İnsan
yalnız öz kimliyini, hansı xalqa, hansı torpağa məxsus
olduğunu, öz gücünü, qüdrətini dərk etdiyi halda
qəhrəmanlıq, igidlik nümayiş etdirə bilər. Belə olan
halda onu seçdiyi yoldan heç kim döndərə bilməz, əgər
bu inad onu ölümə doğru aparsa belə. O ki qaldı olümə,
ölüm özü də bəzən son görüş, son vida olmur, fiziki
ölüm mənəvi ölməzliyə, əbədi yaşantıya körpü seçilir.
Məhz buna görə də "vətəni basılmayan igidin xatirəsi
unudulmaz", - deyirlər.
Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı
kəndində 5 aprel 1969-cu ildə dünyaya göz açan
Şövqiyar Abdullayev də belə qəhrəmanlardandır. 1986-cı
ildə doğma kəndi Nərimanlıda orta məktəbi bitirən bu
gənc qəbul olunduğu Azərbaycan Dövlət Politexnik
İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti)
yalnız birinci kursunu qurtara bilib və hərbi xidmətə
çağırılıb. 1989-cu ildə hərbi xidməti Monqolustanda,
tank qoşunları tərkibində başa vuran Şövqiyar təhsilini
yenə də sona qədər davam etdirə bilməyib. Belə ki,
1992-ci ildə bu vətənpərvər gənc könüllü olaraq Milli
Orduya yazılıb. O, döyüş bacarığına və tank
mütəxəssisi olduğuna görə Ağdamdakı tank briqadasına
komandir təyin olunub. Şövqiyarın qəhrəmanlığa aparan,
sonda onu əbədiyyətə qovuşduran döyüş yolu beləcə
başlayıb... Haqqında qısaca məlumat verdiyimiz
Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev
haqqında oxuculara təqdim etdiyimiz "Şövqiyar" adlı bu
kitab rəşadətli döyüş yolu keçən igid Vətən oğlunun
göstərdiyi şücaətlərdən, Papravənd, Pircamal,
Aranzəmin, Dranbon və digər kəndlərin düşmən tapdağından
azad olunması uğrunda gedən ağır döyüşlərdə düşmənə
endirdiyi sarsıdıcı zərbələrdən bəhs edir. "Zəfər
qalası" qəzetinin baş redaktoru, tədqiqatçı jurnalist
Natella Asenanın ürək ağrısı, eyni zamanda qürur hissi
ilə qələmə aldığı bu kitab hər bir oxucunu Şövqiyar
itkisi ilə kövrəltdiyi qədər Şövqiyar ölməzliyi qədər
də qürrələndirir. Bir daha əmin olursan ki, Şövqiyar
kimi, Mübariz kimi, yüzlərlə, minlərlə igid, mərd, cəsur
oğulları ilə öyünən Azərbaycanın ayrılmaz hissəsi olan
Qarabağ heç vaxt düşmən tapdağında qalmayacaq.
Sifai SƏFƏROVA |