Sentyabrın
26-da təhsil naziri Misir Mərdanov Qafqaz
Universitetinin rektoru Ahmet Saniç və Orta Doğu Texniki
Universiteti texnoparkının müdir müavini Ufuk Bulut ilə
görüşüb.
Görüşdə Qafqaz Universitetində Orta Doğu Texniki
Universitetinin dəstəyi ilə texnoparkın yaradılması
məsələsi müzakirə olunub.
Qonaqları salamlayan təhsil naziri Azərbaycanla Türkiyə
arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə,
eləcə də təhsil sahəsində sürətlə inkişaf etdiyini
bildirib. Misir Mərdanov Qafqaz Universitetində
texnoparkın yaradılması təşəbbüsünün təqdirəlayiq
olduğunu bildirib, bu təcrübəni Azərbaycanda ali
təhsilin inkişafına yeni bir töhfə kimi dəyərləndirib.
Qafqaz Universitetinin rektoru Ahmet Saniç Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə aparılan
əməkdaşlıq çərçivəsində ilkin olaraq Sumqayıt
texnoparkından istifadə olunmasının nəzərdə tutulduğunu
vurğulayıb. Bununla yanaşı, rektor Orta Doğu Texniki
Universiteti texnoparkının yaradılması təcrübəsindən
istifadə etməklə Qafqaz Universitetində müvafiq
strukturun fəaliyyətinin təşkili məsələsinin müzakirə
olunduğunu söyləyib.
Orta Doğu Texniki Universiteti texnoparkının müdir
müavini Ufuk Bulut Türkiyədə ötən əsrin ikinci
yarısından vüsət alan sənayeləşmənin texniki ali
məktəblərin fəaliyyətinin istehsalata uyğun qurulması
ilə nəticələndiyini bildirib. Ali təhsil müəssisələrində
aparılan elmi-tədqiqatların nəticələrinin istehsalat
sahələrinə tətbiqinin əhəmiyyətindən bəhs edən qonaq,
həmçinin peşəkar mütəxəssislərin yetişməsində bu
təcrübənin əvəzsiz rol oynadığını vurğulayıb.
Azərbaycan üçün yeni olan bu təşəbbüsün uğurlu nəticələr
verəcəyinə inamını ifadə edən Misir Mərdanov bu
təcrübədən gələcəkdə digər ali məktəblərin də
bəhrələnəcəyinə ümidvar olduğunu bildirib. Nazir,
həmçinin ali məktəblərin texnoparklarının olmasını əlavə
maliyyə təminatı, elmi-tədqiqatların səmərəliliyinin
artırılması və stimullaşdırılması baxımından yüksək
qiymətləndirib. |