Söyünlü Nərmin Əsəd qızı 1996-cı il fevralın 26-da
Bakıda ziyalı ailəsində anadan olub. Kiçik yaşlarından
şahmata marağı böyük olan Nərmin 5 yaşından idmanın
şahmat növü ilə məşğul olmağa başlayıb. Sonradan
valideynləri də şahmatla məşğul olmağına şərait
yaradaraq Nərmini 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat - Dama Məktəbinə
qoyurlar. Nərmin burada təcrübəli müəllimlərdən şahmatın
sirlərini öyrənməyə başlayır. Uğurları da elə bundan
sonra artmağa başlayır. Nərmin Söyünlü ilə görüşümüz
zamanı özü haqqında bunları dedi:
-
İdmanı sevən bir gənc kimi onu deyə bilərəm ki, ölkəmiz
müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu
kimi, idmanda da böyük uğurlara imza atıb. Sevindirici
haldır ki, bu gün dövlətimiz tərəfindən biz idmançılar
üçün hər cür şərait yaradılıb. Özüm haqqında onu deyə
bilərəm ki, kiçik yaşlarımdan ailəmizdə şahmat oynayan
və bu idman növünü sevən insanları ətrafımda görmüşəm.
Həmişə bacımla, atamla və anamla şahmat oynayardıq.
Dəfələrlə mən onlara məğlub olardım. Ancaq buna
baxmayaraq, şahmata həvəsim azalmırdı. Əksinə, daha da
mübarizə aparıb özümdən güclülərə qalib gəlməyə
çalışırdım. Sonralar valideynlərimin köməkliyi ilə
şahmat məktəbinə yazıldım. Güclü və təcrübəli şahmat
müəllimlərindən dərs almağa başladım. Müəllimlərin
tapşırıqlarına əməl edir və məşqlərə ciddi yanaşaraq
irəli addımlamağa başladım. Atamın məsləhəti heç
yadımdan çıxmır. O, güclü idmançı olmaq üçün əziyyətdən
qorxmamağı tövsiyə edir, müəllimlərin verdiyi
tapşırıqlara həmişə əməl etməyi məsləhət görərdi.
Bəli, güclü idmançı olmaq üçün öz üzərində həmişə
həvəslə işləməlisən. Bu idman növü digərlərindən xeyli
fərqlənir. Uğurlarım haqqında onu deyə bilərəm ki,
dəfələrlə Azərbaycan çempionatının mükafatçısı,
beynəlxalq turnirlərin qalibi olmuşam. Bu il isə
Rumıniyada məktəblilər arasında keçirilmiş dünya
çempionatında III yeri tutdum. Bakıda beynəlxalq payız
turnirində Belo reytinqi ilə keçirilən yarışda I yerə
çıxdım. Hazırda Novxanıda keçirilən "Bakı-Open"
beynəlxalq turnirində "b" qrupunda iştirak edirəm.
Bütün uğurlarıma görə müəllimlərimə minnətdaram. Ən
böyük arzum dünya üzrə tanınmış güclü şahmatçı olmaqdır.
Biz Nərminin uğurları haqqında yığma komandanın üzvü,
beynəlxalq qrossmeystr Rəsul İbrahimov və beynəlxalq
usta Anar Allahverdiyevin fikirlərini öyrəndik:
- Rəsul müəllim, Nərmini digər idmançılardan
fərqləndirən nədir?
- Nərminin digər idmançılardan fərqi daha çox elmli və
şahmata olan həvəsinin çox olmasıdır. Onun oyun
səviyyəsi və ağıllı şəkildə düşünərək addım atmağı
digər idmançılara nisbətən daha çoxdur. O, digərlərindən
daha istedadlı olması ilə də fərqlənir. Əgər idmançı
kifayət qədər uğur əldə etdikdən sonra arxayınlaşmağa
məruz qalırsa, onun gələcəyi haqqında rəy vermək çətin
olur. İdmançının gələcək uğurları onun öz üzərində daha
çox çalışması və məqsədinə çatmaq üçün mübarizə
aparmasından asılıdır. İdmançı əgər məşqlərə gün ərzində
3 saat vaxt ayırırsa, kifayət qədər uğur qazandıqdan
sonra 6 saat vaxt ayırmalıdır. Bu şəkildə davam etməsə,
gələcəkdə onun üçün qabağa getmək çox çətin olacaq. Mən
inanıram ki, Nərmin bütün ümidlərimizi və arzularımızı
doğruldacaq.
-Anar müəllim, Nərmin haqqında hansı fikirdəsiniz?
-Ümid edirəm ki, Nərminə qazandığı uğurlar stimul
verəcək ki, gələcəkdə də o, daha böyük yaş qruplarında
çempion olub, ölkəmizə medallar gətirib bizi
sevindirəcək və dünyada qadınlar arasında tanınmış
şahmatçı olacaq. Hər bir müəllim kimi mən də yetirməmin
uğurlarını öz uğurum kimi qiymətləndirirəm.
Biz də Nərminə bu çətin və şərəfli yolda uğurlar
diləyirik.
Rəşad ZİYADOV |