İnsan fərd kimi dünyaya gəlir, şəxsiyyət kimi
formalaşır. Şəxsiyyətin formalaşması uşagın özünü
dərk edib, "mən" kəlməsini işlətməsindən başlayır. Bu
proses ilk ailə tərbiyəsindən insanın ömrünün sonuna
kimi davam edir. Uşaqlar hələ kiçık yaşlarından ətraf
aləmi dərk etməyə çalışırlar. Gördükləri hər bir
şeylə maraqlanır, böyüklərə çoxlu suallar verməklə
biliklərini artırırlar. Bagça dövründə saymağı, sadə
hesablamaları, müxtəlif şeir və oyunları öyrənirlər.
Bağça yoldaşları ilə ünsiyyət qurub kollektivə
uyğunlaşırlar. Onlar məktəb həyatına hazırlaşırlar.
Məktəb dövründə onların şəxsiyyət kimi formalaşma
prosesinə müəllimlər nəzarət edirlər. Bu prosesdə
dərsliklərin, dərs vəsaitlərinin, dərs metodlarının
rolu əvəzsizdir. Fəal təlim metodlarının da xüsusi yeri
vardır. Ona görə də fəal təlim metodları
şəxsiyyətyönümlü metod adlanır. Bu metodların
üstünlüyü ondadır ki, dərs prosesində hər bir
şagird şəxsiyyət kimi götürülür, onların hər
birinin fikrinə hörmətlə yanaşılır. Bu fikirlər
yanlış olsalar belə, hər bir şagird təklif
vermək, müzakirələrdə iştirak etmək, müəllimin fikri
ilə razılaşmamaq iqtidarında olur. Müəllim
tərəfindən qoyulmuş motivasiya və tədqiqat sualları
şagirdlərə bilikləri sərbəst əldə etməyi, yəni
öyrənməyi öyrədir. Qruplarla iş prosesində isə müəllim
şagirdlərə əməkdaşlıgı, fikirləri bölüşməyi, təkliflər
verməyi, analiz etməyi və yekunda bir nəticəyə
gəlməyi öyrədir. Bu isə şagirdlərdə özünə inam
formalaşdırır. Bu da şəxsiyyət üçün vacib
keyfiyyətlərdəndir.
Beləliklə, məktəb dövründə mərhələlərlə formalaşmış
keyfiyyətlər insanın bütün həyatında böyük rol oynayır.
İnsan hər hansı bir situasiyadan çıxmaq üçün yollar
axtararkən müxtəlif variantlar irəli sürür, hər bir
variant üzrə araşdırma aparır və ən optimal
variantı seçir. Belə olduqda isə səhvetmə ehtimalı
azalır. Hadisələri qabaqcadan proqnozlaşdırmağı öyrənir.
Görəcəyi işin nəticəsini əvvəlcədən müəyyən edə bilir.
İş yerində iş yoldaşları ilə yaxşı ünsiyyət qurmağı,
ətrafında insanlar toplamağı, liderlik etməyi
bacarır. Müəllim fasilitasiyası ilə əldə etdikləri
idraki, emosional, psixomotor fəaliyyəti gələcəkdə
şagirdin cəmiyyətdə seçilən bir şəxsə çevrilməsinə
yardımçı olur. Daim kreativ düşüncə tərzinə malik
olur. Cəmiyyətdə gedən proseslərə biganə qalmır, bu
proseslərin iştirakçısı olur. Öz şəxsi fikri və şəxsi
mövqeyi olan bir insan kimi tanınır.
Bu gün cəmiyyətimizdə belə şəxslərə daha çox
ehtiyac var. Bu məsələ dövlətimiz tərəfindən də daim
diqqət mərkəzində saxlanılır. Neftdən gələn gəlirləri
insan kapitalına çevirmək Prezidentimizin əsas
siyasətlərindən biridir. Bu işdə isə ilkin vəzifə
müəllimlərimizin üzərinə düşür. Çünki hər bir tanınmış
şəxsin yolunun başlanğıcı məktəbdir. Son dövrlərdə
məktəblərə göstərilən diqqət və dövlət qayğısı bunu
deməyə əsas verir. Azərbaycan gəncləri yaxın zamanlarda
öz bilik və bacarıqları ilə dünyada sözlərini deyəcək və
təhsil sahəsində daha da böyük uğurlara imza atacaqlar.
Müəllimlərimiz isə onlara yaradılmış müasir şəraitdən
yararlanaraq qarşılarına qoyulan məqsədlərinə nail
olacaqlar. Çünki hər bir bilikli, savadlı gənc
Azərbaycanın kapitalıdır. Bu kapitalı daim artırmaq da
hər bir Azərbaycan vətəndaşının borcudur.
Akif ŞİRİNOV,
Bakıdakı 49 nömrəli "İntellekt" məktəb-liseyin
riyaziyyat müəllimi
|