Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil
etdiyi "Liderliyə gedən yol" gənc siyasətçilər üçün yay
məktəbinin 2-ci turu çərçivəsində Naxçıvan Müəllimlər
İnstitutunun bir qrup tələbəsi Oğuz rayonunda olmuşdur.
Həmin turda iştirak edən ali təhsil ocağının II kurs
tələbələrindən Həsən Hüseynov söhbət zamanı dedi ki,
məqsəd müxtəlif mövzuların diskussiyalarının,
intellektual oyunların təşkil edilməsi, eləcə də
tələbələrin Oğuz rayonunun gəzməli yerləri ilə tanış
olmalarından ibarət idi. İlk gün tələbələrə ölkəmiz,
səfər etdikləri region, YAP-ın Gənclər Birliyinin
keçirdiyi yay məktəbinin mahiyyəti barədə məlumat
verilmişdir. Sonra Azərbaycan Respublikası Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənovla görüş keçirilmişdir. Görüşdə YAP
Gənclər Birliyinin sədri Seymur Orucov professor Əli
Həsənova yay məktəbinin layihəsində iştirak etdiyi üçün
rəhbərlik etdiyi təşkilat adından minnətdarlığını
bildirmişdir. Sonra çıxış edən Ə.Həsənov yay məktəbində
iştirakından məmnunluğunu bildirib. Mövzu ilə bağlı
fikirlərini ifadə edən professor Ə.Həsənov ulu öndər
Heydər Əliyevin siyasi fəaliyyətinin, bizlərə miras
qoyduğu düzgün yolun hər birimiz üçün örnək olduğunu
demişdir.
Yay məktəbi ərəfəsində "Gələcəyə baxış inkişaf
konsepsiyası gənclərin nəzəri ilə" mövzusunda diskussiya
təşkil edilib. Diskussiyada gənclərin ölkəmizin gələcək
inkişafındakı rolu müzakirə olunub. Daha sonra
informasiya-kommunikasiya texnologiyalarının müasir
imkanlarından səmərəli istifadə, eləcə də sosial
şəbəkələr haqqında seminar-diskussiya keçirilib. Sosial
şəbəkə nədir, səhifədə işləmə qaydaları, şərhlərin
verilməsi, məlumat toplamaq, qrup və bloqların
yaradılması mövzuları ətrafında fikir mübadiləsi
aparılıb.
Səfər çərçivəsində gənclər ulu öndərin rayon mərkəzində
ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri
qoymuşlar. Sonra gənclər Şəki şəhərində yerləşən
möhtəşəm tarixi abidə olan Xan sarayında da olublar.
Gənc siyasətçilərə sarayın tarixi haqqında ətraflı
məlumat verilib.
Məlumat üçün onu da deyək ki, YAP Gənclər Birliyinin
Naxçıvandan olan üzvləri bölgələrimiz haqqında slaydşou
nümayiş etdirmişlər. Onlar layihə iştirakçılarını
Naxçıvanın tarixi abidələri ilə tanış etmiş və hər biri
haqqında geniş məlumat vermişlər. Bundan başqa,
Naxçıvanın yetişdirdiyi tarixi şəxsiyyətlər barədə də
tədbir iştirakçılarını məlumatlandırmışlar.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti
|