Lənkəran
Dövlət Universitetində Azərbaycanda "Türkiyə həftəsi"
çərçivəsində "Türkiyə-Azərbaycan münasibətləri regional
hadisələr kontekstində" mövzusunda konfrans
keçirilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət
Universiteti və AMEA Lənkəran Regional Elm Mərkəzi ilə
birgə keçirilən konfransı ali məktəbin rektoru,
fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi,
professor Asəf İsgəndərov açmışdır.
Türkiyənin və Azərbaycanın Dövlət himnləri səslənmişdir.
Lənkəran ŞİH başçısının humanitar məsələlər üzrə müavini
Vüsal Nəsirli icra hakimiyyəti başçısının təbrikini
çatdırmış və konfransın işinə uğurlar arzulamışdır.
Konfransda Türkiyə-Azərbaycan dostluq münasibətləri,
elm, təhsil, mədəniyyət, iqtisadi-siyasi əlaqələr barədə
müzakirələr aparılmışdır. Qeyd edilmişdir ki,
Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə
Respublikası olmuşdur. Türkiyə-Azərbaycan münasibətləri
qardaşlıq və dostluq üzərində qurulmuşdur.
Bildirilmişdir ki, Lənkəran Dövlət Universitetinin
Türkiyə ali məktəbləri ilə əlaqələri ildən-ilə
genişlənir. Lənkəran Dövlət Universiteti Ankara
Universiteti, Fateh Universiteti, Çukurova Universiteti,
İzmir Universiteti və Azərbaycanın Qafqaz Universiteti
ilə sıx tədris, elmi əməkdaşlıq edir. Universitet
həmçinin Türk dilli Ölkələrin Universitetləri
Assosiasiyasının üzvüdür. Ümummilli liderimiz Heydər
Əliyev 16 mart 2001-ci ildə Ankara Universitetində
çıxışında Türkiyə ali məktəbləri ilə elm və təhsil
sahəsində yaxşı əlaqə yaradan Bakı Dövlət Universiteti
və Naxçıvan Dövlət Universiteti ilə birgə bir sırada
Lənkəran Dövlət Universitetinin də adını çəkmişdir.
Qeyd olunmuşdur ki, Lənkəran Dövlət Universitetinin
müəllimləri və tələbələri Türkiyə ali məktəblərində
təcrübə mübadiləsində olmuşlar. Fəaliyyət göstərdiyi
ildən indiyədək universiteti 100-dək Türkiyə vətəndaşı
bitirmişdir. Onların arasında bakalavr, magistrant və
doktorantlar vardır. 2012-ci il sentyabr ayından
Lənkəranda Türkiyə Respublikasının fəxri konsulluğunun
açılması universitet kollektivinin də ürəyindən
olmuşdur. Türkiyənin Azərbaycandakı səfiri, elm və
mədəniyyət xadimləri Lənkərana səfərləri zamanı rayonda
elm və təhsil istiqamətində aparılan işlərlə də yaxından
maraqlanmışlar.
Konfrans iştirakçılarının diqqətinə çatdırıldı ki,
universitetdə təbiət, humanitar və pedaqoji elmlər,
iqtisadiyyat və idarəetmə, əlavə təhsil fakültələri,
magistratura və doktorantura şöbəsi, 11 kafedra, 1
elmi-tədqiqat laboratoriyası, 14 tədris laboratoriyası
və mərkəzləri, elmi kitabxana, idman kompleksi, ən
müasir avadanlıqla təchiz olunmuş elektron təhsil
şəbəkəsi fəaliyyət göstərir. Universitetdə riyaziyyat və
informatika, kimya və biologiya, tarix və cografiya,
Azərbaycan dili və ədəbiyyat, ingilis dili və ədəbiyyatı
ixtisasları üzrə müəllimlər, kompüter elmləri, tərcümə,
mühasibat uçotu və audit, biznesin idarə olunması,
iqtisadiyyat, istehsal və xidmət sahələrinin
iqtisadiyyatı və idarə olunması, ekologiya və s.
ixtisaslar üzrə mütəxəssislər hazırlanır.
Konfransda Prezident yanında Strateji Araşdırmalar
Mərkəzinin Türkiyə üzrə koordinatoru Cavid Vəliyev,
Türkiyə Respublikasının millət vəkili Tülay Salamoğlu,
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil
Mustafa, Türkiyə Respublikası Uludağ Universitetinin
müəllimi Fərhad Pırinççi, ekspert Ufuk Ulitas, Türkiyə
Respublikası Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor
müavini Kamer Kasım, Lənkəran Dövlət Universitetinin
müəllimləri - filologiya elmləri üzrə fəlsəfə doktoru,
dosent Yədulla Ağazadə, tarix elmləri üzrə fəlsəfə
doktoru, dosent Rakif İbadov çıxış edərək
Türkiyə-Azərbaycan əlaqələrindən danışdılar. Qeyd edildi
ki, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədidir.
Müstəqilliyimizin ilk günlərindən Azərbaycanla birgə
olan Türkiyə bundan sonra da Azərbaycanla birgə olmağa
davam edəcəkdir.
Konfransda hər iki ölkənin yüksək səviyyəli dövlət
rəsmiləri, siyasi partiya rəhbərləri və ictimaiyyətin
nümayəndələri iştirak edirdilər.
Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universitetinin Mətbuat və informasiya
xidmətinin rəhbəri |