Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən
Üzeyir Hacıbəyli IV Beynəlxalq musiqi festivalının
açılış mərasimi olub. Tədbirdə çıxış edən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylini
Tanrının Azərbaycan xalqına bəxş etdiyi misilsiz bir
töhfə kimi səciyyələndirib. Bildirib ki, onun yaradıcı
irsi bütün bəşəriyyət üçün çox dəyərli və mənəvi
sərvətdir. Dahi Üzeyirin əsərləri dünyanın ən möhtəşəm
teatrlarının səhnələrində tamaşaya qoyulur,
ekranlaşdırılır, məşhur müğənnilər tərəfindən
sevilə-sevilə ifa olunur. Çünki onun əsərləri milli
olduğu qədər də bəşəridir. Nazir qeyd edib ki, Üzeyir
Hacıbəyli IV Beynəlxalq musiqi festivalında Rusiya,
Türkiyə, ABŞ, Fransa, Almaniya və İtaliyadan gələn dünya
şöhrətli musiqiçilər və kollektivlər iştirak edirlər.
Festivalın açılış mərasimində Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında geniş
konsert proqramı təqdim edilib. Azərbaycan Dövlət Xor
Kapellasının da çıxış etdiyi konsertdə Ü.Hacıbəylinin
"Koroğlu" operasından uvertüra, III akt və "Şeyx Sənan"
operasından fraqmentlər, həmçinin S.Prokofyevin violin
və orkestr üçün 2 saylı konsert səsləndirilib.
Festival sentyabrın 29-dək davam edəcək.
Sifai SƏFƏROVA |