Sentyabrın 21-də Bakıdakı 229 nömrəli tam orta məktəbdə
beynəlxalq sülh günü münasibətilə "Mən sülhə səs
verirəm" adlı tədbir keçirildi. İştirakçılar əvvəlcə
tədbirin proqramına uyğun olaraq şagirdlərin əl
işlərindən ibarət fotosərgi ilə tanış oldular. Sonra
qonaqlar "açıq dərs"lərdə iştirak etdilər. Məktəbin akt
zalında təşkil olunmuş tədbiri giriş sözü ilə açan
direktor Fəridə Bağırova sülh günü barədə geniş məlumat
verdi. Bildirdi ki, Azərbaycanda sülhün, əmin-amanlığın
bərqərar olunmasında ulu öndər Heydər Əliyevin
xidmətləri böyükdür. Məhz onun siyasəti nəticəsində
müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən
hərc-mərcliyə, özbaşınalığa son qoyuldu və 1994-cü ildə
Qarabağ müharibəsində atəşkəs elan edildi.
Tədbirin aparıcıları sülh göyərçinlərini uçuraraq
müharibənin ağır fəsadları barədə məlumat verdilər.
Onlar dünya ölkələrini sülhə, əmin-amanlığa çağırdılar.
Yuxarı sinif şagirdləri "Müharibə olmasın", "Müharibə
istəmirəm" və müharibəyə aid başqa şeirləri ifa etdilər.
VII "b" sinif şagirdləri "Biz torpaqlarımızı tezliklə
azad görəcəyik" adlı şeirlə tədbir iştirakçılarının
diqqətini cəlb etdi.
Çıxış edən qonaqlar da müharibənin ağır bəlalarından
danışaraq xalqımıza həmişə sülh, dinclik şəraitində
yaşamağı arzuladılar. Tədbirin sonunda Xocalıya həsr
olunan film nümayiş olundu.
Rəşad ZİYADOV |