Mən oxuculara belə bir insan haqqında danışmaq
istəyirəm. Əvvəlcə onu deyim ki, Azərbaycan maarifinin
yaranması, inkişafı və bugünkü səviyyəyə çatmasında
əməyi olan insanların xalqa, pedaqoji ictimaiyyətə
tanıdılmasında "Azərbaycan müəllimi" qəzetinin və
"Azərbaycan məktəbi" jurnalının nə kimi rol oynadığını
mən çoxdan dərk eləmişəm. "Azərbaycan məktəbi"ndə
işləyərkən qabaqcıl təhsil qurucularının, xüsusən də
innovatorların haqqında məqalələr yazmış və ya onlardan
müsahibələr də götürmüşəm. Keçən əsrin 80-90-cı
illərində Məhər Quliyev, Zahid Şöyübov, Şikar Heybətov
və onların işlədikləri Bozalqanlı, Xaldan və Nərimankənd
məktəblərinin uğurları keçmiş ittifaq miqyasına və ondan
da kənarlara səs salmışdı. Həmin illər bunların
sırasında Saatlı peşə liseyinin fəaliyyəti və onun cavan
direktoru Rahim Əzizovun işi geniş təbliğ olunurdu. Alim
pedaqoqların, habelə pedaqoji jurnalistlərin diqqətində
olan həmin gəncin peşə təhsilinə rəhbərlik səriştəsi
haqqında o zaman çox məqalələri nəşrə hazırlasam da,
ancaq məqalə yazmaq mənə nəsib olmamışdı.
Tale
elə gətirmişdir ki, indi biz bir təhsil müəssisəsində -
Azərbaycan Müəllimlər İnstitutunda işləyirik. Ona çox
məsul bir vəzifə - əlavə təhsil üzrə prorektor vəzifəsi
həvalə edilmişdir.
Əlavə təhsilə rəhbərlik edən kadrda, mənim anladığıma
görə, geniş dünyagörüş, dərin düşüncə və hərtərəfli elm
və təhsil təşkilatçısı olmaqla yanaşı, elm moderatorluğu
və natiqlik məharəti lazımdır.
Müşahidələr göstərir ki, ali təhsil müəssisələri
müəllimlərinin qarşısında oxunacaq məruzələrin
problematik mövzularını və məruzəçilərini
müəyyənləşdirmək, habelə müəllimlər qarşısına millət
vəkilləri Hadi Rəcəbli, Rasim Musabəyov, professorlar
Bəhram Zahidov, Əfqan Abdullayev, Ramiz Məmmədzadə, Musa
Qasımlı, Mircəfər Həsənov, Çingiz Bədəlov, Qulam Əzimli,
Abdula Mehrabov, Əjdər Ağayev, yazıçı Çingiz Abdullayev
və başqaları kimi səviyyəli alimlər çıxarmaq üçün rəhbər
kadrdan yüksək elmi səviyyə və böyük nüfuz tələb olunur.
Rahim müəllim bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir və
bununla da institutumuzun adına şərəf gətirir. 60 yaşlı
Rahim müəllimdə bu mükəmməlliyin səbəbini öyrənmək
istəyənlərə onun keçdiyi həyat yoluna və zəngin
tərcümeyi-halına tale güzgüsündə nəzər salmağı məsləhət
görürük.
Qısa arayış: Rahim Zaman oğlu Əzizov 5 sentyabr 1952-ci
ildə Azərbaycan Respublikasının Saatlı rayonunun
Seyidlər kəndində müəllim ailəsində anadan olmuşdur.
1959-cu ildə Saatlı rayonundakı Gomuşçu kənd 8 illik
məktəbində, sonra isə Saatlı şəhər 1 nömrəli orta
məktəbdə oxumuş, 1969-cu ildə həmin məktəbi bitirmişdir.
1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
(indiki ADPU) biologiya-coğrafiya fakültəsinə daxil
olmuşdur. Ali məktəbdə oxuduğu illərdə qrup komsomol
təşkilatının katibi, tələbə elmi cəmiyyətinin üzvü
olaraq institutun ictimai həyatında fəal iştirak
etmişdir. 1973-cü ildə həmin institutun coğrafiya
fakültəsini bitirmişdir.
1973-cü ildən 1981-ci ilə kimi Saatlı ra
yonundakı Gomuşçu kənd orta məktəbində coğrafiya
müəllimi işləmişdir. Müəllim işlədiyi dövrdə SSRİ
"Bilik" cəmiyyətinin fəxri fərmanı ilə təltif olunmuş,
"Qabaqcıl maarif xadimi" döş nişanı ilə
mükafatlandırılmışdır. 1980-ci ildə "Əmək igidliyinə
görə" medalı ilə təltif edilmişdir. Dövri mətbuatda
çoxlu sayda elmi-metodiki məqalələrlə çıxış etmişdir.
1981-ci ildən 1983-cü ilə qədər Saatlı Rayon Partiya
Komitəsində təlimatçı işləmişdir.
1983-cü ildən 1996-cı ilə kimi 184 nömrəli texniki peşə
məktəbində direktor işləmişdir. 1996-cı ildən 2002-ci
ilə kimi Saatlı Peşə Liseyinin direktoru olmuşdur.
Texniki peşə təhsili sahəsində çalışdığı dövrdə həmin
məktəb respublikanın ən qabaqcıl təhsil müəssisəsi kimi
tanınıb. Azərbaycan müəllimlərinin VI və VII
qurultaylarında nümayəndə olaraq çıxış etmişdir.
Danimarka, İran İslam Respublikası və Türkiyədə təcrübə
mübadiləsində olmuşdur.
2003-cü ilin oktyabr ayından Azərbaycan Müəllimlər
İnstitutunda metodist kimi fəaliyyətə başlamış, 2006-cı
ildən 2010-cu ilə kimi institutda kabinet müdiri
işləmiş, 2010-cu ilin aprel ayından əlavə təhsil üzrə
prorektor təyin olunmuşdur. 2009-cu ildə "Tərəqqi"
medalı ilə təltif olunmuş, 2011-ci ildə dissertasiya
müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi
dərəcəsi almışdır.
Təbiidir ki, bütün bunlar onun tərcümeyi-halının rəsmi
xülasəsi və yığcam ifadəsidir. Ancaq 60 illik bir ömrün
olaylarına bir qədər müfəssəl yanaşmalı olsaq, bir çox
məqamların üzərindən sarı simə toxunmadan keçə bilmərik;
belə ki, o, əvvəla, taleyindən razı insandır; yəni tale
ona xoşbəxt həyat nəsib edib. Bu, Tanrı yazısıdır ki,
qayğıkeş valideynləri olub. Çoxuşaqlı ailədə doğulub və
zəngin tərbiyə məktəbi keçmişdir. Özünün qeyd etdiyi
kimi, xoşbəxtliyi orasında olub ki, yaşca və vəzifəcə
böyük insanlardan həmişə qayğı görmüş, isti münasibət
hiss etmişdir. Ona həmişə inanıblar və o, bu inamı
itirməkdən qorxmuşdur. Odur ki, gənc yaşlarından
təhsillə bağlı vəzifələrə irəli çəkilmişdir.
Pedaqoji mətbuatla tələbəlik illərindən yaxın olmuş, ya
çox yazmışdır, ya da haqqında çox yazmışlar. Rusiya,
Türkiyə, Fransa kimi ölkələrdə əlavə təhsillə bağlı
müxtəlif seminar və treninqlərdə iştirak etmişdir.
1973-cü ildən bu vaxta qədər 5 kitabı və müxtəlif qəzet
və jurnallarda 279 elmi-pedaqoji məzmunlu məqaləsi
çıxmışdır. Pedaqoji fəaliyyəti Azərbaycanın pedaqoq
alimlərinin diqqətindən heç vaxt kənarda qalmamışdır.
Pedaqogika, psixologiya və didaktikanı öyrənməklə ciddi
məşğul olmuş və öz işini elmi-metodik əsaslar üzrə
qurmaqda bunlar ona kömək etmişdir. Ömrünün Bakı
mərhələsində Z.Qaralov, N.Kazımov, Ə.Əlizadə,
A.Mehrabov, Ə.Ağayev, Ə.Paşayev, F.Rüstəmov, Y.Kərimov,
İ.Mayılov və digər ideya animatorlarının qarşısında çox
maraqlı və aktual bir mövzuda dissertasiya müdafiə
etmiş, o vaxta qədər isə Fransa, Türkiyə, Qazaxıstan
kimi ölkələrdə, Moskva, Kiyev, Almatı və s. kimi
şəhərlərdə ezamiyyələrə göndərilmişdir. Təsadüfi deyil
ki, Rahim müəllim pedaqoji inteqrasiya fəlsəfəsini və
interaktiv təlim metodologiyasını dərindən bilən
alimlərdən sayılır.
Azərbaycan Müəllimlər İnstitutu 2001-ci ildən xalqımızın
ümummilli lideri Heydər Əliyevin müvafiq fərmanı ilə
yenidən qurulmuşdur və on bir yerdə fəaliyyət göstərən
filialı ilə respublikamızın iqtisadi inkişaf tempinə
uyğun olaraq öz olimpinə doğru sürətlə yüksəlməkdədir.
İndi Rahim müəllim orta, orta ixtisas və ali təhsil
müəssisələrində çalışan, müxtəlif fənləri, elm
sahələrini tədris edən və bu sahələrə rəhbərlik
edənlərin təkmilləşdirilməsi ilə məşğul olur.
"İşinizdən, sizə həvalə olunan bu vəzifədən razısınızmı"
sualımıza Rahim müəllim olduqca səmimi səslənən cavab
verir: "Mən 37 illik iş fəaliyyətində işçilərin
qayğısına qalan, işinə görə adama vəzifə verən və heç
bir təmənna güdməyən rəhbər işçi kimi Aqiyə xanımı
gördüm. Belə bir məsul vəzifəni mənə həvalə etdiklərinə
görə müasir təhsil qurucusu və təhsili idarəetmə elminin
bilicisi, professor Misir Mərdanova, habelə çox hörmətli
rektorumuz, elm və təhsil təşkilatçısı, millət vəkili,
ən nəhayət, Heydər Əliyev qvardiyasının ən fəal
üzvlərindən olan professor Aqiyə xanım Naxçıvanlıya
borcluyam. Ümumiyyətlə, götürdükdə, mənim üçün
xoşbəxtlik bu olub ki, tale uğuruma həmişə və hər yerdə
gözəl insanlar çıxarıb. Bu amili daim nəzərdə
saxlayıram; o cümlədən, elmi rəhbər məsələsində də
belədir. Elmi rəhbərim professor Abdulla Mehrabovu
xüsusilə qeyd etməyə bilmərəm...".
Yeri gəlmişkən, yubilyarın bu fikirləri ilə mən də
tamamilə razıyam və əlavə edə bilərəm ki, çox müasir
tələblərlə işləyən Aqiyə xanıma, Abdulla müəllim kimi
insanlara elmdə dərinlik, mənəviyyatda büllurluq
atributu tamamilə halaldır. Eyni zamanda bütün bunlarla
Rahim müəllim öz ömrünün 60 illik "İsgəndər güzgüsü"ndə
çox xoşbəxt keçdiyini və Azərbaycanın gələcəyinin isə
daha parlaq olacağını görmüş olur.
Fikrimi yekunlaşdıraraq Rahim müəllimi ürəkdən təbrik
edir və ona ailə səadəti, habelə çalışdığı məsul sahədə
və elmi axtarışlarında daha böyük uğurlar arzulayıram!
Vaqif QURBANOV,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent |