Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak
edib
Sentyabrın
26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi
keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül
dəstəsi təqdim edildi.
Dövlətimizin başçısı filialın yeni tədris kompleksinin
rəmzi açılışını bildirən lenti kəsdi.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
rektoru, akademik Viktor Sadovniçi və bu ali təhsil
ocağının Bakı filialının rektoru, professor Nərgiz
Paşayeva Azərbaycan Prezidentinə və xanımına məlumat
verdilər ki, Xocasən qəsəbəsinin ərazisində beş hektar
sahədə yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda
başlanmışdır. Yeddi korpusun daxil olduğu tədris
kompleksi xüsusi dizaynla yüksək standartlar
səviyyəsində, dünyanın tanınmış universitetlərinin
təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə
inşa olunmuşdur. Kompleksə, həmçinin iki idman korpusu,
müəllim və tələbələr üçün dörd yataqxana daxildir.
Bildirildi
ki, hazırda filialın yeni binasında beş fakültə üzrə 388
tələbə təhsil alır. Onlardan 106-sı bu il həmin ali
təhsil ocağının tələbəsi adına layiq görülmüşdür.
Bununla yanaşı, 2012-ci ildə 23 nəfər magistraturaya
qəbul olmuşdur. Beləliklə, hazırda filialda təhsil
alanların ümumi sayı 411 nəfər təşkil edir.
Dövlətimizin başçısı və xanımı MDU-nun Bakı filialının
beşmərtəbəli yeni binasında yaradılmış şəraitlə tanış
oldular.
Bildirildi ki, bu ali təhsil müəssisəsinin güclü
maddi-texniki baza ilə təminatına xüsusi diqqət
yetirilmişdir. Bu ali təhsil ocağının kitabxana fondunda
20 min ədəbiyyat vardır. Kitabxanada nadir nəşrlər də
yer almışdır. Elektron kitabxananın 100 nəfərlik oxu
zalı vardır. Tələbələr burada 21 mindən çox kitabın
elektron variantından istifadə edə biləcəklər. Bu
kitabxananın M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasına birbaşa çıxışı vardır.
Qeyd edildi ki, bütün ali təhsil müəssisələri kimi,
Moskva Dövlət Universitetinin Bakı filialı da hər zaman
maraqlı müzakirələrlə yaddaqalan elmi şuraların, elmi
diskussiyaların təşkili ilə fərqlənir. Bu məqsədlə
binada konfrans zalı yaradılmışdır.
Məlumat verildi ki, yeni binadakı 70 auditoriyanın
bəzilərində, eyni zamanda 100 nəfər tələbə tədris
prosesində iştirak edə bilər.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva universitetin
birinci mərtəbəsində köhnə Bakının və köhnə Moskvanın
görüntülərini əks etdirən fotosərgiyə baxdılar.
Diqqətə çatdırıldı ki, tələbə mərkəzinin də yaradıldığı
binada müəllimlər və tələbələr üçün ayrıca yeməkxanalar
fəaliyyət göstərir. Burada, həmçinin xarici ölkələrdən
və Azərbaycanın rayonlarından gələn müəllim və tələbələr
üçün hər cür şəraiti olan yataqxanalar tikilmişdir.
Məlumat verildi ki, hazırda filialın yeni binasında 16
laboratoriya yaradılmışdır. Laboratoriyalarda müasir
avadanlıq quraşdırılmışdır ki, bu da tədris prosesinin
keyfiyyətinin yüksəldilməsinə imkan verəcəkdir. Filialda
ən son proqramlarla təmin olunmuş kompüter kabinetləri
də fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış
etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Əziz dostlar!
Hörmətli qonaqlar!
Bu
gün ölkəmizin həyatında gözəl, əlamətdar gündür. Biz
MDU-nun Bakı filialının yeni binasını açırıq. Bu gün bu
yaraşıqlı bina ilə tanış olarkən mən xəyalən dörd il
əvvələ, MDU-nun Azərbaycanda filialının yaradılması
haqqında sərəncam imzaladığım vaxta qayıtdım. Əlbəttə
ki, bu sərəncam təsadüfi meydana gəlməmişdir. Bundan
əvvəl Rusiya tərəfi ilə danışıqlar aparılmış və MDU-nun
rəhbərliyinin fəal dəstəyi ilə biz belə mühüm qərar
qəbul etmişik. Bu, Azərbaycanda təhsil sisteminin
təkmilləşdirilməsi prosesində, habelə Rusiya ilə
Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərinin
möhkəmləndirilməsi çərçivəsində, həqiqətən, əhəmiyyətli
qərar idi.
Bakıda MDU-nun filialının yaradılması hüquqi cəhətdən
2008-ci ilin əvvəllərində sənədləşdirilmişdi. Lakin
artıq bir il sonra, 2009-cu ildə filial fəaliyyətə
başladı. Bina ayrıldı və yadımdadır, 2009-cu ildə biz
hörmətli Viktor Antonoviç ilə birlikdə filialı açdıq.
Orada çox gözəl şərait yaradılmasına baxmayaraq, artıq o
vaxt yeni binanın tikilməsinin zəruriliyi ideyası
meydana gəldi. Çünki MDU dünyanın aparıcı təhsil
müəssisələrindən biridir və əlbəttə ki, bu cür təhsil
müəssisəsinə müstəqil, ayrıca bina lazımdır. Mən şadam
ki, uğurlu yer seçilmişdir. Bura şəhərin mərkəzindən çox
uzaq deyildir. Lakin Azərbaycan paytaxtının sürətlə
inkişafını və bizim infrastrukturu təkmilləşdirmək
planlarımızı nəzərə alsaq, mən əminəm ki, bir neçə ildən
sonra bu yer daha çox məskunlaşacaqdır. Bizim burada, bu
zonada tələbə şəhərciyi yaradılması ilə bağlı müəyyən
planlarımız vardır. Başqa sözlə, gələcəkdə, yeni ali
təhsil müəssisələri yaradılarsa, yəqin ki, onlar burada
yaradılacaqdır. Eyni zamanda, bəzi ali məktəblərimizin
bu zonaya köçürülməsi ilə bağlı ideyalar da vardır ki,
şəhərimizin infrastrukturunun tərəqqisində məhz
tədris-tələbə istiqamətini burada inkişaf etdirək.
Mən
çox şadam ki, qısa müddətdə filial ölkəmizdə böyük nüfuz
qazanmışdır. Filialın rəhbərliyi MDU-nun rəhbərliyinin
dəstəyi ilə sıfırdan başlayaraq artıq böyük nüfuz
qazanmış və gənclərin can atdığı ali təhsil müəssisəsi
yarada bilmişdir. Buradakı tədris prosesi, kadrların
seçilməsi sistemi, əlbəttə ki, logistika infrastrukturu
və avadanlıq təhsil üçün gözəl şərait yaradır. Ən
başlıcası isə hazırda biz MDU-nun Bakı filialının
simasında Azərbaycanda dünya səviyyəli ali təhsil
müəssisəsi görürük. Çünki artıq dediyim kimi, MDU
dünyanın nüfuzlu təhsil müəssisələrindən biri, böyük
ənənələrə malik universitet, Rusiyanın aparıcı təhsil
ocağıdır. Əlbəttə ki, MDU-da tədrisin səviyyəsi onun
filialının harada olmasından asılı olmayaraq qoruyub
saxladığı standartdır. Bildiyimə görə MDU-nun Bakı
filialında da təhsilin səviyyəsi çox yüksəkdir.
Bu gözəl gündə, əvvələn, bir neçə il ərzində, əslində
sıfırdan müasir təhsil müəssisəsi yaratmış MDU-nun
rektoru, bizim böyük dostumuz Viktor Antonoviç
Sadovniçiyə, universitetin Bakı filialının rektoru
Nərgiz Paşayevaya, habelə bütün həm yerli, həm də
moskvalı müəllimlərə təşəkkürümü bildirmək istəyirəm.
Artıq dediyim kimi, filial cəmi bir neçə ildir fəaliyyət
göstərir. Bu il ilk buraxılışı olmuşdur. Lakin artıq bu
gün biz nəticələri görürük. Düşünürəm ki, yaxın illərdə
Azərbaycanda filialın məzunlarının fəaliyyətinin
nəticələrini görəcəyik.
Ölkəmiz fəal surətdə inkişaf edir. Ölkəmizin həyatının
bütün sahələri dinamik inkişaf edir. İqtisadiyyat dünya
miqyasında ən yüksək templərlə inkişaf edir. Əlbəttə,
qarşımızda duran bütün vəzifələri gerçəkləşdirməyə nail
olmaq üçün bizə ilk növbədə, peşəkarlar lazımdır. Bütün
sahələrdə peşəkarlar lazımdır. Hansısa mühüm bir
istiqamətə peşəkar kadr gələn kimi, biz o saat müsbət
dinamika görürük. Çünki iş dərhal düzgün təşkil edilir
və biz dərhal peşəkarlıq, öz işinə sədaqət görürük.
Çünki müasir dünyada bunsuz hər hansı bir ölkənin
müvəffəqiyyət qazanması çox çətin olardı. Müasir dünyada
ölkələrin uğurunu biliklər, elm, texnologiyalar və
təhsil müəyyən edir. Biz şadıq ki, bu gün Azərbaycanda
yüksək savadlılıq səviyyəsini qoruyub saxlamağa nail
olmuşuq. Savadlılığın səviyyəsi faktiki olaraq 100
faizdir. Biz təhsilin inkişafı üçün çox iş görür və bu
sahəyə olduqca çox sərmayə yatırırıq. Son səkkiz ildə
Azərbaycanda təhsil xərcləri altı dəfə artaraq 1,5
milyard manat səviyyəsinə çatmışdır. Bu da büdcəmizin
bütün məxaric hissəsinin on faizindən bir qədər azdır.
Yəni, Azərbaycanda təhsil xərcləri müdafiə xərcləri ilə
birinci və ikinci yerləri bölüşür. Bu isə bizim üçün
məhz düzgün tədris prosesinin nə qədər əhəmiyyətli
olduğuna, Azərbaycan gənclərinin onlara həyatda lazım
olan bilikləri əldə edə biləcəkləri belə bir tədris
sisteminin yaradılmasının nə qədər əhəmiyyətli olduğuna
dəlalət edir.
Hər bir gənc vəzifə tutmağa və yaxşı biliklərə
yiyələnməyə çalışır və ya çalışmalıdır. Bazar
iqtisadiyyatı, azad rəqabət, açıq bazar və bütövlükdə
dünyada rəqabət şəraitində fundamental biliklər olmadan
həyatda öz yerini tapmaq bəzən çox çətin olur.
Azərbaycanda şəxsiyyətin inkişafı, öz yolunu sərbəst
seçmək üçün hər cür şərait yaradılmışdır. Buna görə də
gənclər biliklərə yiyələnməyə can atmalıdır. Biliklər
əldə etmək üçün isə yalnız istək kifayət deyildir.
Tədris prosesi lazımi səviyyədə təşkil edilməmişdirsə,
tədrisin səviyyəsi axsayırsa, tələbələr bilik qazanmağa
nə qədər can atsalar da, nəticə əldə etmək çətin
olacaqdır. Bax, MDU-nun Azərbaycandakı filialı
çərçivəsində biz tədrisin səviyyəsinin yüksək olduğunu,
habelə gənclərin biliklərə yiyələnməyə can atdıqlarını
görürük.
Filial, onun fəaliyyəti tədricən, mərhələ-mərhələ
yaradılmış və inkişaf etmişdir. Əlbəttə, təkcə
infrastruktur və texniki tərəfi mərhələ-mərhələ inkişaf
etməmişdir, - dediyim kimi, biz bu gün gözəl bir binanı
açırıq, - həm də fakültələrin sayı ilbəil artır. Bu da
bizim ümumi istəyimiz idi. Biz bu gün də Viktor
Antonoviçlə bu məsələni müzakirə etdik, qısa fikir
mübadiləsi apardıq. Bir daha demək istəyirəm ki, biz
imkan daxilində fakültələrin sayının artırılmasında
maraqlıyıq. Çünki birgə əməyimizin nəticəsi olan indi
gördüklərimiz böyük nikbinlik doğurur. Əlbəttə,
fakültələrin sayının məhz ölkəmizin inkişafı üçün daha
mühüm maraq kəsb edən istiqamətlər üzrə artırılması
prioritet olmalıdır.
Əminəm ki, MDU-nun filialının yaradılması Azərbaycanda
elmin inkişafına yeni təkan verəcəkdir. Biz buna da
böyük əhəmiyyət veririk. Mən Elmlər Akademiyasının illik
toplantısında elmi ictimaiyyətlə son görüşümdə də
Azərbaycan elmi qarşısında duran vəzifələr üzərində
kifayət qədər ətraflı dayandım.
Biz ölkəmizin elmi potensialını hər vəchlə inkişaf
etdirməliyik. Əlbəttə ki, biz bütün məsələlərdə müasir
cəmiyyətin və müasir dünyanın reallıqlarına əsaslanırıq.
Biz realistik. Əlbəttə ki, hansısa ciddi elmi
tədqiqatlarda Azərbaycanın model qanunvericisi olacağını
gözləmək sadəlövhlük və vaxtı qabaqlamaq olardı. Amma
bizim mütləq həll etməli olduğumuz məsələ dinamik
inkişaf edən istiqamətlərdə qabaqcıl elmi təcrübəni
mümkün qədər tez mənimsəməkdir. Bu barədə mənim
tərəfimdən müvafiq göstərişlər verilib.
Müasir texnologiyalarsız heç bir ölkənin inkişafı mümkün
deyildir. Bu gün XXI əsrdə, XXI əsrin əvvəlində bu,
artıq müasir həyatın reallığına çevrilib. Elmi
araşdırmalarda liderlik edən ölkələr dünyanın siyasi
xəritəsində liderlik edəcəklər. Ona görə də biz çox
güclü intellektual potensial yaratmalıyıq. Məsələn, biz
bütün məktəblərin kompüterləşdirilməsi prosesini
yekunlaşdırırıq. İndi 30 şagirdə bir kompüter düşür.
Amma 7-8 il əvvəl 2 min şagirdə bir kompüter düşürdü.
Biz, hətta Azərbaycanın ən ucqar regionlarında da
İnternetə maneəsiz çıxış imkanı yaradırıq. İndi
Azərbaycanda İnternet istifadəçilərinin sayı artıq 65
faizi ötüb. Azərbaycanda İnternet azaddır.
Biz kosmik sənaye yaradırıq. Bəziləri düşünə bilər ki,
Azərbaycan buna hələ tam hazır deyildir. Ancaq biz
kosmik sənaye yaradırıq, ilk süni peykimizi buraxırıq.
Gələcəkdə də bu istiqamətdə işimizi davam etdirəcəyik.
İnkişafın çox mühüm istiqaməti olan
informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə
reytinqdə biz regionumuzda lider mövqe tuturuq. Yəni,
elmin inkişafı cəmiyyətin inkişafı deməkdir. Ölkənin
intellektual potensialının inkişafı ölkənin gələcəyidir.
Bizim vəzifəmiz ölkəmizdə müşahidə edilən dinamik
iqtisadi artımı, dünya arenasında mövqelərimizin
möhkəmləndirilməsini çox böyük intellektual potensialla
gücləndirməkdən ibarətdir. Bunun üçün bütün imkanlar
vardır. İlk növbədə, ənənələr mövcuddur. Azərbaycanda
sovet dövründə elm çox güclü inkişaf etmişdir. Biz
görkəmli alimlərimizlə fəxr edirik. Sonra, təbii ki,
tənəzzül oldu. Ancaq bu tənəzzül yalnız bizdə deyil,
bütün postsovet məkanında baş verdi. Keçmiş SSRİ-nin
praktiki olaraq, bütün ölkələrində çox ağır iqtisadi
durum yaranmışdı. Elmi və pedaqoji elita ağır vəziyyətdə
idi. Biz hamımız cəmiyyətdə elmi ziyalıların nüfuzunun
təəssüf ki, aşağı düşdüyü o çətin illəri xatırlayırıq. O
zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar,
təəssüf ki, sosial statuslarına görə ziyalılardan daha
üstün vəziyyətdə idilər. Bunun həm obyektiv, həm də
subyektiv səbəbləri var idi. Ancaq Azərbaycanın iqtisadi
potensialı möhkəmləndikcə elmə də, təhsilə də daha çox
vəsait ayrılır. Elmi işçinin, müəllimin hörmət və
nüfuzunu artırmaq bizim siyasətin vacib vəzifəsidir. Biz
buna doğru gedirik. Çox iş görülüb.
Moskva Dövlət Universitetinin Azərbaycandakı filialı
kimi belə müasir elm mərkəzlərinin yaradılması, həmçinin
düzgün istiqamətə doğru addımdır. Biz gələcəkdə də
təhsilin inkişafına sərmayə qoyacağıq. Biz məsələni
kompleks şəkildə nəzərdən keçiririk - məktəblərin
tikintisi və məktəbəqədər təhsil. Son illərdə
Azərbaycanda 2200, bəlkə daha çox məktəb binası inşa
edilib. Məktəblər təmir olunur. Gələn ilin sonuna qədər
Bakıda təchizatına və təmirinə görə bu səviyyədə olmasa
da, hər halda yüksək səviyyədə olmayan bir məktəb də
qalmayacaq. Əlbəttə ki, ali təhsil, bir daha demək
istəyirəm ki, bizim diqqət mərkəzimizdə olan sahədir.
Bu, sosial sferadır, iqtisadi sferadır, cəmiyyətimizin
əxlaqi-mənəvi əsaslarının formalaşdığı sferadır. Bunlar
əlbəttə ki, ailədə yaranır. Amma istər məktəb, istərsə
də ali təhsil müəssisəsinin bu məsələdə rolu böyükdür.
Cəmiyyətimizin möhkəm dayağı əxlaqi-mənəvi meyarlardır.
Bizim cəmiyyətimiz bu dəyərlərə əsaslanır. Biz bunları
həm iqtisadi potensialla, həm fəal xarici siyasi
fəaliyyətimizlə, həm də intellektual potensialla
möhkəmləndirməliyik. Bunsuz heç bir ölkənin uğurlu
inkişafı mümkün deyildir. Böyük təbii resurslara,
şaxələndirilmiş infrastruktur şəbəkəsinə malik ola
bilərsən, ancaq dinamika olmasa, ildən-ilə tərəqqiyə,
yeni texnologiyaları təkmilləşdirməyə və inkişaf
etdirməyə cəhd olmasa bu inkişaf, sadəcə, ləngiyəcək,
dayanacaqdır. Bu cür ölkələrin vəziyyəti çox ağır
olacaqdır.
Cəmiyyətin intellektual inkişafı həm də cəmiyyətin
sabitliyidir. Əgər cəmiyyət yüksək intellektual
səviyyədədirsə, savadlıdırsa kənardan gətirilən heç bir
qüsurlu təzahürlər və meyillər heç vaxt onu sarsıda
bilməz. Müasir dünyada, xüsusən də, kifayət qədər
inkişaf etməmiş ölkələrdə, bir çox problemlər məhz
təhsilin çatışmazlığı ilə əlaqəlidir. Bir çox
müharibələr, bir çox münaqişələr, bir çox iğtişaşlar
məhz təhsilin səviyyəsinin son dərəcə aşağı olması ilə
bağlıdır. Bunu statistikada, hətta savadlılıq
səviyyəsinə görə aydın görmək olar. Savadlılıq
səviyyəsinin yüksək və aşağı olduğu ölkələrdə onların
iqtisadi və intellektual potensialına baxsaq hər şey
aydın olacaq: savadlılıq səviyyəsi ölkənin inkişaf
səviyyəsinə və bu ölkələrdə baş verən proseslərə tam
müvafiqdir. Odur ki, bizim üçün təhsilin yüksək
səviyyəsi, Azərbaycan xalqının intellektual
potensialının yüksək səviyyəsi ekstremizmə, populizmə,
yalan vədlərə, kənardan təzyiqlərə qarşı peyvənddir.
Cəmiyyət nə qədər çox savadlı və erudisiyalı olsa, o,
bir o qədər də özünü təmin edən, daha ləyaqətli və hər
cür gözlənilməz hallardan sığortalanmış olacaqdır. Ona
görə də bu məsələlərin hamısı bir-biri ilə sıx bağlıdır.
Çıxışımı yekunlaşdıraraq demək istərdim ki, son nəticədə
bu proseslərin mərkəzində insan, vətəndaş durur. Çox
fəal sosial siyasətin həyata keçirildiyi Azərbaycanda
bizim bütün planlarımızın, ideyalarımızın və
nailiyyətlərimizin mərkəzində insan dayanır. Təsadüfi
deyil ki, bir neçə il əvvəl mən "qara qızıl"ı insan
kapitalına çevirək" şüarını irəli sürmüşdüm. Düşünürəm
ki, biz bu istiqamətdə istəyimizə nail ola biləcəyik.
Yəni ki, bu proses davam edir, bütün planlarımızın,
sərmayələrin, ideyaların mərkəzində insan, Azərbaycan
vətəndaşı, onun hüquqları, azadlıqları, rifahı,
təhlükəsizliyi durur.
Əminəm ki, Moskva Dövlət Universitetinin Bakı filialı
bundan sonra da ən yüksək tələblərə cavab verəcək,
inkişaf edəcək, tələbələrin və fakültələrin sayı artacaq
və biz hamımız sizin yeni uğurlarınıza sevinəcəyik. Sizi
bir daha təbrik edirəm, hamınıza uğurlar arzulayıram.
***
M.V.Lomonosov adına MDU-nun rektoru akademik Viktor
SADOVNİÇİ çıxış edərək dedi:
- Çox hörmətli İlham Heydər oğlu!
Hörmətli Mehriban xanım, Nərgiz xanım! Hörmətli
fövqəladə və səlahiyyətli səfirlər!
Hörmətli Rusiya Federasiyası Prezidentinin köməkçisi
Vladimir İlyiç Tolstoy!
Zalda olan hörmətli həmkarlar!
Moskva universitetinin əziz müəllimləri! Ümumiyyətlə, bu
auraya, Moskva Dövlət Universitetinin Bakı filialının
kampusuna həyəcansız daxil olmaq mümkün deyildir. Bu,
əsl həyəcandır, çünki bu, əsl universitetdir.
Tarixdən məlumdur ki, uzun əsrlər boyu universitetlər,
məbədlər, məscidlər, kilsələr müəyyən xalqların, müəyyən
məkanın və əlbəttə ki, dünyanın mədəniyyət rəmzi olaraq
qalır. Ona görə də, bu gün baş verən hadisə düşünürəm
ki, yalnız çağdaş deyil, gələcək tarixə də daxil
olacaqdır. Çünki burada universitet, təhsil və elm
məbədi inşa edilib.
İlham Heydər oğlu! Sizə bütün bu dövr ərzində və indi də
göstərdiyiniz böyük dəstəyə görə çox dərin
minnətdarlığımızı bildiririk. 2007-ci ildə mən Sizinlə
burada - Bakıda görüşmək şərəfinə nail oldum, filialın
açılması barədə razılıq əldə edildi. Artıq 2008-ci ilin
əvvəlindən onun inşası başladı və gözəl kampusun
yaradılması ilə yekunlaşdı. Bu, bir növ yanaşma üsuluna,
sakitliyinə, tələbələr, elmi tədqiqatlar və tədris
prosesi üçün rahatlığına görə Moskva Universitetinin
kampusunu xatırladır.
Nərgiz xanım! Sizin apardığınız işi mən yüksək
qiymətləndirirəm. Siz bu işə bütün qəlbinizlə
yanaşmısınız. Universitetlər də elə bu cür tikilir,
insan öz qəlbini, ürəyini qoyur. Filial məhz belə
tikilib. Mən yalnız binanı yox, sizin qəlbinizin zərrəsi
ilə yaradılmış onun strukturunu, universitetin özünü
nəzərdə tuturam. Çox sağ olun. Başa düşürük ki,
universitet tikmək nə deməkdir, başqa universitetlərin,
başqa filialların necə tikilməsini də görmüşük. Sözsüz
ki, sizin dəstəyiniz və belə münasibətiniz olmasaydı,
bu, ola bilməzdi.
Burada heyrətamiz uyğunluq vardır. Burada dövlətin
iradəsi və görkəmli insan - Prezidentin iradəsi özünü
göstərir. Mən Prezidentin çıxışına qulaq asdım və
deməliyəm ki, bu, əslində möhtəşəm mühazirə idi. Şadam
ki, bizim professorlar bunu eşitdilər. Burada bizim
təxminən 50-yə qədər professor vardır. Çünki Rusiyada
mən belə danışmalı olanda, bir çoxları artıq adət
ediblər, düşünürlər ki, belə lazımdır. Ancaq onlar
bunları real həyata keçirən dövlət liderini dinləyəndə
isə düşünürəm ki, bu, "kvadratdır", riyaziyyatçıların
dediyi kimi "N" dərəcəsindədir. Əlbəttə, yaxşı olardı
ki, İlham Heydər oğlunun parlaq çıxışından sonra Moskva
Universitetinə qayıdanda hisslərinizi, düşüncələrinizi
həmkarlarınızla bölüşəsiniz.
Siz təhsil, elm və bu sahələrdə dövlətin siyasəti
mövzusuna toxundunuz. Bu, Rusiya, xüsusilə də keçid
mərhələsində hər bir ölkə üçün çox aktualdır. Biz
həqiqətən də, keçmişdəki münasibətlərimizlə fəxr edə
bilərik. Bizim elmi məktəblərimiz elmi mənada vahid
olduğu dövrdə mən fəal işləmək şərəfinə nail olmuşam.
Biz o zaman ayrı-ayrı dövlətlərdə yaşadığımızın fərqinə
varmırdıq. Həmin riyaziyyat, kimya, fizika, neft
məhsullarının emalı üzrə məktəblər dünya səviyyəsində
olan məktəblər idi. Azərbaycan universitetlərində
işləyən alimləriniz sözsüz ki, dünya elminin elitasına
daxil idilər. Həqiqətən də Siz düz qeyd etdiniz ki,
zaman ötür və o mərhələ, ölkəmizdə, Rusiyada elm və
təhsilə çox güclü zərbə vurdu. Başqa ölkələrdə də eyni
böhranlı proseslər baş verdi. Ancaq indi güc
toplamağımız üçün hər şey vardır.
İcazə verin, bir alim kimi deyim ki, burada sanki iki
səviyyə vardır. Sözsüz ki, ümumi təhsil, məktəb,
universitet təhsil səviyyəsi ölkənin tərəqqisi və bu
tərəqqini elmdə tətbiq etməsi üçün zəruri şərtlərdir.
Əgər bu fundamental baza yoxdursa, heç düşünmək lazım
deyil ki, ölkə nəyəsə nail olacaqdır. Mənə elə gəlir ki,
Siz ölkənizdə faktiki olaraq bu əsasların yaradılması
üçün indi hər şey edə bilmisiniz. Növbəti mərhələ
Rusiyada da aktualdır. Bu, dünya səviyyəsində olan
inkişaf istiqamətlərinə şəraitin yaradılmasıdır. İndi
elm elə inkişaf edir ki, potensialı müasir avadanlıqla
təchiz edilən, xarici ölkələrlə yaxşı əlaqələri olan,
ancaq necə deyərlər, elmdə qələbələr üçün işləyən elmi
məktəblərə cəmləmək lazımdır. Belə qrupların, belə
laboratoriyaların, belə məktəblərin yaradılması vəzifəsi
Rusiyada da mövcuddur. Bir neçə misal demək istəyirəm.
Əsl müasir dərmanların, bizdə artıq qəbul edildiyi kimi
alınması üçün deyil, yaradılması üçün super
hesablayıcılar. Onların gücü petaflotlu və ya indi
deyildiyi kimi, ekzaflotlu olmalıdır. Belə super
hesablayıcılar dünyanın bir neçə ölkəsində - Yaponiyada,
ABŞ-da, Çində vardır. Moskva Universitetində rəqabət
apara bilən super hesablayıcılar mövcuddur. Baxmayaraq
ki, o maşınlar onlarla aparıcı universitetdə vardır.
Milyardlarla rubl sərmayə qoyulan yalnız bu cür maşınlar
yeni dərmanlar yaratmaq və ya neft hasilatı, faydalı
qazıntılarla bağlı kəşfiyyat, həmçinin kosmosun tədqiqi
və sairə üçün hesablamalar aparmağa imkan verir. Yəni,
Rusiyada da potensialı bu cür mütərəqqi istiqamətlərə
yönəltmək lazımdır. Əlbəttə ki, bu, vəsait və siyasət
tələb edir.
Təbii ki, dünyanın bir çox ölkəsində gedən təhsil
islahatları adətən cəmiyyətdə müəyyən dəyişikliklərin
baş verməsinin əlamətidir.
Təhsil də dəyişir, təhsil sistemində yeni islahatlar
gedir. Hesablamışam ki, Rusiyada tarixən, I Pyotrun
dövründən indiyədək 50-yə yaxın təhsil islahatı cəhdləri
olub. Əgər təhsil islahatı ölkənin mentalitetinə
uyğunlaşırsa, elmin və ya cəmiyyətin mentalitet bazasına
əsaslanırsa, dünya meyillərini müşahidə edirsə, yalnız o
zaman təhsil islahatının uğuruna nail olunur. Yalnız bu
şərtlərin birləşməsi zamanı islahatlar uğur qazanır. Öz
məktəblərini yaratmadan qısa müddətə istənilən
mənimsəmək, dəvət etmək cəhdləri düşünürəm ki,
uğursuzluğa məhkumdur. Zənnimcə, doğru yol keçmiş
ənənələrə, mentalitetə və yaxşı elmi bazaya əsaslanan
istiqamətlərin yaradılmasıdır.
Moskva Universitetinin filialı, fikrimcə, məhz bu rolu
oynayır. Burada doğrudan da, Moskva Universitetinin ən
yaxşı professorları və müəllimləri dərs deyirlər. Bu gün
Rusiya Akademiyasının çox sayda görkəmli alimləri və
akademikləri, professorları, Moskva Universitetinin
kafedra müdirləri burada � bu zaldadırlar. Bu, o
deməkdir ki, filial elita hazırlamağa və gələcəkdə elmi
avadanlıqla təchiz olunmaqla elmi istiqamətlər
yaratmağa, digər universitetlər və Elmlər Akademiyası
ilə əməkdaşlıq etməyə, bu tərəqqini həyata keçirməyə
qadirdir. Özü də ki, Rusiya və Azərbaycanın əməkdaşlığı
çox yaxşı səviyyədədir. Biz də, Moskva Universiteti
olaraq filialın inkişafına töhfə verməyə hazırıq.
Düşünürəm ki, filialda yeni istiqamətlərin inkişafı və
əsl fundamental elmin yaradılması üçün zəruri və kifayət
qədər şərtlər vardır. Mən belə görürəm ki, bir neçə
ildən sonra biz filial tələbələrinin nanotexnologiyalar,
genlərin şifrələrinin açılması barədə danışdığı
laboratoriyalar görəcəyik, onların fəaliyyətinin hansısa
elmi istiqamətlərə aid olduğunu eşidəcəyik. Bu cür
mütəxəssis hazırlığı səviyyəsində bu, arzu deyil,
reallıqdır.
Əlbəttə ki, universitet öz kompleksi ilə güclüdür. O,
çoxlu fakültələrin olduğu və bu fakültələrin bir-birini
qarşılıqlı zənginləşdirdiyi təqdirdə güclüdür. Təbiət
fakültələri humanitar fakültələrə daxil olur, öz
metodlarını təqdim edir, humanitar elmlər də təbiət
fakültələrinə daxil olur, mütəxəssisləri öz elmləri və
yanaşmaları ilə zənginləşdirirlər. Biz Moskva
Universitetində 6 illik təhsilə keçmişik və bu
dırnaqarası artıq vaxt təbiət və humanitar elmlərin
bir-biri ilə qarşılıqlı əməkdaşlığı üçün sərf olunur.
Görünür, məhz gələcəkdə bu cür mütəxəssislər elmin ən
yüksək pilləsində dayanacaqlar. Onlar dar profilə malik
mütəxəssislər deyil, onlar qarışıq sahələri bilən, çox
geniş universitet dünyagörüşünə malik mütəxəssislərdir.
Bu mənada, biz artıq Nərgiz xanımla danışmışıq, yeni
fakültələrin yaradılması, təbiət və humanitar
fakültələrin proqramlarının bir-birinə qarşılıqlı daxil
olması gələcəkdə filialda təhsil səviyyəsini
dərinləşdirəcək və yeni mərhələyə çıxaracaqdır.
Moskva Universitetinin digər universitetlərdən fərqli
olaraq vəsait qazanmaq xatirinə açılan filialı yoxdur.
Bilirik ki, universitetlərimizin Rusiyada və digər
ərazilərdə açılan və lazımi elmi potensialla təmin
edilməmiş 1500-ə yaxın filialı vardır. İndi ölkəmizdə bu
filialların sıxışdırılması üzrə iş aparılır. Hətta
konkret rəqəmlər göstərilir. Nazirlik onların ixtisar
olunması vəzifəsini qarşıya qoyub. Yəqin ki, bu,
düzgündür. Demək istəyirəm ki, Moskva Universiteti heç
vaxt bu cür məqsəd güdən filial yaratmayıb. Bizim 5
dövlətdə 5 filialımız var və bu filialların hamısı
qarşılıqlı əməkdaşlıq prinsipi əsasında yaradılıb. Yəni,
Moskva Universitetinin professorları dərs demək üçün
həmin ölkələrə, həmin filiallara gedirlər, biz də
onlardan baza, təcrübə, tələbələrin yay tətili səfərləri
kimi qarşılıqlı fayda götürürük. Əslində, bu, ödənişsiz
tələbə filiallarıdır. Məncə, bu, əməkdaşlığın düzgün
yoludur. Biz əməkdaşlıq edib bir-birimizə kömək
göstərməli, tarixi ənənələrimizi, köklərimizi xatırlayıb
bir-birimizə danışmalıyıq.
Biz filialın yaradıldığı zaman biznes faydası
güdməməliyik. Əgər bu filial barədə danışırıqsa mən onu
universitetimizin mirvarisi hesab edirəm. Moskva
Universitetinin heç bir filialı bu cür himayəyə, bu cür
dəstəyə malik deyildir. Bu, heyrətamiz birlikdir. Bakıya
gələndə, filiala daxil olanda hiss edirsən ki, burada
bütün işlər düzgün görülür.
Mən sizin təhsil siyasətinizdən xəbərdaram. Şəhərin
siması heyrətamiz şəkildə dəyişir, yeni universitetlər
yaradılır, insanlar üçün faydalı olan binalar,
mehmanxanalar tikilir, sakinlər üçün rahatlıq yaradılır.
Əlbəttə ki, Moskva Universitetinin filialı belə şəhərdə,
belə ölkədə fəaliyyət göstərəndə biz, təbii ki, bu
əməkdaşlıqla, ölkə rəhbərliyinin bu cür münasibətilə
fəxr edirik.
Bu gün biz bu binanı açdıq. İlham Heydər oğlu! Sözsüz
ki, bu, Sizin, dövlətinizin qələbəsidir. Həm də bu,
sözsüz ki, bizim üçün, Moskva Universitetinin
professorları üçün də böyük sevincdir. Bu kampusda dərs
demək, burada olmaq bizim üçün çox xoş olacaqdır. Biz
elə işləyəcəyik, elə dərs deyəcəyik ki, tələbələr
iftixarla desinlər: "Biz Moskva Dövlət Universitetinin
Bakı filialını bitirmişik". Bir daha Azərbaycan
Prezidentinə, bu filialın yaradılmasında əməyi olanların
hamısına dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.
***
Sonra MDU-nun Bakı filialının rektoru, professor
Nərgiz PAŞAYEVA çıxış edərək dedi:
-Hörmətli cənab Prezident!
Möhtərəm tədbir iştirakçıları!
Cənab Prezident, ilk növbədə, Sizin bugünkü gəlişiniz,
nitqiniz və əlbəttə ki, 2008-ci il yanvarın 15-də
dünyanın ən yaxşı ali təhsil müəssisələrindən biri olan
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
filialının Bakı şəhərində yaradılması haqqında tarixi
fərmanınıza görə Sizə sonsuz minnətdarlığımı bildirmək
istəyirəm. Çox sağ olun!
O vaxtdan dörd il keçib. Bütün bu müddət ərzində biz
işləmişik, vicdanla işləmişik, xeyli uğurlu nəticələr
qazanmışıq. Bizdə beş fakültə fəaliyyət göstərir, bizim
ilk bakalavr buraxılışımız olub. Biz üç fakültədə
magistratura şöbələri yaratmışıq, tələbələrimizin
Moskvada yaxşı nüfuzu vardır. Onlar bir çox beynəlxalq
konfranslarda iştirak edir, əksər olimpiadaların
mükafatlarını qazanırlar. Onlar yaxşı tələbələrdir və
onlar da buna görə Sizə minnətdardırlar. Çox sağ olun!
Ötən dörd il ərzində Moskva Dövlət Universitetinin 940
professor və müəllimi bizdə mühazirələr oxumuşdur. Bu,
böyük rəqəmdir, yəni Bakıya minə yaxın adam gəlib. Bütün
bu dörd il biz - həm Bakı, həm də Moskva müəllimləri bir
yerdə olmuşuq, açıq, nəcib və şərəfli yolla, universitet
həyatı yolu ilə yanaşı addımlamışıq.
Hamımıza yaxşı məlumdur ki, universitet həyatı sadəcə,
kitab müdrikliyi deyildir. Bu, ilk növbədə, əlbəttə ki,
şəxsiyyətlər və insanlar, onların dünyagörüşü, həyata
münasibəti, mövqeyi, elmi potensialı, cəsarətli, bəzən
də çox yüksək intellekti deməkdir. Axı alim ətrafımızda
işıqlı məkan yaradan insandır. Təsadüfi deyildir ki,
"intelligent" sözü Azərbaycan dilində "ziyalı" deməkdir.
Beləliklə, alim ulduzdur, şölə saçan ulduzdur. Bu cür
ulduzlar nə qədər çox olarsa, həyat bir o qədər işıqlı
olar, bütövlükdə dünya üçün və bizim hər birimiz üçün
daha fərəhli olar.
Mən buraya toplaşan bütün alimləri salamlamaq, onlara
"çox sağ olun" demək və bir daha vurğulamaq istəyirəm
ki, universitetlər bütün dövrlərdə təkcə insan
biliklərinin qoruyucuları və daşıyıcıları deyil, həm də
bəşər zəkasının və ürəyinin, xeyirxah əməllərin
qoruyucuları olublar. Siz hamınız zəka və qəlbin gördüyü
xeyirxah əməllərin sahiblərisiniz. Çox sağ olun!
Bugünkü pedaqoq müasir həyata düzgün
istiqamətlənməlidir. O, öz yetirməsinə, tələbəsinə
düzgün məsləhətlər verməyi bacarmalıdır. Həmin gənc
gələcəkdə müasir, hər gün dəyişən mürəkkəb cəmiyyətdə və
dünyada özünə düzgün yol seçməlidir. O, düzgün
vərdişlərə sahib olmalıdır. Onun bir çox həyati
məsələlərə yaxşı yanaşma tərzi olmalıdır. O, doğru və ən
başlıcası düzgün qərar qəbul etməyi bacarmalıdır. Bu
vəzifələri yerinə yetirmək mümkündür. Belə ki, biz
müəllimlər Qoqolun kiçik bir tezisini əsas götürürük. O
yazırdı: "Yaxşı nümunə qaydadan daha yaxşıdır". Yəni,
biz öz nümunəmizlə tələbələrə təhsilin, müəllim sözünün
əhəmiyyətini, heç kimə pozmaq haqqı verilməyən
universitet qanunlarının və məcəllələrinin ədalətli
olduğunu nümayiş etdiririk. Beləliklə, biz müəllimlər,
öz nümunəmizlə gənc nəslə düzlük, alicənablıq, aşkarlıq,
əməyə məhəbbət, ali dəyərlərə sevgi aşılamaq istəyirik.
Əlbəttə ki, onlar Vətəni çox sevməlidirlər. Onlar öz
ənənələrini dəyərləndirməlidirlər, öz köklərini yaddan
çıxarmamalıdırlar. Onlar gələcəkdə öz Vətənlərini
şöhrətləndirməli, doğma Azərbaycan dilini, gözəl
Azərbaycan ədəbiyyatını və əlbəttə ki, öz tarixlərini
sevməlidirlər. Onlar bütün özlərinə aşılamalıdırlar və
biz ali məktəbimizi bitirən tələbənin təkcə yaxşı
mütəxəssis deyil, həm də yaxşı insan olması üçün
əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hamımız
üçün çox önəmlidir.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə dövlətin
onların ölkəni tərk etmədən pulsuz təhsil almaları,
dünyanın ən nüfuzlu və ən yaxşı ali məktəblərindən biri
olan Moskva Dövlət Universitetinin diplomunu almaq
imkanı yaratdığına görə ali məktəbimizin bütün
tələbələri və onların valideynləri adından bir daha
təşəkkür etmək istəyirəm. Cənab Prezident, mən bu
minnətdarlıq sözlərini şəxsən Sizə çatdırıram. Çox sağ
olun!
Cənab Prezidentin və Viktor Antonoviçin tamamilə doğru
və düzgün qeyd etdikləri kimi, bir vaxtlar fakültə
seçimi cəmiyyətdə fundamental elmlərin əvvəlki nüfuzunu
bərpa etmək arzusu ilə şərtlənirdi. Axı böyük elmin
sıraları bazar qanunlarının və konyunkturanın təsiri və
diktəsi ilə dağılmamalıdır. Çox istərdik vurğulayaq ki,
burada təkcə tələbə hazırlamağa deyil, həm də böyük elmə
həvəs göstərəcək, böyük elmdə qalacaq və bu istiqamətdə
özlüyündə çox zəngin olan Azərbaycanımızın gələcəkdə də
elmi ictimaiyyətini və elm tarixini şöhrətləndirəcək
alimlər yetişdirməyə çalışırıq.
Biz bilirik ki, müasir dünya texnologiya dünyasıdır. Biz
bilirik ki, dünyada xeyli elmi-texnoloji araşdırmalar
baş verir. Lakin qeyd etmək lazımdır ki, istənilən
texnoloji araşdırmalar, istənilən texnoloji ideyalar,
tədqiqatlar, hansısa istiqamətlər əvvəl-axır bu və ya
digər şəkildə humanitar problemlərlə toqquşur, humanitar
məsələlərdə qapanır. Beləliklə, humanitar elmlər çox
vacibdir. Humanitar və texnoloji elmlərin birliyi bu gün
doğru birlikdir. Belə ki, müasir dünya birmənalı deyil,
o, çoxtərəflidir və mənə elə gəlir ki, XXI əsr aliminin
nəzər bucağı çox geniş olmalıdır. O, çox kompleksli
olmalıdır. O, sırf texnar olmamalıdır, o, sırf humanitar
sahə alimi də olmamalıdır. Elə məktəblər, elə məkanlar
yaratmaq lazımdır ki, humanitar məktəb və texniki məktəb
kimi iki böyük istiqamət birlikdə işləsin, əməkdaşlıq
etsin və hansısa yeni kompleks yanaşmalar yaratsın. Bu,
təkcə hansısa elmi mənimsəmə deyil, eyni zamanda, müasir
dünyada bu gün baş verən hər şeyi mənimsəmə yanaşması
olmalıdır. Buna alimlərin gücü çatar. Bu, alim sözüdür
və alimlər bütün dövrlərdə gələcək barədə dəqiq xəbər
verirdilər. Alim sözü həmişə özünü doğruldub və həmişə
alimlərin dedikləri müəyyən yollarla həyata keçib.
Mən, həmçinin bizim Bakı filialının işçilərinə təşəkkür
etmək istəyirəm. Onlar ötən dörd il ərzində qüvvələrini
əsirgəmədən işləyiblər, bizim bütün fikirlərimizin,
bütün planlarımızın həyata keçməsi üçün əllərindən
gələni ediblər. Mən onlara təşəkkür edirəm və bir daha
qeyd edirəm ki, əgər həmin məqsədyönlü yanaşma, dövlətin
dəstəyi olmasaydı, Prezident özü şəxsən bizi
dəstəkləməsəydi, bütün bunlara nail ola bilməzdik.
Bizim böyük müəllim potensialımız vardır. Biz hər gün
görkəmli insanlarla ünsiyyət saxlamaq şərəfinə nail
oluruq. Mən bunu şəxsən özüm üçün xoşbəxtlik sayıram.
Çünki hər gün işə gələrkən, sadəcə, hansısa adət etdiyim
işə gəlmirəm. Mən şəxsiyyətlərin, bəzən dahi
şəxsiyyətlərin dəhlizlə addımladığı yerə gəlirəm. Onlar
adi adamlar kimi gəzirlər, amma mən yaxşı bilirəm ki,
həmin adam adi deyil, xüsusi insandır. Onda elə
keyfiyyətlər vardır ki, bunu heç vaxt heç yerdə və heç
kəsdə tapmaq olmaz. Buna görə mən sizi çox sevirəm.
Sizin çəkdiyiniz zəhmətə və bütün bu müddətdə bizim
üçün, tələbələrimiz və müəllimlərimiz üçün etdiklərinizə
görə təşəkkür edirəm. Moskva Universitetinin bütün
müəllimlərinə təşəkkür edirəm.
İki il əvvəl tikinti başlandı. İnşaat işləri asan olmasa
da, bizim hamımız üçün çox arzu edilən idi. Nəhayət,
tikinti başa çatdı. Amma o, başa çatsa da, biz yenə
tikəcəyik. Biz sözün əsl mənasında deyil, məcazi
mənasında yenə tikəcəyik. Biz gələcək münasibətlərimizi,
planlarımızı, perspektivlərimizi quracağıq, biz hansısa
təhsil, elmi proqramlarımızı yaradacağıq, biz
ümidlərimizi, nəhayət, gələcəyimizi, əlbəttə ki,
universitetimizin gələcəyini quracağıq. Bu mənada, hesab
edirəm ki, Bakı filialının da xüsusi vəzifəsi vardır.
Əməkdaşlar, insanlar bir-biri ilə yaxınlaşırlar. Bu
zaman elm adamlarını bir-birinə yaxınlaşdırır. Rusiyanın
və Azərbaycanın alimləri elmi qarşılıqlı şəkildə
zənginləşdirməklə keçmiş, lakin təəssüf ki, itirilmiş
elmi əlaqələri yenidən bərpa edə bilərlər. Bu da çox
vacibdir. Bu vəzifə də bizim ali məktəbin çiyinlərinə
düşüb və Moskva Universitetinin, rektor Viktor
Antonoviçin köməyi ilə biz həm dövlətin, həm sadə
vətəndaşların, həm də bu salonda əyləşən insanların
ümidlərini doğrultmaq üçün əlimizdən gələni edirik.
Çünki tələbələr bizim müəssisənin əsas simalarıdırlar.
Hər şey sizin xatirinizə, hər şey sizin üçün edilir ki,
bütün bunları unutmayasınız.
Mən buraya toplaşanların hamısına bir daha təşəkkürümü
bildirmək istəyirəm. Cənab Prezident, həddən artıq
məşğul olmağınıza baxmayaraq, bizə xüsusi diqqət yetirib
şərəfləndirdiyinizə, gəlib kampusumuzu açdığınıza görə
bütün kollektivimiz adından Sizə bir daha təşəkkür etmək
istəyirəm. Bizə tez-tez gəlin! Mən bu kampusun tikintisi
zamanı bizə kömək edən, bizim üçün həyəcan keçirən,
bütün işlərimizin çox yaxşı olmasını istəyən insanlara
da minnətdarlıq etmək istəyirəm. Mən bu gün buraya gəlib
təntənəmizə qatılan qonaqlarımıza da minnətdarlığımı
bildirirəm. Mənə elə gəlir ki, böyük Hötenin sözlərini
xatırlamaq yaxşı olardı. O deyirdi: "Gənclik tezliklə
ötüb-keçən qüsurdur". Amma universitetdə bu cür qüsurlar
olmur. Universitetlər gəncliksiz olmur. Burada gənclik
yaşayır və ötüb keçmir.
Universitetin astanasına ayaq basan hər bir insan
istər-istəməz öz gəncliyini, öz tələbəlik illərini
xatırlayır və bu məqamda o, yenə Hötenin sözlərini demək
istəyir: "Dayan, zaman, sən çox gözəlsən". Ona görə də
dayan, zaman, sən çox gözəlsən. Biz hamımız bir yerə
toplaşmışıq, bizim üçün əlamətdar gündür, çox gözəl
hadisə baş verib. Bu hadisənin əhəmiyyəti həmişəlik
tarixdə qalacaqdır. Bu gün dostlarımız, iş yoldaşlarımız
bizimlədir. Azərbaycanın Prezidenti bizimlədir.
Düşünürəm ki, bu, bizim ali təhsil müəssisəmizin
tarixində ən parlaq və ən yaxşı gündür. Mən bir daha
hamınıza təşəkkür edirəm. Moskva Dövlət Universitetinə
eşq olsun!
Onun Bakı filialı çiçəklənsin! Yaşasın Azərbaycan!
***
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva kompleksin əl oyunları zalı, üzgüçülük hovuzu və
trenajor zalında yaradılmış şəraitlə tanış oldular.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |