Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330
nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir.
Ötən il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin
sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən
müşavirədə dövlətimizin başçısı paytaxtətrafı
qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı
tapşırıqlar vermişdi. Tapşırıqların icrası ilə yerindəcə
tanış olmaq üçün ötən il aprelin 4-də Prezident İlham
Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində olmuşdu.
Burada qəsəbə ictimaiyyətinin nümayəndələri ilə görüşdə
sakinlər dövlətimizin başçısından məktəb binasının
tikilməsi barədə xahiş etmişdilər.
Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli
sərəncamına əsasən qəsəbədə ümumtəhsil məktəbi binasının
tikintisi üçün iki milyon manat vəsait ayrılmışdır.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi.
Azərbaycan Prezidentinə məlumat verildi ki, ümumi sahəsi
üç hektar olan məktəbin üçmərtəbəli binasında hər cür
şərait yaradılmışdır. Məktəbin inşasına ötən il
başlanılmışdır. Tikinti işləri qısa zamanda yüksək zövq
və keyfiyyətlə aparılmışdır.
Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və
Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına
göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə
yaradılmışdır.
Diqqətə çatdırıldı ki, 880 şagird yerlik bu təhsil
ocağında 48 sinif otağı vardır. Altı min ədəbiyyat
fonduna malik müasir kitabxanada müxtəlif sahələrə aid
zəruri kitablar toplanmışdır. Burada, həmçinin
şagirdlərin peşə hazırlığının yüksək səviyyədə təşkili
diqqət mərkəzində saxlanılacaqdır. İbtidai sinif
şagirdləri üçün yaradılan oyun otağında balacalar asudə
vaxtlarını səmərəli keçirə biləcəklər. Məktəbdə şahmat
otağı və sinifdənkənar işlər üçün xüsusi kabinetlər də
vardır. Şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi və
təhsil almasına da xüsusi diqqət yetirilmişdir. Hərbi
vətənpərvərlik otağında ordumuzun qüdrətinin artırılması
üçün dövlətimizin həyata keçirdiyi tədbirləri əks
etdirən fotolar yer almış, milli qəhrəmanlarımızla bağlı
guşə yaradılmışdır.
Bildirildi ki, məktəbdəki şərait təlim-tərbiyə işinin və
tədris prosesinin ən yüksək səviyyədə aparılmasına imkan
verir. Məktəbdə linqafonla təchiz olunmuş informatika
otağında ən son texniki avadanlıq quraşdırılmışdır.
Burada 30 kompüterin olduğu iki zal da şagirdlərin
ixtiyarına verilmişdir. Məktəbdə stomatoloq və psixoloq
kabinetləri də fəaliyyət göstərəcəkdir. Yeni təhsil
ocağında ən son texniki avadanlıqla təchiz olunmuş
fizika və kimya laboratoriyaları vardır. Məktəbdəki
müxtəlif fənn kabinetləri də zəruri əyani vəsaitlə təmin
olunmuş, sinif otaqlarında elektron lövhələr
quraşdırılmış, şagirdlərin istirahət otaqları
yaradılmışdır. Məktəbin akt zalı da müasir səviyyədə və
nəfis tərtibatda inşa olunmuşdur. Akt zalında məktəblə
yanaşı, qəsəbə üzrə mədəni-kütləvi tədbirlər keçirmək
üçün imkan vardır.
Vurğulandı ki, təhsil ocağında şagirdlərin normal
qidalanmaları üçün yüksək şərait yaradılmışdır. Buradakı
yeməkxana da ən müasir tələblərə cavab verir. Məktəbin
idman zalı da müasir səviyyədə qurulmuşdur. Zalda
şagirdlər mini-futbol, basketbol, voleybol və idmanın
digər növləri ilə məşğul ola bilərlər.
Məktəbin həyətində geniş abadlıq işləri aparılmış,
futbol, voleybol və basketbol meydançaları tikilmişdir.
Dövlətimizin başçısı məktəbdə yaradılan şəraiti yüksək
qiymətləndirdi.
AzərTAc |