Azərbaycanın
gənc ekoloqları Rusiya Meşə Təsərrüfatı Federal
Agentliyi tərəfindən Azərbaycan Respublikası Təhsil
Nazirliyinə göndərilən dəvətnamə məktubuna əsasən 11-15
sentyabr 2012-ci il tarixlərində Moskva şəhərində
keçirilən Gənclərin 9-cu Beynəlxalq Meşə Müsabiqəsində
iştirak etmişlər. Ölkəmizin nümayəndə heyətini
Azərbaycan Qərb Universitetinin nəzdində tam orta
məktəbin biologiya müəllimi Nailə Rəhimovanın rəhbərliyi
ilə, Şamaxı rayonu Yusif Məmmədəliyev adına qəsəbə tam
orta məktəbin 10-cu sinif şagirdi, 2012-ci ilin yanvar
ayında Təhsil Nazirliyi tərəfindən keçirilən gənc
meşəçilərin Respublika müsabiqəsinin qalibi Kamran
İsmayıllı və Odlar Yurdu Universitetinin riyaziyyat,
informatika və texniki elmlər fakültəsinin
mühəndis-ekoloq ixtisası üzrə III kurs tələbəsi Cəlal
Axundov təmsil etmişlər.
Beynəlxalq müsabiqədə iştirak etmək üçün gənc ekoloqlar
meşələrin öyrənilməsi və qorunmasına həsr etdikləri
ekoloji layihələri Təhsil Nazirliyi Respublika Ekoloji
Tərbiyə və Təcrübəçilik Mərkəzinə təqdim etmişlər.
Kamran İsmayıllının "Pirqulu meşələrinin öyrənilməsi və
bərpası üsulları", Cəlal Axundovun "Hirkan Milli
Parkında meşələrin təbii bərpasının öyrənilməsi"
mövzusunda ingilis və rus dillərində hazırladıqları
ekoloji layihələr müzakirə edilərək beynəlxalq
müsabiqəyə təqdim edilməsi tövsiyə olunmuşdur.
Azərbaycan
Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə
və Təcrübəçilik Mərkəzinin dəstəyi və Rusiya Meşə
Təsərrüfatı Federal Agentliyinin təşkilatçılığı ilə gənc
ekoloqların arzusu reallaşdı. Moskva şəhərində 35
ölkədən 130-dan artıq məktəbli və tələbənin iştirak
etdiyi möhtəşəm beynəlxalq müsabiqə gənclərin
xatirəsində silinməz izlər qoydu.
Azərbaycanın nümayəndə heyəti müsabiqədə iştirak edən
həmyaşıdları ilə sıx dostluq əlaqələri yaradaraq
ölkəmizin təbii sərvətləri haqqında, meşələrin qorunması
sahəsində dövlət səviyyəsində görülən işlər barədə
ətraflı məlumat vermişlər. Kamran İsmayıllı və Cəlal
Axundov beynəlxalq auditoriya qarşısında çıxış edərək
ölkənin meşə regionlarının orta məktəblərində təşkil
olunan gənc meşəçilər dəstələrinin fəaliyyəti, meşələrin
qorunması, bərpası və artırılmasında təhsil alan
gənclərin iştirakı, məktəblilərin və tələbələrin
iştirakı ilə əhali arasında aparılan təbliğat, ekoloji
tədqiqatlar və təcrübəçilik işləri barədə hazırladıqları
slaydları nümayiş etdirmişlər. Dünyanın 10 ölkəsini
təmsil edən tanınmış alimlərdən ibarət münsiflər
heyətinın sualları cavablandırılaraq əldə olunan
nəticələr barədə məlumat verilmişdir.
Gənc meşəçilər dəstəsinin lideri Kamran İsmayıllı
Qarabağın işğal olunmuş torpaqları barədə elektron
təqdimatı müxtəlif ölkələrin gəncləri və məktəbliləri
qarşısında nümayiş etdirərək onların diqqətini təbii
sərvətlərin amansızcasına məhv edilməsi və əvəzolunmaz
meşə sərvətlərinin itirilməsi probleminə cəlb etmişdir.
Ölkəmizin işğal altında olan torpaqlarında baş verən
hadisələri dünya ictimaiyyətinə çatdırmaq üçün
Azərbaycan məktəblisinin təşəbbüsü ilə Qərbi Avropa,
Amerika, Afrika və digər regionlardan olan gənclər elan
edilməmiş müharibənin acı həqiqətləri barədə ətraflı
məlumatlandırılmışlar.
Beynəlxalq müsabiqədən zəngin təəssüratlarla ayrılan
gənclərimiz Rusiya Meşə Təsərrüfatı Federal Agentliyinin
təsis etdiyi medallar, diplomlar və qiymətli
hədiyyələrlə mükafatlandırılmışlar. |