əhəmiyyətlidir. Gəlin, nə isə çox yaxşı bir iş görək". Nərgiz Paşayeva onu da xatırlatmışdır ki, dörd il əvvəl Bakıda MDU-nun filialı açılmışdır. Onun sözlərinə görə, yüz il sonra alimlərin bir yerə toplaşıb, bizim dövrümüzdə nələr olduğundan nə danışacaqlarını təsəvvürümüzə gətirsək, bu söhbətin ana xətti kimi Rusiya ilə Azərbaycan arasında mədəniyyətlərarası və dövlətlərarası münasibətlərdə bir uğur və nailiyyət kimi MDU-nun Bakı filialının yaradılması yazılacaqdır. O, bu heç də asan olmayan işə böyük töhfəsinə, səmimi münasibətinə və Moskva Universiteti kimi, Bakı filialının da təkcə bu gün deyil, bütün zəmanələrdə yaşaması üçün göstərdiyi yüksək əzmkarlığa görə MDU-nun rektoru Viktor Sadovniçiyə minnətdarlığını bildirmişdir, çünki hər şey ötüb keçir, amma universitetlər əbədi yaşayır.

Tədbirdə REA-nın Arxeologiya İnstitutunun rektoru, akademik Nikolay Makarov, Ukrayna Milli Yaddaş İnstitutunun direktoru, Ukrayna MEA-nın müxbir üzvü Vasili Soldatenko, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (U) rektoru, akademik Anatoli Torkunov, MDU-nun dövlət idarəçiliyi fakültəsinin dekanı Vyaçeslav Nikonov, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, REA-nın müxbir üzvü Yefim Pivovar və başqaları məruzələrlə çıxış etmişlər.

Birinci plenar iclasdan sonra Azərbaycan KİV-lərinə müsahibə verən professor Nərgiz Paşayeva bildirmişdir ki, belə mötəbər elmi konfransın işində iştirak etmək böyük şansdır, çünki elmin zirvələrini fəth etmiş alimlər, tarixçilər, insanlar qarşısında MDU-nun tribunasından nitq söyləmək böyük şərəf, böyük məsuliyyət, habelə böyük missiyadır. O demişdir: "Mən çox gözəl başa düşürəm ki, burada Azərbaycanı təmsil edirəm və mənim hər bir sözüm təkcə sırf mənim hisslərimə və fikirlərimə bağlı deyildir. Əgər bununla fəxri missiyanı yerinə yetirsəm, özümü xoşbəxt sanaram. Belə bir tədbirin keçirilməsi böyük əhəmiyyət daşıyır, çünki belə müzakirələr bizi bu mürəkkəb və ziddiyyətli dünyada ümumi dəyərlərə gətirib çıxarır, səmərəli dialoq üçün zəmin yaradır. Heç şübhəsiz, ən yüksək səviyyədə belə dialoq və ünsiyyət bəşəriyyətin xeyirxah məqsədlərinə, bütövlükdə sülh işinə xidmət edir. Mən bütün təşkilatçılara və iştirakçılara böyük uğurlar və nailiyyətlər arzulayıram". 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov