Yazardan bir neçə söz
"Azərbaycan
müəllimi"nin sevimli oxucularını indiyədək bütünlüklə
Azərbaycanın təhsil tarixinə aid yazılarımla tanış
etmişəm. Bu saydan başlayaraq mövzunu bir qədər
dəyişirəm. Doğrudur, dolayısıyla amacım yenə təhsil
tariximizlə bağlı olsa da, bu yazıda konkret şəxslərin
həyatından, yeni bəlgələrdən deyil, dost Ukraynaya bir
aylıq elmi ezamiyyət zamanı gördüklərimdən,
bildiklərimdən söz açacağam. Siyasi məsələlərdən mümkün
olduqca yayınmağa çalışmışam, ancaq Ukraynadakı ictimai
durumla bağlı Azərbaycan oxucusu, özəlliklə
müəllimlərimiz, başqa aydınlarımız üçün maraq doğuracaq
bəzi faktları qələmə almağı faydalı saydım.
Nazirin layihəsi
Azərbaycanın təhsil naziri Misir Mərdanov mərhum
tarixçi alim Nərmin xanım Tahirzadə’nin
elmi irsinin nəşri və təbliği məsələsini müzakirə etmək
üçün mənimlə görüşmək istədi. Getdim. Səmərəli
söhbətimiz alındı. Nərmin xanımın indiyədək rusca nəşr
edilmiş və əlyazma şəklində qalmış əsərlərini ana
dilimizə çevirmək və mükəmməl bir kitab hazırlamaq
qərara alındı. Özünün "Azərbaycan təhsil tarixi"
adlı 4 cildlik sanballı kitabında çar dönəmində
azərbaycanlıların ali təhsil almasına geniş yer ayırmış
Misir müəllim belə bir fikir irəli sürdü ki, 1920-ci
ilədək ali təhsil almış bütün azərbaycanlı tələbələrin
adlarını müəyyənləşdirmək, onlar haqqında dünya
arxivlərində saxlanan sənədləri toplayıb Azərbaycana
gətirmək lazımdır; yalnız bundan sonra sovetləşməyədək
olan dönəmdəki gerçək ali təhsil tariximizi ortaya qoya
bilərik. Nazir bildirdi ki, bu işin gerçəkləşməsi üçün
hər cür şərait yaratmağa hazıram.
Açığı,
belə cəsarətli bir fikri nazirin ağzından eşitmək çox
xoşdu, ancaq adıkeçən məsələylə bağlı bütün dünya
miqyasında araşdırma aparmaq bir çox problemlərdən
dolayı imkansız görünürdü. Misir müəllim mənim "525-ci
qəzet" və "Azərbaycan müəllimi" qəzetlərindəki silsilə
yazılarımı oxumuşdu və əlbəttə, belə möhtəşəm bir
layihəni ortaya atarkən orada mənə də önəmli yer nəzərdə
tutmuşdu. Mən, sözsüz ki, layihəni tam dəstəklədim,
ancaq araşdırmaları mərhələ-mərhələ və bölgələr üzrə
aparmağı təklif etdim; məsələn, öncə Ukraynada, sonra
Rusiyada və b. ölkələrdə. Özümün bu layihədə
məmnuniyyətlə iştirak etmək istədiyimi və qarşıdakı yay
tətilində istənilən ölkənin arxivlərində bir ay
çalışmağa hazır olduğumu bildirdim.
Beləliklə, hörmətli nazirin ideyası gerçək layihə
şəklinə düşdü və konkret iş planı hazırlandı. İlk
növbədə, tələbələrimizin vaxtilə daha çox oxuduqları
Rusiya və Ukrayna ali məktəbləri müəyyənləşdirildi. İş
burasındadır ki, həmin universitet və institutların bir
çoxunun həm adı dəyişilib, həm də onların sənədləri
müxtəlif dövlət arxivlərinə təhvil verilib. Bunu nəzərə
alan Misir müəllim Rusiya və Ukraynanın 20-yə yaxın ali
məktəbinin rektoruna məktub yazaraq onların sələfi olan
məktəblərin arxivinin indi harada yerləşdiyini
dəqiqləşdirdi. Buna bir aydan artıq vaxt getdi. Bu
müddətdəki görüşlərimizdə layihə incəliklərinədək
müzakirə edildi və axtarışa Ukraynadan başlamaq qərara
alındı, çünki tarixçilərimiz oranın arxivlərində daha az
olublar.
Nazirlik
mənim Ukraynaya bir aylıq elmi ezamiyyətə göndərilməyim
üçün sənədləri hazırladı. Nazirsə şəxsən özünün
imzaladığı, ezamiyyətə göndərilməyimin məqsədi açıqlanan
və o ölkənin arxivlərində uğurla işləməyimə yardım
göstərilməsi uyğun qurumlardan xahiş edilən bir məktub
verdi. 15 iyulda paytaxt Kiyevə uçaraq bir ay boyunca
aşağıdakı arxivlərdə araşdırmalar apardım:
* 15-28 iyul, Kiyev Şəhəri Dövlət Arxivi (Kiyev);
* 28 iyul-5 avqust, Odessa Vilayəti Dövlət Arxivi
(Odessa);
* 5-15 avqust, Xarkov Vilayəti Dövlət Arxivi (Xarkov).
1. KİYEV
Borispoldan "Amarant"a
Kiyevin beynəlxalq "Borispol" hava limanı paytaxtın 30
kilometr güney-gündoğanında yerləşir. Oradan mərkəzədək
taksidə yarım saata yaxın yol getməli oldum. İlk dəfə
ayaq basdığım bu diyarın mənzərələrini yol boyunca seyr
edir, hər tərəfin yaşıllıq, meşəlik içində üzməsinə
həsədlə baxır, yeni mikrorayonların gözəllik və
səliqə-sahmanından zövq alırdım. Dnepr çayının üstündəki
körpünü keçdikdən sonra özünü artıq Kiyevdə hiss
edirsən.
Ukraynada
14 gün öncə başa çatmış 14-cü Avropa futbol
çempionatının havası hələ də yolkənarı reklamlarda və
şəhərin özündə duyulmaqdadır. Çempionatqabağı şəhərə
xeyli "əl gəzdirilib", abadlıq işləri aparılıb,
özəlliklə çoxlu yeni otellər istifadəyə verilib.
Onlardan biri də çempionat ərəfəsində açılmış
"Amarant" otelidir. "Amarant" çiçək adıdır. Otelin
özü də çiçək kimi təmiz, işçiləri həddən artıq nəzakətli
və canıyanandır. 13 gecə burada qonaq oldum.
"Amarant"da yerləşər-yerləşməz sabah gedəcəyim Kiyev
Şəhəri Dövlət Arxivinin yerini indidən bəlləmək üçün
şəhərə çıxdım. Şəhəri qətiyyən tanımadığıma baxmayaraq
orada hərəkətim çox da çətin olmadı, çünki otel
işçilərinin yardımıyla daimi gediş-gəliş yolumu dəqiq
müəyyənləşdirdim - metronun yaxınlıqdakı "Şevçenko"
stansiyasında minərək arxivlə üzbəüz "Doroqojiçi"
stansiyasında düşəcəkdim. 20 dəqiqədən sonra artıq
arxivin ukraynaca və ingiliscə yazılmış lövhəsini
oxuyurdum...
Kiyev Şəhəri Dövlət Arxivində
Bazar ertəsi günü - 16 iyulda Kiyevin Şevçenko rayonunda
Yelena Teliqa küçəsi 23 ünvanında yerləşən Kiyev Şəhəri
Dövlət Arxivinə yollandım. "Doroqojiçi" stansiyası
birbaşa Yelena Teliqa küçəsinə açılır. Yeraltı keçidlə
küçəni o üzə adlayan kimi ilk beşmərtəbəli yaşayış evi
həm də arxivdir. Arxiv həmin binanın birinci qatındadır.
Ancaq eşitdim ki, binanın ikimərtəbə zirzəmisi də
arxivdən ibarətdir və oraya liftlə düşüb-qalxırlar.
Düz
saat 10-da direktor Vera Petrovna Kupçenko’nun
kabinetindəydim. Nazirin imzaladığı sənədi ona verərək
gəlişimin məqsədini açıqladım, bildirdim ki, arxivinizdə
iki həftə çalışmalıyam. Öncədən İnternetdən öyrəndiyim
bilgidən yararlanaraq dedim ki, oxu zalınız həftənin
2-ci və 4-cü günləri işləmir, deməli, iki həftədə yalnız
6 gün işləyə bilərəm; bundan başqa, hər araşdırıcıya
gündə yalnız 5 iş verirsiniz; deməli, 6 gündə maksimum
30 işlə tanış olmalıyam və bu şərtlər daxilində nəsə
ciddi bir nəticə əldə etməyim mümkün deyil. Direktordan
xahiş etdim ki, həftənin 2-ci və 4-cü günləri də
çalışmağıma və gündə 15 işlə tanış olmağıma icazə
versin.
Vera Petrovna, gerçəkdən, çox ziyalı bir rəhbərmiş!
Azərbaycana və azərbaycanlılara dərin hörmət bəslədiyini
bildirdi, yanımdaca arxivin informasiya və arxiv
sənədlərindən istifadə bölümünün müdiri Janna
Pavlovna Serqa’nı
çağıraraq mənə hər cür şərait yaradılmasını tapşırdı.
Bundan sonra mən iki həftədə 10 gün işləmək və 150 işlə
tanış olmaq imkanı qazandım. Məncə, bu, arxivin
araşdırıcılara xidməti tarixində ilk belə ciddi
istisnaydı!
Xoşbəxtlikdən, Kiyev arxivinin başqa işçiləri də həddən
artıq qayğıkeş çıxdılar. Bölüm müdiri Janna Pavlovna da
öz növbəsində mənə əlindən gələn yardımı göstərdi,
istədiyim bütün materialların mənə vaxtında
çatdırılmasına şəxsən nəzarət etdi. O, oxu zalının
məzuniyyətdə olan müdirini bu gündən əvəz etməyə
başlamış (mənim bəxtimdən!) Sergey Yuryeviç Karamaş’dan
mənə özəl münasibət bəsləməyi xahiş etdi.
Sergey Karamaş
J.P.Serqanın başçılıq etdiyi bölümün böyük elmi işçisi,
"Sənədli yaddaş xəzinəsi" Klubunun prezidenti, Ukrayna
radiosunun "Kiyevin səsi" verilişində arxivlərlə bağlı
rubrikanın aparıcısı, "Kiyev: Sənədli yaddaş xəzinəsi"
toplusunun redaktoru, bir çox dəyərli kitabların
müəllifi olan tarixçi Sergey Yuryeviç Karamaş
sözün yaxşı anlamında möcüzə bir insandır. Ömrünün 34
ilini bu arxivə həsr etmiş Sergey görkəmli Ukrayna və
rus yazıçısı N.V.Qoqolun soyundandır, hətta yandan
baxdıqda sanki Qoqolu görürsən. Ukraynada Kiyevin
tarixini onun qədər bilən və sevən ikinci şəxsin ola
biləcəyinə inanmağım gəlmir. Adam canlı ensiklopediyadır
- Kiyevlə bağlı bilmədiyi şey yoxdur. Millətçiləri
xoşlamadığını hiss etdirsə də özünün alovlu Ukrayna
millətçisi və vətənpərvəri olduğu göz qabağındadır.
Arxivçi kimi də əvəzi yoxdur - hansı sənədin harada
olduğunu əzbər bilir.
Bu arxivdə axtarışlara boşuna vaxt itirmədən səmərəli
çalışmağımda Sergeyin misilsiz xidməti oldu. O, ilk
növbədə baxılmalı ən vacib siyahılarla məni tanış etdi,
halbuki onları tapmağa mən günlərcə vaxt itirməliydim.
Mənə nə lazım olduğunu işarədən anlayır, tez-tez
dalbadal "da, da, da, da...", "dobro" (yaxşı) deyir,
istəyimi anındaca yerinə yetirir, bir-birinin dalınca
qalın-qalın siyahıları yorulmadan, usanmadan daşıyıb
gətirir, mənim sevindiyimi görüncə özü də şad olurdu.
İlk günlər elə bildim ki, yalnız mənə münasibətdə
belədir, sonra gördüm ki, hər gün ağzınacan
dolub-boşalan oxu zalının bütün oxucularına eyni
qayğıkeşliklə yanaşır. O, elə bil, uçan adamdı - on-on
beş oxucuya eyni zamanda sənədləri sürətlə aparır,
verilən və qaytarılan işləri, üzü çıxarılacaq vərəqləri
qeydə alır, araşdırıcıların saysız-hesabsız sorğularını
cavablandırır, onlara istiqamət verirdi. Bu qədər işi
necə çatdırdığına mat qalırdım. O, elektrik enerjisinə
ciddi qənaət edirdi - oxu zalıyla üzbəüz otağından hər
dəfə çıxanda (bu isə gündə yüz dəfə olurdu!) işığı
hökmən söndürürdü.
Sergeylə çox tez dostlaşdıq. Mənim xahişimlə
bir-birimizə müraciətdə "Siz"dən "sən"ə keçdik.
Şənbə-bazar günləri şəhəri birgə gəzməyə çıxdıq, görməli
tarixi yerlərlə məni tanış etdi. (Ukraynadan dönəndən
sonra da əlaqələrimiz davam etməkdədir).
Darayıcıda problem
Arxivdə işlərim əla gedirdi. Direktor Vera Petrovna
istədiyim qədər surət çıxarmağa icazə vermişdi. Bundan
yararlanaraq ilk günlər yüzlərcə səhifənin üzünü
çıxarmağı sifariş etdim. Ancaq bir azdan Sergey çox
nəzakətlə sifarişləri mümkün qədər azaltmağımı xahiş
etdi. Bəlli oldu ki, birincisi, arxiv işçilərinin çoxu
məzuniyyətdə olduğuna görə darayıcıda (skanerdə) surət
çıxaran Olqa Viktorovna adlı xanım başqa işləri
də görməyə məcburdur; ikincisi, məndən başqa da sifariş
verənlər çoxdur və xanım onların hamısını çatdıra
bilmir. Ancaq üçüncü səbəb daha önəmliydi - arxivin
bilgisayarı və darayıcısı həddən artıq köhnə olduğuna
görə bir səhifəni darayıcıdan keçirib bilgisayara
ötürmək yarım saatadək vaxt aparır! (Yeni texnika almağa
arxivin büdcəsində yetərincə vəsait olmadığına görə mən
Bakı ilə danışaraq Təhsil Nazirliyimizin xəttiylə onlara
müasir bir bilgisayar və darayıcı bağışlamağa boyun
oldum. Bakıya gəldikdən sonra nazir Misir Mərdanov da
təşəbbüsümü bəyəndi).
Bundan sonra sifarişlərin sayını azaltmağa, daha çox
dəftərdə qeydlər aparmağa məcbur oldum.
Fasiləsiz işləməyin bəhrəsi
Qarşıda 10 iş günü dursa da, siyahıda xeyli tələbəmizin
adı vardı və onların hamısıyla tanışlıq olduqca gərgin
iş tələb edirdi. Sənədlərlə hər gün saat 10-dan 16-yadək
fasiləyə çıxmadan tanış olsam da, boynuma alıram ki, 15
işin hamısını gözdən keçirib qeydlər aparmağa bəzən vaxt
çatmır, bir-iki iş sabaha qalırdı. Belə gərgin
çalışmağın sayəsində Kiyevin ali məktəblərində oxumuş
aşağıdakı tələbələrimizin şəxsi işlərini araşdıra
bildim. (Kursivlə seçdirilənlər Ukrayna arxivlərindən
yeni tapılan tələbələrdir. Siyahı tələbələrin şəxsi
işlərinin ardıcıllığına görə tərtib edilib).
Kiyev Müqəddəs Vladimir Universiteti
1. Allahverdibəyov Abbas bəy Hacı Baxşəli bəy oğlu
(Aralıq k./Şərur)
2. Əlibəyov Bəylər bəy İbrahim bəy oğlu (Dədəli
k./Füzuli r.)
3. Axundzadə Rəşid bəy şeyxülislam Axund Əbdüssalam oğlu
(Salyan)
4. (Mirzə)bağırbəyov Əbülfət bəy Hacı İsmayıl bəy oğlu
(İrəvan)
5. Bayraməlibəyov Şirəli bəy Ağababa bəy oğlu
(Yeddioymaq/Lənkəran)
6. Həmzəyev Cahangir İsmayıl oğlu (Gəncə)
7. Qasımbəyov Əbdüssəttar bəy İbrahim bəy oğlu (Bakı)
8. Qazıyev Teymur bəy Ağa bəy oğlu (Gəncə)
9. Qazıyev Əkbər bəy Hüseyn bəy oğlu (İrəvan)
10 .Quluyev Mustafa Zəkəriyyə oğlu (Şəki)
11. Məhəmmədov Nadir Cəlil oğlu (Gəncə)
12. Məhəmmədbəyov Müğbil xan Rüstəm xan oğlu (İrəvan)
13. (Məhəmmədov) Xəlil Məhəmmədbağır oğlu (İrəvan)
14. (Mirzə)bağırbəyov Ağa bəy Hacı İsmayıl bəy oğlu
(İrəvan)
15. Ağabababəyov-Muğanlinski Adil bəy Abbasəli bəy oğlu
(İrəvan)
16. Nəbiyev Mahmud Əbdürrəhim oğlu (Şəki)
17. Rəcəbov Məcid Hacı Məhəmməd oğlu (İrəvan)
18. Sultanov Əliqulu bəy Əli bəy oğlu (Akarak k./İrəvan)
19. Şahsuvarov Nurməhəmməd bəy Adilxan oğlu
(Şahsuvarlı/Zəngəzur)
20. (Ordubadski) Hacıyev-Zeynalabdinbəyov Firuz bəy
Mehdi bəy oğlu (Ordubad)
21. Sultanhüseynbəyov İsmayıl bəy (İrəvan)
22. Rəhimov Ağaverdi Hacı Yarəli oğlu (Balaxana/Bakı)
23. Ağayev Baxış bəy Hüseyn bəy oğlu (Şuşa)
24. Ağahüseynov Yaqub Rəhim oğlu (Gəncə)
25. Əliyev Əlimuxtar Kərbəlayı Ağakişi oğlu (Bakı)
26. Əliyev Şövkət Məşədi Abdulla oğlu (Gəncə)
27. Əliyev Məcid Əbdürrəhim oğlu (Marağa k./Dağıstan)
28. Əlibəyov Əli bəy Qulu bəy oğlu (Dədəli k./Füzuli r.)
29. Əli Kərbəlayı Abbas oğlu (Naxçıvan)
30. Əlibəyov Umud bəy Səlim bəy oğlu (Keşlə/Bakı)
31. Əliyev Rüstəm Məşədi Səlim oğlu (Şuşa)
32. (Allahverdiyev) Əliheydər Allahverdi oğlu (Bakı)
33. Allahverdibəyov (Allahverdiyev) Həmid bəy Hacı
Baxşəli bəy oğlu (Aralıq k./Şərur)
34. Əsgərov Abbas Əsgər oğlu (Gəncə)
35. Aslanov Əmir bəy Zəkəriyyə bəy oğlu (Şuşa)
36. Axundov Rüstəm bəy Heydər bəy oğlu (Şamaxı)
37. Həmzəyev Sadulla Hacı Baba oğlu (Dərbənd)
38. Hüseynov Məhəmmədsadıq Hacı Cavad oğlu (Bakı)
39. Cəfərov Məhəmmədsadıq Kərbəlayı Ağaverdi oğlu (Bakı)
40. Cəbiyev Məhəmməd Hacı Babacan oğlu (Balaxana/Bakı)
41. İbrahimbəyov İsfəndiyar Mirzə Məhəmmədbağır oğlu
(Şuşa)
42. İbrahimov Müğbil Hacıbaba oğlu (Tiflis)
43. İsrafilbəyov Mövsüm bəy Nəcməddin bəy oğlu (Şamaxı)
44. Qədimov Məhəmmədismayıl Allahverdi bəy oğlu
(Naxçıvan)
45. Qədimov Adıgözəl Allahverdi oğlu (Naxçıvan)
46. Kazımov Ağahüseyn Hacı Ələsgər oğlu (Bakı)
47. Makinski Əli bəy İbrahim bəy oğlu (İrəvan)
48. Mahmudbəyov Lətif bəy Əsədulla bəy oğlu (Şamaxı)
49. Musabəyov-Əfəndiyev Qəzənfər Mahmud ağa oğlu
(Pirəbədil k./Quba)
50. Əlinağı Musa oğlu (Gəncə)
51. Nərimanbəyov Fərman Əmir bəy oğlu (Şuşa)
52. Rzayev Mirzəəhməd Hacı Əsəd oğlu (Dərbənd)
53. Rüstəmbəyov Şəfi bəy Mustafa bəy oğlu (Aydınqışlaq
k./Qəbələ)
54. Sadıqov Cəmil Məşədi Əli oğlu (Şuşa)
55. Salehov Yusif Hacı Rza oğlu (İrəvan)
56. Sultanov Məhəmmədtağı Folad oğlu (Tiflis)
57. Sultanov Abbas bəy Ağalar bəy oğlu (Qubadlı)
58. Tağıyev Məhəmmədtağı Məşədi Baxış oğlu (Şamaxı)
59. Talışxanov Mirmustafa xan Mircavad xan oğlu
(Lənkəran)
60. Talışınski Mirəbülfət xan (Ağa xan) Mirrza xan oğlu
(Lənkəran)
61. Topçubaşov Mustafa bəy Ağa bəy oğlu (İrəvan)
62. Yaqubov Mirəbdülxalıq Mirqasım oğlu (Bakı)
63. Axicanov Müseyib bəy Qəhrəman bəy oğlu (Salyan)
İmperator III Aleksandr adına Kiyev Politexnik İnstitutu
64. Ağayev İsrafil Ağa oğlu (Qarğabazar k./Qarabağ)
65. Əliyev Abbasmirzə Əhməd oğlu (Şamaxı)
66. Axundov Ağa Əbdülxalıq oğlu (Şamaxı)
67. Vəlibəyov Mahmud bəy Həsənəli bəy oğlu (Xocalı/Şuşa)
68. Qasım oğlu (Hacı Molla Qasım oğlu) Nəcəfqulu
Məhəmmədsadıq oğlu (Bakı)
69. Həmzəyev Şəmşad İsmayıl oğlu (Gəncə)
70. İbrahimov Abbasqulu Hacı Paşa oğlu (Gəncə)
71. Qədimbəyov Cahangir bəy Əliəkbər bəy oğlu
72. Mahmudbəyov Şamil bəy Həbib bəy oğlu (Şamaxı)
73. Mustafayev Ağacəfər Kərbəlayı Əbdülbağı oğlu (Bakı)
74. Nağıyev Hüseyn Hacı Musa oğlu (Gəncə)
75. Rəhimzadə Abdulla Məhəmməd oğlu (Gəncə)
76. Sadıqov Cəlil Məhəmməd oğlu (Şuşa)
77. Talışınski Mirabbasqulu xan Mirzə xan oğlu
(Lənkəran)
78. Tarıverdiyev Hidayət Zülfüqar oğlu (Şuşa)
79. Umudov Mirzə Mənsur İbrahim oğlu (Daşkənd)
80. Seyidzadə Mirismayıl Seyid Əhməd oğlu (Gəncə)
Kiyev Kommersiya İnstitutu
81. Vəliyev (Vəlibəyov) Məhəmmədhəsən Nəcəfqulu bəy oğlu
(Şuşa)
82. Quluyev Əliəkbər İslam oğlu (Bakı)
83. Qazıxanov Məhəmmədsəfa
84. Talışınski Mirisgəndər xan (Lənkəran)
Kiyev Konservatoriyası
85. Vəzirov Cəmil bəy İsmayıl bəy oğlu (Şuşa)
Siyahıdan da göründüyü kimi, tələbələrin əksərinin şəxsi
işi ilk dəfə araşdırılıb.
Bunu da bildirməyə borcluyam ki, arxiv rəhbərliyi bütün
istəklərimi gerçəkləşdirmək üçün nə qədər qayğıkeşlik
göstərsə də, özüm də var gücümlə, fasiləsiz nə qədər
işləsəm də Kiyev Şəhəri Dövlət Arxivindəki
tələbələrimizin bütün şəxsi işləriylə tanış olmağa vaxt
çatmadı. Özəlliklə Kiyev Universitetinin xeyli tələbəsi
öyrənilməmiş qaldı. Məncə, bir həftə də eyni qaydada
çalışılsa, Kiyevdə oxumuş bütün tələbələrimizi əhatə
etmək olar.
(Ardı gələn sayımızda)
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
adalet_tahirzade@yahoo.com
Tel.: +994-50-612-68-13 |