Azərbaycanın
İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı əlaqələrində
təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən
nazir, həmçinin İSESKO ilə səmərəli əməkdaşlığın
təşəkkül tapdığını nəzərə çatdırıb. İslam Əməkdaşlıq
Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə
görüşlərini xatırlayan təhsil naziri islam ölkələrinin
münasibətlərinin daha da möhkəmlənməsində İƏT-in
müstəsna rol oynadığını bildirib.
İslam ölkələrinin mövcud əməkdaşlığının real potensiala
cavab vermədiyini qeyd edən Misir Mərdanov birgə
beynəlxalq konfrans və simpoziumların təşkilinin
mümkünlüyü məsələsinə toxunub. Nazir bildirib ki, ali
təhsil müəssisələri, elm adamları arasında əməkdaşlığın
genişləndirilməsi sayəsində İƏT-ə üzv ölkələrdə
elmi-texniki tərəqqini, universitetlərin nüfuzunun
yüksəlməsini, elmi-intellektual potensialın inkişafını
təmin etmək olar. Bu baxımdan İƏT-ə üzv ölkələrin ali
məktəblərinin reytinq sıralamasının aparılması işinin
təşkili məsələsinə toxunan təhsil naziri yalnız sağlam
rəqabət mühitində dünya səviyyəli ali məktəblər
yaratmağın mümkün olduğunu vurğulayıb.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova
təşəkkürünü bildirən İslam Əməkdaşlıq Təşkilatı baş
katibinin müavini Abdul Moiz Buxari İƏT-ə üzv ölkələr
arasındakı əlaqələrdə elm və təhsil sahəsində
əməkdaşlığın əhəmiyyətinə toxunub. İƏT-in fəaliyyət
istiqamətləri və nəzərdə tutulmuş strateji proqramları
barədə məlumat verən qonaq islam ölkələrində elm, təhsil
sahəsinə ayrılan vəsaitlərin həcmini əks etdirən
göstəriciləri nəzərə çatdırıb.
İƏT-ə üzv olan zəif inkişaf etmiş ölkələrdən tələbələrin
təqaüdlər hesabına daha inkişaf etmiş islam ölkələrində
təhsil alması üçün atılan addımlardan söhbət açan Abdul
Moiz Buxari bu baxımdan da Azərbaycanla əməkdaşlıqda
maraqlı olduqlarını vurğulayıb. Qonaq İƏT-in nəzərdə
tutduğu layihələrin uğurla nəticələnməsində Azərbaycanın
özünəməxsus rolunu xüsusi qeyd edib və gələcək
əlaqələrin inkişafına əmin olduğunu bildirib.
Ölkəmizin İƏT çərçivəsində əməkdaşlıqda hər zaman fəal
olduğunu önə çəkən Misir Mərdanov perspektiv layihələrin
Azərbaycanda rəğbətlə qarşılanacağına inamını ifadə
edib. Həmçinin nazir Azərbaycanın elm və təhsil
sahəsində əlaqələrin inkişafına xüsusi önəm verdiyini
nəzərə çatdıraraq digər ölkələrlə qarşılıqlı təcrübə
mübadiləsinə maraq göstərdiyini vurğulayıb.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra
digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|