Bu
günlərdə eşitdiyimiz acı xəbər onu tanıyanları,
dostlarını, xüsusilə də Təhsil Nazirliyində on illərlə
çiyin-çiyinə çalışmış həmkarlarını dərindən sarsıtdı.
Bəlli oldu ki, nurlu ziyalı ömrünün yarım əsrdən çoxunu
təhsil sistemində yorulmadan çalışmış, ali məktəb
laborantlığından respublikanın Ali və Orta İxtisas
Təhsili Nazirliyində şöbə müdirliyinədək şərəfli bir
həyat yolu keçmiş, Təhsil Nazirliyinin sabiq baş
məsləhətçisi, dövlət qulluğunun fərdi təqaüdçüsü Aida
Yolçu qızı Əliyeva ömrünün 73-cü ilində uzun sürən ağır
xəstəlikdən sonra dünyasını dəyişmişdir. Bu ağır itkidən
üzülən təhsil işçiləri və onun keçmiş iş yoldaşları
mərhumun son mənzilə yola salınma mərasimində fəal
iştirak etməklə bu ləyaqətli Azərbaycan qadınına olan
son borclarını verməyə çalışdılar...
Dəfn mərasimindən bir aydan çox müddət keçsə də Aida
xanımın itkisi onu sevənlərin, həmkarlarının qəlbini
hələ də göynətməkdədir. Çünki bu xanım-xatın Azərbaycan
qadını yüksək ünsiyyət və davranış mədəniyyətinə sahib
olan əsl ziyalı, qayğıkeş ana, sədaqətli ömür-gün
yoldaşı, Vətəninə, millətinə, dövlətinə cani-dildən
bağlı vətənpərvər, insansevər bir insan idi.
Qələmə aldığımız bu kövrək, hüzn dolu sətirlər uzun
illər ünsiyyətdə olduğumuz və kollektivin sevimlisi
olmuş mehriban, həlim təbiətli Aida xanıma, onun
təmənnasız əməllərinə bəslədiyimiz dərin hörmət və
ehtiramın ifadəsidir...
Təəssüf ki, bu gün Aida xanım haqqında keçmiş zamanda
danışmaq məcburiyyətindəyik. Çünki bu mərd, mübariz
Azərbaycan qadını artıq aramızda yoxdur. Lakin onun
müqəddəs, pak ruhu onu sevənlərin və mərhumun sağlığında
sevdiyi insanların qəlbində daim yaşayacaqdır. Aida
xanım elə ömür yaşayıb ki, özündən sonra hər zaman xoş
xatirələrlə anılmaq, hər vaxt ruhuna rəhmət oxunmaq
haqqını sağlığında qazanıb. O, ləyaqətli, şərafətli ömür
yolu keçib, insanların xeyrinə-şərinə, ağrısına-acısına,
sevincinə-kədərinə hər zaman şərik olub. Gəlin, birlikdə
onun ömür yoluna nəzər salaq.
Aida Yolçu qızı Əliyeva 1940-cı ildə Bakıda ziyalı
ailəsində anadan olmuşdur. Orta təhsilini Bakının məşhur
132 nömrəli məktəbində başa vurmuş, 1958-1963-cü illərdə
Azərbaycan ali təhsilinin bayraqdarı olan Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsində mükəmməl
təhsil alaraq əmək fəaliyyətinə doğma universitetdə
başlamışdı. Universiteti fərqlənmə diplomu ilə bitirən
Aida xanım bir müddət Azərbaycan KP MK-nın ideologiya
şöbəsində çalışmış, orada bacarıqlı mütəxəssis kimi
tanınmışdı. 1964-cü ildə Azərbaycanın Ali və Orta
İxtisas Təhsili Nazirliyində nəşriyyat şöbəsində baş
inspektor vəzifəsinə təyin edilmiş və dövlət qulluğundan
təqaüdə gedənə kimi onun bütün əmək fəaliyyəti Ali və
Orta İxtisas Təhsili Nazirliyi və sonralar Təhsil
Nazirliyi ilə bağlı olmuşdur. Başqa sözlə, Aida xanım
ömrünün düz qırx ilini fasiləsiz olaraq Təhsil
Nazirliyində nəşriyyat məsələlərinə, xüsusən ali
məktəblər üçün dərslik, dərs vəsaiti və digər
tədris-metodik ədəbiyyatların yaradılmasına və nəşrinə,
son illər isə respublikanın ali təhsil müəssisələrində
elmi tədqiqat işlərinin planlaşdırılmasına və
əlaqələndirilməsinə həsr etmişdir.
Aida xanım 1974-1988-ci illərdə Ali və Orta İxtisas
Təhsili Nazirliyində nəşriyyat şöbəsinə rəhbərlik etmiş,
ana dilində ali məktəblər üçün dərslik yaradıcılığına
dəyərli töhfələr vermişdir. O, 1987-ci ildə Moskva
şəhərində rəhbər nəşriyyat işçiləri hazırlayan ali
ixtisasartırma kurslarında təhsilini təkmilləşdirmiş,
həmin kursları "əla" qiymətlərlə bitirərək Azərbaycanın
təhsil sistemində yüksək peşə hazırlıqlı mütəxəssis kimi
tanınmış və şöhrət qazanmışdır.
1988-ci ildə təhsili idarəetmə orqanlarında aparılan
islahatlarla əlaqədar Azərbaycanda təhsillə bağlı 3
nazirliyin birləşdirilməsindən sonra Aida Əliyeva öz
fəaliyyətini Xalq Təhsili Nazirliyində, 1993-cü ildən
isə Təhsil Nazirliyində tədris ədəbiyyatı və nəşriyyatı
idarəsində, dərslik və nəşriyyat şöbəsində, sonralar isə
elm şöbəsində uğurla davam etdirmiş, hər zaman ona
tapşırılan işin öhdəsindən bacarıqla gəlmiş, yüksək
təşkilatçılığı, zəngin təcrübəsi, peşəkarlığı və
təşəbbüskarlığı ilə hamıya örnək olan dövlət qulluqçusu
kimi tanınmışdır. Əmək fəaliyyəti dövründə təhsil
sahəsində qüsursuz işinə görə "Ali məktəb əlaçısı" döş
nişanı və iki dəfə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə
təltif edilmişdir.
Aida xanım istər rəhbər vəzifədə, istərsə də sıravi işçi
olduğu illərdə həmişə yüksək ünsiyyət və davranış
mədəniyyəti ilə seçilmiş, ləyaqət hissini hər zaman
qoruyub saxlamış, həyata, cəmiyyətə münasibətdə ali
vətəndaşlıq mövqeyi olan ziyalı kimi insanların hörmət
və ehtiramını qazanmağa müvəffəq olmuşdur. Çoxları üçün
əlçatmaz olan zirvələri zamanında fəth etmiş Aida xanım
heç vaxt özünü kimsədən üstün tutmamış, həmişə sadəliyi,
xoş rəftarı və səmimiliyi ilə həmkarlarının qəlbinə yol
tapmış, onların rəğbətini qazanmış xoşbəxt taleli
insanlardan olmuşdur. Biz onu belə görmüşük, belə
tanımışıq, belə sevmişik.
Aida xanım bacarıqlı təhsil təşkilatçısı, tanınmış
tədris-nəşriyyat işçisi olmaqla yanaşı, xoşbəxt taleli
ailə başçısı, mehriban ana, sədaqətli ömür-gün yoldaşı
idi. İki oğul böyüdüb tərbiyə edən Aida xanım həm də
sevimli nənə idi. Ömür-gün yoldaşı Rahib Əliyev uzun
illər Bakıda Oftalmologiya İnstitutunda elmi işçi -
həkim kimi yüzlərlə insanı həyat işığından məhrum olmaq
qorxusundan xilas etmiş, gözlərə işıq, qəlblərə nur
vermişdi...
Sağlıqlarında olduğu kimi, bu gün də Aida xanımla Rahib
həkim bir yerdədirlər, onlar haqq dünyasında yanaşı
uyuyurlar... Bu da həyatın sərt qanunlarından biridir.
Aida xanım Əliyeva 2005-ci ilin dekabrında təqaüdə
çıxmışdısa da həmişə doğma kollektivi - Təhsil Nazirliyi
ilə əlaqə saxlayırdı. Nazirliyin rəhbərliyi onu təntənə
ilə, hörmət-izzətlə təqaüdə yola salmışdı. Aida xanıma
Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim olunan mərasim
yaddaqalan, hamıya örnək ola bilən bir tədbir idi. O
tədbirdə Aida xanımın bir az kövrək, bir az həyəcanlı,
lakin ləyaqətli çıxışı və davranışı hamını
kövrəltmişdi... Çünki Aida xanım kimi bir həmkardan
ayrılırdıq onda...
Bu ilin isti avqust günlərindən birində doğma kollektiv
Aida xanımın vida mərasiminə yığışdı. Bu dəfə Aida
xanımın dostları, həmkarları həyatdan əbədiyyətə qovuşan
bu xanımla bağlı xoş xatirələrdən söz açdılar və ona bir
ağızdan rəhmət dilədilər, onu son mənzilə də hörmətlə
yola saldılar...
Aida xanım bu gün canından çox sevdiyi Azərbaycan
torpağında uyuyur. Ruhun şad olsun, Aida xanım!
Gültəkin HÜSEYNOVA,
Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri,
Əsgər QULİYEV,
Təhsil Nazirliyinin baş məsləhətçisi |