Müasir
təhsil sistemində bərqərar olan yeni pedaqoji təfəkkür
və kurikulum islahatları şagirdin məktəbə hazırlığı
səviyyəsinə də yeni yanaşmanın formalaşmasını tələb
edir. Uşağın məktəb təliminə hazırlığı dedikdə, bəzən
yanlış olaraq ilkin savad təlimi vərdişlərini - oxumaq,
yazmaq, irəliyə və geriyə saymaq və s. nəzərdə tuturlar.
Əslində isə altıyaşlıların məktəbə hazırlığı onların
sosial, emosional-iradi və intellektual hazırlığından
ibarətdir.
İlk əvvəl uşağın sosial hazırlığı məsələsini nəzərdən
keçirmək istərdim. Axı məktəb, ilk növbədə,
sosiallaşmadır, nizam-intizama salan bir sistemdir.
Məktəbəqədər yaş dövrünü başa vuran uşaq psixo-fizioloji
inkişafa uyğun olaraq həm böyüklərlə, həm də öz
yaşıdları ilə ünsiyyətə və birgə fəaliyyətə hazırdır.
Həqiqətdə isə birinci sinif şagirdlərinin heç də hamısı
bunu edə bilmir. Fəal dərsin əsas tələblərindən biri də
uşaqların kiçik qruplar daxilində işləmək bacarıqlarının
formalaşdırılmasıdır. Bu da tapşırıqların yerinə
yetirilməsi üçün şagirdlərin birgə səyini, bir-biri ilə
əməkdaşlığını ön plana çəkir. Məktəb təliminə yenicə
qədəm qoyan birincilərdən uşaq bağçasına getmiş
uşaqların əksəriyyəti bu işin öhdəsindən qismən də olsa
gəlməyi bacarsalar da, evdən gələn uşaqların münaqişəli
vəziyyətləri yoluna qoymaq və birgə qərarlar vermək
qabiliyyəti yox dərəcəsindədir. Buna görə də valideynlər
imkan daxilində öz övladları ilə kütləvi tədbirlərdə
iştirak etməli, ictimai yerlərdə çox olmalıdırlar ki,
uşaq ətrafdakılarla ünsiyyətə girmək vərdişləri əldə edə
bilsin. Həkimin qəbulunda və ya mağazada isə uşağa bir
qədər müstəqillik verib,onun əvəzinə cavab
verməməlidirlər.
Bundan əlavə, uşaq öz işinə görə verilən həm müsbət, həm
də mənfi rəyə adekvat reaksiya verməyi öyrənməli, ona
ünvanlanan tənqidin yalnız gördüyü hansısa bir konkret
işə aid olduğunu, ona və onun şəxsiyyətinə verilən ümumi
qiymət olmadığını anlamalıdır. Belə olan təqdirdə,
uşağın özünüqiymətləndirməsi müsbət olur və o, müəllimin
verdiyi aşağı qiymətə görə ruhdan düşməyərək, səhvlərini
düzəltməyə səy göstərir.
Digər mühüm məsələ uşağın məktəb təliminə
emosional-iradi hazırlığıdır. Təlim fəaliyyətinə
başlayan altıyaşlı artıq təkcə öz istədiyini deyil, həm
də lazım olanları etməlidir, çətinlikdən qorxmamalı,
yaranmış çətin vəziyyətlərdən müstəqil olaraq çıxış yolu
tapmalıdır. Bu yaş dövrü üçün emosionallıq xarakterik
olsa da, artıq o, öz davranışını düşüncəli şəkildə idarə
etməyi bacarır. Uşağın iradi sferasını inkişaf etdirmək
üçün onda "olar" və "olmaz" anlayışları
formalaşdırılmalıdır. "Olmaz" anlayışı uşağın hərəki
fəallığını tormozlamağa xidmət edir, "olar" anlayışı isə
davranış qaydalarını formalaşdırır, intizamlılığın və
məsuliyyətin əmələ gəlməsinə xidmət edir.
Müxtəlif tapşırıqların öhdəsindən uğurla gəlməyə kömək
edən iradi keyfiyyətlərin yaranma prosesinə təkan vermək
üçün, ilk növbədə, uşağın gündəlik fəaliyyətini düzgün
təşkil etmək lazımdır. Uşağın müəyyən edilmiş vaxt
ərzində stol arxasında əyləşərək sakit məşğul olduğu
işlər hərəki oyunlarla bir-birini əvəzləməlidir ki, o,
tədricən dərslərin tənəffüslərlə əvəz edildiyi gələcək
məktəb həyatına uyğunlaşsın.
Və nəhayət, sonuncu, lakin ən mühüm bir məsələ -
şagirdin məktəb təliminə intellektual hazırlığıdır.
İntellektual hazırlıq dedikdə, uşağa hər hansı bilik və
bacarıqların aşılanması deyil, onda düşünmək və nəticə
çıxarmaq qabiliyyətini inkişaf etdirmək nəzərdə tutulur.
5-7 yaş arası uşaqda gələcək məktəb uğurlarını təmin
edən psixi funksiyalar formalaşır. Bu, psixofiziki
inkişafda da öz əksini tapır. Məhz bu dövrdə beynin
çəkisi böyük insanın beyninin çəkisinin 90%-ni təşkil
edir, böyük beyin yarımkürələri və xüsusən də nitq
inkişafına cavabdeh olan alın payları kifayət qədər
inkişaf edir.Bu da uşağın söz ehtiyatının
artmasında,ümumiləşdirici sözlərin uşağın lüğət
ehtiyatına əlavə olunmasında öz əksini tapır. Bütün
bunlar psixi proseslərin - qavrayışın,
diqqətin,hafizənin və təfəkkürün inkişafında güclü bir
təkana zəmin yaradır. Ona görə də bu dövrdə uşağı düzgün
istiqamətləndirmək çox vacibdir. Məktəb təliminə
hazırlıq dövründə uşaq artıq oyun fəaliyyətindən
tədricən uzaqlaşmaq tələbatı duyur. Oyun motivasiyası
dərketmə motivasiyası ilə əvəz olunur. Beləliklə də
davranışında dəyişikliklər meydana çıxan uşaq böhran
dövrünə qədəm qoyur. Çünki malik olduqlarından narazı
olan uşaq özü üçün nə isə təzə bir şey axtarır və
beləliklə də əqli fəaliyyətə tələbat yaranır. Bu
mərhələdə uşağın həmin tələbatını ödəmək üçün ona yeni
biliklər almağa, qabiliyyətlərini inkişaf etdirməyə
dəstək olmaq lazımdır. Bu dəstək uşağa yaş dövrünə uyğun
olan müxtəlif problemli situasiyaların təklif
olunması,ətraf aləm haqqında labüd bilgi sisteminin
verilməsi, uşaqda yeniliklərə qarşı maraq hissinin
tərbiyə olunması və sadəcə olaraq, sual vermək və
müşahidə etmək bacarığının inkişaf etdirilməsi
vasitəsilə həyata keçirilə bilər. Bir sözlə, uşağın
psixi funksiyalarını istənilən məşğələ vasitəsilə,
materiallarla yükləmək olar. Əsas olan uşağı eşitmək,
onunla bu həyatı paralel aləmlərdə deyil, bir yerdə
yaşamaqdır.
Məhz buna görə də uşağın məktəb təliminə hazırlığı uşaq
bağçalarında, məktəblərdə təşkil olunan xüsusi hazırlıq
qruplarında həyata keçirilməklə yanaşı, evdə, ailədə də
diqqət mərkəzində olmalıdır. Bu işdə valideynlərlə
aparılan xüsusi psixoloji maarifləndirmə işi böyük
əhəmiyyət daşıyır.
Beləliklə, bu gün uşağın məktəb təliminə hazırlığının
vacib olduğu danılmazdır. Bu iş planlı və məqsədyönlü
şəkildə uşağın altı yaşa qədəm qoyduğu gündən etibarən
deyil, çox-çox əvvəl, 3-4 yaş arasında aparılmağa
başlanmalıdır ki, uşaq, həyatında çox mühüm bir
əhəmiyyətə malik bu mərhələyə "Mən heç nə bilmirəm,heç
nə bacarmıram" fikri ilə deyil, özünə inamlı şəkildə
qədəm qoysun. Axı uşaq nə qədər böyük bir intellektual
potensiala malik olsa da, məktəb təliminə psixoloji
cəhətdən hazırlıqsız olması onu öz gözündə yoldaşları
ilə müqayisədə çox bacarıqsız və səriştəsiz edir, eləcə
də özünüqiymətləndirmənin aşağı enməsinə səbəb olur. Bu
da çox vaxt ona öz qabiliyyətlərini inkişaf etdirməyə
mane olaraq, həmişəlik zəif şagirdlərin sırasına salır.
Və əksinə, bu mərhələdə yaranmış özünəinam hissi uşağa
özünün qabiliyyətli və bacarıqlı olduğuna əminlik
yaradacaq və gələcək həyatında da inamlı olmağına,
müxtəlif məsələlərin həllində öz bacarıq və
intellektindən vaxtında və səmərəli istifadə etməsinə
gətirib çıxaracaq.
Gülçöhrə İBRAHİMOVA,
Bakıdakı 124 nömrəli tam orta məktəbin müəllimi |