Sentyabrın
26-da təhsil naziri Misir Mərdanov Hindistan
Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Vinod Kumar ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov Azərbaycanla Hindistan
arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafı,
əlaqələrin genişləndirilməsi perspektivlərindən söhbət
açıb. Ölkələrimiz arasında mövcud olan dostluq
ənənələrinə toxunan nazir elm və təhsil sahəsində
ikitərəfli əlaqələrin inkişafı üçün mövcud potensialdan
səmərəli istifadə olunmasının zəruriliyini vurğulayıb.
Azərbaycanda hələ sovetlər dövründən Hindistana böyük
ictimai marağın olduğunu qeyd edən təhsil naziri birgə
elmi konfrans və simpoziumların təşkilinin mümkünlüyü
məsələsinə diqqət çəkib.
Səfir Vinod Kumar səmimi qəbul üçün Misir Mərdanova
minnətdarlığını bildirib, iki ölkə arasında elm və
təhsil sahəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini
bildirib. Ölkəsinin ali təhsil ocaqları, elmi-tədqiqat
müəssisələri haqqında ətraflı məlumat verən qonaq birgə
elmi konfrans və simpoziumların keçirilməsi təklifini
dəstəkləməyə hazır olduqlarını söyləyib. Hindistanın
nüfuzlu ali təhsil müəssisələrinin məzunlarının hazırda
dünyanın tanınmış şirkətlərində çalışdıqlarını nəzərə
çatdıran səfir Azərbaycanla tələbə mübadiləsinin
aparılmasında da maraqlı olduqlarını qeyd edib.
Daha sonra görüşdə iki ölkə arasında elm və təhsil
sahəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri,
kadr hazırlığı və digər məsələlərlə bağlı fikir
mübadiləsi aparılıb. |