Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Sentyabr 2012 - №38

 

Diaqnostik qiymətləndirmənin əsas mahiyyəti və ədəbiyyat  dərslərində ondan istifadə

 

Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra keçən müddət ərzində ölkəmizdə istər milli dövlətçilik, istərsə də sosial-iqtisadi və mədəni quruculuq sahəsində əsaslı islahatlara başlanılmışdır. Təhsilimizin milli və ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, milli ənənələrinə uyğun şəkildə formalaşdırılması prioritetə çevrilmişdir. 

Bu baxımdan müstəqil və ardıcıl inkişaf prinsipləri olan ölkələrdən biri kimi Azərbaycanda da bu istiqamətdə işlər aparılır. Cəmiyyətin tələb və ehtiyaclarına uyğun nəticələrdən ibarət şəxsiyyətyönümlü təhsil sisteminin yaradılmasına səy göstərilir. Aparılan kurikulum islahatlarında təlim nəticələrindən ibarət yeni məzmunlu, yeni təlim strategiyaları və şagird naliyyətlərinin qiymətləndirmə sistemi hazırlanır.

Dünya səviyyəsində qiymətləndirmənin üç növündən istifadə olunur:

Beynəlxalq; Milli; Məktəbdaxili.

Diaqnostik qiymətləndirmə məktəbdaxili qiymətləndirmənin üç növündən birinə aiddir. Bu qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır. Bu qiymətləndirmə sayəsində şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almaq mümkün olur.

İlin əvvəlində, ortasında, axırında imlalar, inşalar, şifahi cavablar və yazılı tapşırıqlar, oyunlar, müəllim və valideynlərlə əməkdaşlıq, söhbət, davranışın müşahidəsi, müsahibə, sorğu, rəsm və yazı işlərinin təhlili, özünüqiymətləndirmənin təhlili, müəllim və valideynlərdən əldə olunan məlumatların təhlili sayəsində şagirdin ilkin biliklərinə diaqnoz qoymaq mümkündür.

Diaqnostik qiymətləndirmə zamanı aşağıda sadalanan üsul və vasitələrdən istifadə olunur:

1.Üsullar, vasitələr, müşahidə - müəllim şagirdlərin fəaliyyətini müşahidə edərək qiymətləndirir;

2.Müşahidə sxemi - şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarların yazıldığı cədvəl;

3. Müsahibə - şagirdlərin fəaliyyətini izləmək məqsədilə aparılan şifahi yoxlama;

4. Qeydiyyat vərəqi - şagirdlə aparılan danışıq zamanı müəllimin diqqət yetirmək istədiyi məsələlərin yazıldığı vərəq;

5.Tapşırıqvermə, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq, söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq).

Diaqnostik qiymətləndirmə təlim prosesindən əvvəl və yeri gəldikcə bəhs və bölmələrin əvvəlində şagirdin güclü, zəif cəhətlərini öyrənmək, onun bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyən etmək, təlimi planlaşdırmaq məqsədilə aparılır.

Diaqnostik qiymətləndirmə üsulları arasında ən əlverişli və müəllimlər tərəfindən çox istifadə olunan qiymətləndirmə üsulu müşahidə, qiymətləndirmə vasitəsi isə müşahidə sxemləridir.

Müəllim şagirdlərin hər hansı bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək üçün müəyyən etdiyi meyarlar əsasında onları müşahidə edir və qeydlərini müşahidə vərəqinə yazır. Bu qeydlər müəllimə hər bir şagirdlə onun səviyyəsinə uyğun işləməyə, zəruri tapşırıqlar verməyə kömək edir. Yəni, müəllim şagirdin ehtiyaclarını müəyyənləşdirir və buna uyğun olaraq şagirdlə fərdi yanaşma prinsipi əsasında işləyir.

Diaqnostik qiymətləndirmənin müşahidə sxemi şagirdin əsas inkişaf sahələri üzrə ilkin səviyyəsini müəyyən etmək üçün istifadə olunur. 

1.İdraki (koqnitiv) inkişaf (bilmə, anlama, tətbiq, təhlil, sintez və dəyərləndirmə bacarıqları);

2.Şəxsi inkişaf (özü və başqaları barədə danışmaq, özünə inamı nümayiş etdirmək, müxtəlif situasiyalarda öz davranışını idarə etmək bacarıqları);

3.Sosial-emosional inkişaf (qrupda pozitiv münasibət qurmaq, ünsiyyətə girmək, yaxşı-pis hərəkətləri seçmək, davranışının səbəblərini izah etmək və məsuliyyətini anlamaq);

4.Hərəki (psixomotor) inkişaf (tapşırıqları başa düşmək, yerinə yetirmək, təqlid etmək, tətbiq etmək, uyğunlaşmaq). 

Diaqnostik qiymətləndirmə formativ və summativ qiymətləndirmələr üçün zəmin rolunu oynayır. Düzgün diaqnoz nəticəsində sonrakı fəalliyyətin aspektləri konkret olaraq müəyyənləşir. Biz hər hansı bir əsərin tədrisindən öncə Beyin həmləsi və ya BİBÖ üsulu əsasında şagirdlərin ilkin biliklərinə diaqnoz qoya bilərik. Yalnız bu yəqinləşmədən sonra fəaliyyətimizin istiqamətini düzgün müəyyənləşdirərək dərsimizə davam edə bilərik. Şagirdlərin nəyi bildikləri müəyyənləşdiriləndən sonra onları artıq təkrar məlumatlarla yormadan birbaşa onlar üçün yeni olan məlumata keçid alırıq. 

Məlihə ƏSƏDOVA,
Bakıdakı R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov