2012-ci ilin sonunadək 17021 təhsil işçisi
informasiya-kommunikasiya texnologiyalarının tədris
prosesində tətbiqi üzrə təlimlərdən keçəcək. Bu barədə
redaksiyamıza "Mədəd Azərbaycan" təşkilatının direktoru
Vüsal Xanlarov məlumat verib. Onun sözlərinə görə,
"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində indiyədək 110601 təhsil işçisi təlimlərə
cəlb olunub ki, bu da pedaqoji kadrların 73 faizini
təşkil edir.
V.Xanlarov bildirir ki, təhsil sisteminin pedaqoji
heyətinin İKT üzrə savadlılığının artırılmasına
yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə
təlimlərdə ilin sonunadək 12890 müəllim və 1000 nəfər
inzibati idarəetmə heyəti iştirak edəcək.
"Elektron məktəb" layihəsi üçün seçilmiş pilot
məktəblərin pedaqoji heyətinin təhsil portalından
istifadə üzrə savadlılığının artırılmasına yönəldilmiş
təlimlərdə 250 müəllimin iştirakı nəzərdə tutulub. 150
müəllim "1 şagird - 1 kompüter" layihəsi, 531 müəllim
"Həmkara dəstək" layihəsi, 200 müəllim isə "Fənlər üzrə
elektron təhsil resurslarının hazırlanması" layihəsi
üzrə təlimlərə cəlb olunacaq.
Bundan əlavə, orta ümumtəhsil məktəblərinin seçilmiş
heyəti üçün Məlumat Toplama Mərkəzindən istifadə üzrə
treninqlərə 2000 nəfərin cəlb edilməsi 2012-ci ildə
planlaşdırılmışdır.
Y.ƏLİYEV |