Bu günlərdə Təhsil Problemləri İnstitutu Kurikulum
Mərkəzində "Erkən uşaqlıq dövründə inkişafa dair
strategiyaların və modellərin təşviq və hazırlanmasına
əlavə yardım və dəstəyin təmin edilməsi" mövzusunda
müzakirə keçirilib.
Tədbirdə YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil
Dövlətlər Birliyi ölkələri üzrə regional
nümayəndəliyinin erkən uşaqlıq dövründə inkişaf üzrə
müşaviri Dipa Qrover və ABŞ-ın Yel Universitetinin uşaq
inkişafı və sosial siyasət üzrə E.Siqler adına Tədqiqat
Mərkəzinin rəhbəri Yan Van Ravens, Təhsil Nazirliyinin
Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə
Alnağıyeva, YUNİSEF-in İnkişaf və Təhsil Proqramının
rəhbəri Kənan Məmmədli, Təhsil Problemləri İnstitutu
Kurikulum Mərkəzinin Məktəbəqədər təhsilin kurikulumu
şöbəsinin müdiri Laləzar Cəfərova və başqaları iştirak
ediblər.
Müzakirəni Təhsil Nazirliyinin Məktəbəqədər təhsil
sektorunun müdiri Nərminə Alnağıyeva giriş sözü ilə
açaraq tədbirin olduqca aktual bir mövzuya həsr
olunduğunu deyib. Respublikamızda məktəbəqədər təhsil
sahəsində görülən işlər barədə geniş danışan
N.Alnağıyeva beynəlxalq təşkilatların təmsilçilərinin
iştirak etdiyi bugünkü müzakirənin əhəmiyyətini xüsusi
vurğulayıb.
Sonra Kurikulum Mərkəzinin şöbə müdiri Laləzar Cəfərova
"Azərbaycan Respublikasında məktəbəqədər təhsilin
proqramı (kurikulumu)" sənədinin xarakterik
cəhətlərindən ətraflı söz açıb.
Tədbirin sonunda iştirakçılar tərəfindən mövzu ilə bağlı
geniş diskussiya və fikir mübadiləsi aparılıb.
Samirə KƏRİMOVA |