Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Sentyabr 2012 - №38

 

İnteqrativlik ədəbiyyat fənn kurikulumunun əsas prinsipidir

 

Bu gün  ölkəmizdə istər milli dövlətçilik, istərsə də sosial-iqtisadi və mədəni quruculuq sahəsində əsaslı islahatlar gedir. Təhsilimizin milli və ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, milli ənənələrinə uyğun şəkildə formalaşdırılması əsas məqsədə çevrilmişdir.  Ölkəmizdə sivil, dünyəvi dövlət quruculuğunun əsas şərti milli təhsilimizin necə qurulacağı, təhsil sistemimizin necə idarə olunacağından asılıdır. Bu baxımdan hazırda ölkəmizin dövlət təhsil sistemində aparıcı istiqamətlərin, strateji məqsədlərin, gözlənilən nəticələrin düzgün müəyyənləşdirilməsi, aparılan təhsil islahatının konseptual istiqamətlərinin dəqiqləşdirilməsi vacibdir. Çünki aydın milli təhsil, tərbiyə konsepsiyası olmadan təhsilimizin beynəlxalq standartlara uyğunlaşması, dünya təhsil sisteminə inteqrasiyası mümkün deyildir. 

Bu baxımdan müstəqil və ardıcıl inkişaf prinsipləri olan ölkələrdən biri kimi Azərbaycanda da bu istiqamətdə işlər aparılır. Cəmiyyətin tələb və ehtiyaclarına uyğun nəticələrdən ibarət şəxsiyyətyönümlü təhsil sisteminin yaradılmasına səy göstərilir. Aparılan kurikulum islahatlarında təlim nəticələrindən ibarət yeni məzmunlu, yeni təlim strategiyaları və şagird nailiyyətlərinin qiymətləndirmə sistemi hazırlanır.

Müasir tələblərə cavab verən kurikulumlar bir çox cəhətlərinə görə ənənəvi təhsil proqramlarından fərqlənir. Məsələn, ənənəvi təhsil proqramı: Bilikyönümlüdür, müəllimyönümlüdür, fənyönümlüdür, təklifyönümlüdür, fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır, bəzi fənlər üzrə qiymət normaları müəyyən edilib.

Müasir kurikulum: Şəxsiyyətyönümlüdür, şagirdyönümlüdür, nəticəyönümlüdür, tələbyönümlüdür, inteqrativlik əsas prinsip kimi qəbul olunub, qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib

Müqayisəli cədvəli müşahidə edərkən bir məqam diqqəti cəlb edir. Təhsilin digər komponentləri arasındakı fərq kəskin surətdə dəyişsə də, fəndaxili və fənlərarası əlaqənin müasir kurikulumdakı ifadəsi və yeri dəyişmir. Sadəcə olaraq ənənəvi təhsildə fəndaxili və fənlərarası əlaqənin məqsədyönlü və sistemli xarakter daşımaması müasir kurikulumlarda isə inteqrativliyin əsas prinsip kimi qəbul olunması qeyd olunur.

Pedaqoji mətbuat və metodiki vəsaitlər inteqrativliyi təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsi kimi açıqlayır. Bu anlayışa verilən tərif həqiqətən də əhatəlidir.

İnteqrativ təlim mühüm pedaqoji problem kimi müasir dünyagörüşlü, fəal, yaradıcı, problemlərin həlli və müstəqil qərarlar qəbul etmək üçün zəruri təhsil səviyyəsinə və bacarıqlara malik şəxsiyyət formalaşdırılması vəzifəsinin ön plana çıxdığı hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Bu problemin tədqiqi və həlli təkcə fənlərin tədrisinin elmi, nəzəri əsaslarının inkişafı üçün deyil, müəllimlərin praktik fəaliyyəti üçün də böyük əhəmiyyət kəsb edir.

"Ümumi təhsil pilləsində dövlət standartları və proqramları (Milli Kurikulumu)" sənədi və onun əsasında hazırlanmış fənn kurikulumları fənlərin əlaqələrinin geniş  tətbiqini nəzərdə tutur.

Əvvəllər şagirdlərdən əzbərləmək tələb olunurdu. Nəticədə isə şagirdlər həyatda onlara lazım olmayan məlumatları öyrənməli olurdular. Bu səbəbdən də onlar çox vaxt cəmiyyətdə və məişətdə baş verən proseslərdən baş çıxara bilmirdilər. İnteqrativ kurikulum isə fənn sahələrinin kombinasiyasını özündə əks etdirməklə şagirdi obyektə deyil, subyektə çevirir. Burada təhsilin məqsədinə faktları öyrənmək və bilmək deyil, həm də əldə olunmuş bilik və bacarıqlardan müxtəlif situasiyalarda istifadə etmək, araşdırmaları təkmilləşdirmək daxildir. Belə kurikulum şagirdlərə öyrənmə zamanı müxtəlif fənlər arasında bilik və konsepsiya səviyyəsində dəyərli əlaqələr yaratmaqda köməklik göstərir.

Bu yanaşmaya görə şagird məktəbdə  tədris olunan fənlər vasitəsi ilə müxtəlif sahələr üzrə seçilmiş məzmunu öyrənməli və tətbiq etməyi bacarmalıdır. İnteqrativ kurikulumlar aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir: 

-  təlimin fəal cəlbedici və əyləncəli olması;

-  çoxlu hissələrə bölünməməsi;

-  məzmunun sadə, əhatəli və anlaşıqlı olması;

-  fənlərinin sayının çox olmaması (iki, üç və dörd fənn);

-  eyni konsepsiyanın iki müxtəlif fəndə öyrənilməsi;

-  təlimin müxtəlif mərhələlərinin əlaqələndirilməsi. 

Nəzərə almaq lazımdır ki, tədris olunan fənlər məzmun etibarilə yüksək dərəcədə inteqrativdir. Çünki hər növbəti mövzu müəyyən dərəcədə əvvəlki ilə bağlıdır. Tədris olunan mövzular öz mahiyyyəti, təbiəti etibarilə inteqrativ səciyyə daşıyır. Lakin bu inteqrativlik yalnız fənnin məzmun komponentləri arasında gözlənilməməlidir. Fənlər həm də həyatla inteqrasiya olunmuş şəkildə tədris olunmalıdır. Şagird elmi bilikləri sistemli, əlaqəli şəkildə mənimsəməli, onun şüurunda həyatın tam, dolğun mənzərəsi yaradılmalıdır.

Ədəbiyyat fənni öz-özlüyündə sinkretik fənn olduğundan bu fənnin geniş inteqrasiya imkanlarının mövcudluğu təəccüb doğurmur. Bu fənn kurikulumunda inteqrativlik fəndaxili əlaqələr (üfiqi inteqrasiya), fənlərarası əlaqələr (şaquli inteqrasiya) şəklində həyata keçirilir. Bu inteqrativlik məzmun xətləri üzrə əsas və alt-standartlar arasında (bilik və bacarıqlar sistemində) reallaşdırılır. Ayrı-ayrı fənn kurikulumlarının məzmun xətləri üzrə əsas və alt-standartlarının müqayisəsindən aydın olur ki, ədəbiyyat ana dili, informatika, tarix, xarici dil, və s. fənlərlə fənlərarası əlaqəyə girə bilir. Bu isə dərsdə səmərəni artırır, şagirdin maraq və tələbatlarını ödəyir.

Peşəkar müəllim bir dərsdə bənzər komponentlərə malik olan bir  neçə fənnin standartlarını, mövzularını əlaqələndirə bilər. Bu, müəllimə vaxta qənaət etməyə, az vaxt ərzində çox material mənimsətməyə imkan yaradır. 

Kifayət ƏLİYEVA,
S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının dil-ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov