Naxçıvan Dövlət Universitetində bu ali məktəbin
yaradılmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri
keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik
İsa Həbibbəyli Naxçıvan elmi ictimaiyyətini, universitet
kollektivini və çoxsaylı tələbə kontingentini yubiley
münasibətilə təbrik etdi.
Rektor
bu ali məktəbin 1967-ci ildə Azərbaycan Pedaqoji
İnstitutunun Naxçıvan filialı kimi 3 müəllim, 102
tələbə ilə fəaliyyətə başladığını, 12 iyul 1972-ci
ildən Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji
İnstitutu kimi müstəqil ali məktəbə çevrildiyini, 29
dekabr 1990-cı il tarixdən universitet kimi fəaliyyət
göstərdiyini xatırlatdı. Qeyd olundu ki, ümummilli
lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamı
olaraq bu gün Naxçıvanda möhkəm milli əsaslara malik,
güclü maddi-texniki bazası olan müasir tipli universitet
formalaşmışdır. Hazırda 376 müəllimin çalışdığı
universitetdə bu gün 10 fakültədə 52 ixtisas üzrə
5000-dən yuxarı tələbə təhsil alır. Universitetdə
elmi-pedaqoji fəaliyyətlə məşğul olan 376 əməkdaşdan 2
nəfəri akademik, 4 nəfəri AMEA-nın müxbir üzvü, 31
nəfəri elmlər doktoru, 202 nəfəri fəlsəfə doktorudur.
Dünyanın müxtəlif ölkələrinin 70-dən çox tanınmış
universitetləri ilə beynəlxalq əməkdaşlıq edən NDU-da
200-dən artıq xarici vətəndaş təhsıl alır. Universitetin
30 mindən çox məzunu nəinki Azərbaycanda, müxtəlif
ölkələrdə universiteti layiqincə təmsil edirlər. Dünya
universitetləri səviyyəsində inkişaf etməkdə olan bu ali
məktəb regionun elmi kadr potensialı, yüksək ixtisaslı
mütəxəssislərlə təmin olunmasında əsas rola malikdir.
Tezliklə Boloniya sisteminə keçidin tam təmin olunması
tədrisin Avropa standartlarına uyğun təşkilinə təminat
verəcək. Universitetdə 3 İnternet mərkəzi, "Qeyrət"
nəşriyyatı, Media mərkəzi, televiziya studiyası,
"Nuhçıxan" radiosu, "Elmi əsərlər" jurnalı, "Fikir"
informasiya bülleteni, "Yeni fikir" qəzeti vardır.
NDU-da elmdə, təhsildə ən müasir texnologiyaların
tətbiqinə geniş meydan açılmışdır. 2010-cu ildən
istifadə olunan WI-FI simsiz kampus İnternet şəbəkəsi
universitetin virtual imkanlarını hüdudsuz şəkildə
genişləndirmişdir. Universitet Avropa Rektorlar
Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara
Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək
Yolu Universitetlər Cəmiyyətinin, Beynəlxalq Turizm
Akademiyasının və Qafqaz Universitetlər Birliyinin
üzvüdür.
Rektor, akademik İsa Həbibbəyli Naxçıvanda yeganə dövlət
ali təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinin
bugünkü inkişafında ilk müəllimlərin, müxtəlif illərdə
buraya rəhbərlik edən rektorların, indiki
professor-müəllim heyətinin böyük rol oynadığını,
dövlətimiz tərəfindən universitet əməkdaşlarının
əməyinin yüksək qiymətləndirildiyini bildirdi. Ümummilli
lider Heydər Əliyevin, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda
universitetdə olması, kollektivlə səmimi görüşləri, bu
ali təhsil ocağının 25, 30 və 40 illik yubileylərinin
dövlət səviyyəsində qeyd olunması universitet tarixinın
şanlı səhifələridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif
Talıbov 2012-2013-cü tədris ilinin başlanması
münasibətilə universitetin pedaqoji, təbiətşünaslıq və
kənd təsərrüfatı fakültələrinin yeni tədris korpusunun
açılış mərasimində 45 illik tarixə malik Naxçıvan Dövlət
Universitetinin Azərbaycan ali təhsil sistemində,
Naxçıvanda cəmiyyət həyatının inkişafında, elmi,
iqtisadi və mədəni tərəqqidə rolunu yüksək
qiymətləndirmişdir. Muxtar respublikada elmin və
təhsilin inkişafına göstərilən hərtərəfli dövlət
qayğısı, universitetdə günbəgün daha geniş vüsət alan
quruculuq işləri, maddi-texniki bazanın artırılması
kollektiv qarşısında böyük məsuliyyət qoyur.
Universitetin çoxminli kollektivi bundan sonra da milli
elmin və təhsilin tərəqqisi istiqamətində əzmlə
çalışacaq, milli mənafeyə və müstəqil dövlət
quruculuğuna xidmət edəcək.
Sonda rektor, akademik İsa Həbibbəyli universitetin
yaradılmasının 45 illiyi münasibətilə ilk müəllimlərdən
olan professor Yavuz Axundlunu, Zemfira Əhmədovanı,
Əkbər Süleymanovu, Əkbər Əliyevi fəxri fərmanlarla
təltif etdi.
Daha sonra universitetin ilk prorektoru işləmiş,
Azərbaycan ədəbiyyatı kafedrasının professoru,
filologiya elmləri doktoru, Prezident təqaüdçüsü Yavuz
Axundlu, universitet məzunlarından Naxçıvan Yazıçılar
Birliyinin sədri, Naxçıvan MR Ali Məclisinin deputatı
Asim Yadigar və Naxçıvan Müəllimlər İnstitutunun tədris
işləri üzrə prorektoru, filologiya elmləri doktoru Akif
İmanlı, universitetin rus dili və ədəbiyyatı
kafedrasının baş müəllimi, qocaman pedaqoq Əkbər
Süleymanov, ümumi riyaziyyat kafedrasının dosenti,
riyaziyyat üzrə fəlsəfə doktoru Miryasin Eminov çıxış
edərək Naxçıvan Dövlət Universitetinin Naxçıvanda
elmi-pedaqoji mühitin formalaşmasında mühüm rol oynayan
elm, mədəniyyət, ictimai fikir mərkəzi olduğunu
vurğuladılar. Qeyd olundu ki, Azərbaycanın aparıcı ali
təhsil müəssisələrindən olan bu ali məktəb yüksək
ixtisaslı mütəxəssislərin yetişməsində, regionun elmi
potensialının inkişafında özünəməxsus rol oynayır.
Yubiley tədbiri incəsənət fakültəsinin, universitetin
müxtəlif mədəniyyət kollektivlərinin rəngarəng konsert
proqramı ilə davam etdi. Konservatoriyanın dekanı,
Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz
Əsgərovun, Azərbaycan Respublikasının əməkdar artisti
Gülyanaq Fərzəliyevanın, xalq çalğı alətləri
kafedrasınını müəllimi Zeynəb Yusifovanın, Naxçıvan
Muxtar Respublikasının əməkdar artisti Validə
Hüseynovanın rəhbərlik etdiyi xarici tələbələrdən ibarət
vokal qrupunun ifaları, Azərbaycan Respublikasının
əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərlik
etdiyi "Yallı" rəqs qrupunun təqdim etdiyi rəqslər,
şeir çələngi tədbir iştirakçılarına bayram
əhvali-ruhiyyəsi bəxş etdi. Yubiley tədbirində
universitetin tarixi inkişaf yolunu əks etdirən
slaydlar, kitab sərgisi də nümayiş olundu.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |