Respublikamızın
hər yerində, bütün təhsil müəssisələrində olduğu kimi,
sentyabrın 15-də Sumqayıt şəhərindəki humanitar və
təbiət-riyaziyyat təmayüllü "İstedad" liseyində də -
"Bilik günü"nə və yeni tədris ilinin başlanmasına həsr
olunmuş təntənəli mərasim keçirilmişdir.
Əvvəlcə Dövlət himni səslənmişdir. Sonra liseyin
direktoru Adilə Süleymanova əlamətdar hadisə
münasibətilə məktəbliləri və pedaqoji kollektivi təbrik
edərək onlara yeni dərs ilində müvəffəqiyyətlər
arzulamışdır.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin baş
məsləhətçisi Fərman Kazımov, şəhər təhsil şöbəsinin
nümayəndəsi Səadət Quliyeva, Sumqayıt Dövlət
Universitetinin kafedra müdiri, dosent Rəhilə Əhmədova
və başqaları çıxış edərək təhsil sahəsində köklü
islahatların və onun dünya təhsil sisteminə
inteqrasiyasının əsasının ulu öndər Heydər Əliyev
tərəfindən qoyulduğunu, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin rəhbərliyi ilə təhsil müəssisələrinin
maddi-texniki bazasının daha da möhkəmləndirilməsi,
yenidən qurulması və yeni məktəblərin tikilərək
istifadəyə verilməsi istiqamətində mühüm addımlar
atıldığını, göstərilən sferaya dövlət qayğısının ilbəil
artdığını bildirmişlər.
Xüsusilə qeyd olunmuşdur ki, bu yüksək diqqət və qayğı
sayəsində son illər təhsilin keyfiyyəti xeyli yüksəlmiş,
bunun məntiqi nəticəsi olaraq nəinki Sumqayıt şəhərinin,
eləcə də respublikamızın ən qabaqcıl təhsil
müəssisələrindən birinə çevrilmiş "İstedad" liseyi ötən
tədris ilini də yüksək göstəricilərlə başa vurmuşdur.
Belə ki, liseyin ötənilki məzunlarının hamısı test
imtahanlarını müvəffəqiyyətlə verərək ali məktəblərə
qəbul olunmuş, onlardan 2-si 650-dən çox bal
toplamışdır.
Daha sonra liseyin şagirdləri öz istedadlarını poeziya
və bədii yaradıcılıq sahəsində də göstərmiş, şeirlər
söyləmiş, müxtəlif musiqi parçalarını və rəqsləri ifa
etmişlər. Sonda ilk zəng çalınmışdır. Birinci sinif
şagirdləri ilk dəfə otaqlara daxil olmuşlar. Liseyin
direktoru A.Süleymanova bir daha birinciləri yeni dərs
ili münasibətilə təbrik etmiş, uğurlar diləmiş, onların
bu qabaqcıl tədris müəssisəsinin ənənələrini layiqincə
davam etdirəcəklərinə əminliyini vurğulamışdır. |