Bu günlərdə "Təhsil" Respublika İdman Mərkəzinin
direktor müavini, əməkdar bədən tərbiyəsi və idman
xadimi İbrahim Məmmədovdan aldığımız məlumatda
bildirilir ki, 28 avqust - 6 sentyabr tarixlərində Quba
rayon Uşaq-Gənclər Şahmat Məktəbində "Təhsil" Respublika
İdman Mərkəzinin şahmat üzrə Respublika çempionatı
keçirilib.
Çempionatın keçirilməsində əsas məqsəd şahmat idman
növünə məktəblilərın marağının daha da artırılması,
şahmatın inkişaf etdirilməsi haqqında Dövlət Proqramının
icrası və 2013-cü ildə Serbiya və Yunanıstanda
məktəblilər arasında keçiriləcək Avropa və Dünya
çempionatlarına vəsiqə qazanmaqdır.
Respublika çempionatında ölkəmizin şəhər və
rayonlarından 289 şahmatçı - 195-i oğlan, 94-ü isə qız
olmaqla hər biri ayrılıqda 6 yaş qrupunda mübarizə
aparıb.
İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən
çempionatda 6 yaş qrupu üzrə birinci yeri tutan 6 oğlan
və 6 qız şahmatçı məktəblilər arasında Dünya, ikinci
yeri tutan 6 oğlan və 6 qız isə Avropa çempionatlarına
vəsiqə qazanıb. 7- 17 yaşlı şahmatçılar arasında Bakı,
Sumqayıt şəhərlərindən, Quba, Neftçala, Biləsuvar və
Ucar rayonlarından olan oğlan və qızlar 1, 2 və 3-cü
yerləri tutublar.
Yarışın təntənəli açılış və bağlanış mərasimlərində
Təhsil Nazirliyinin, "Təhsil" Respublika İdman
Mərkəzinin, Azərbaycan Şahmat Federasiyasının və Quba
rayon rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Qaliblər Təhsil Nazirliyinin müvafiq dərəcəli medalları,
diplomları və hədiyyələri ilə təltif olunublar.
ƏDALƏT |