Sentyabrın 15-də Bakı Dövlət Universitetinin nəzdində
fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Bilik
günü"nə həsr edilmiş təntənəli mərasim keçirildi. Tədbir
Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi
ilə başladı. Sonra BDU-nun rektoru, Milli Məclisin
deputatı, akademik Abel Məhərrəmov çıxış edərək tədbir
iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə
təbrik etdi, onlara təhsildə və pedaqoji
fəaliyyətlərində böyük uğurlar qazanmağı arzuladı.
Akademik A.Məhərrəmov lisey haqqında məlumat verərək
bildirdi ki, bu təhsil müəssisəsi ölkə Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş "Xüsusi
istedada malik uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı
(2006-2010-cu illər)" çərçivəsində 2007-ci ildən
fəaliyyət göstərir. Liseyin yaradılmasında əsas məqsəd
istedadlı uşaqların aşkara çıxarılması, onların
potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli
təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.
"Gənc istedadlar" liseyində şagirdlərin yüksək səviyyədə
təhsil almaları üçün hər cür şəraitin olduğunu
valideynlərin diqqətinə çatdıran rektor qeyd etdi ki,
burada Azərbaycan və rus bölmələrində təhsil alan 500
şagirdin təlim-tərbiyəsi ilə 75 müəllim məşğul olur ki,
onların 21 nəfəri məhz BDU-nun elmi dərəcəsi olan
əməkdaşlarıdır. Müəllimlərin 1 nəfəri elmlər doktoru, 20
nəfəri müxtəlif elmlər üzrə fəlsəfə doktoru, 3 nəfəri
isə əməkdar müəllimdir. Şagirdlər tələbələrlə birlikdə
BDU-nun maddi-texniki bazasından - laboratoriya,
kitabxana və idman komplekslərindən istifadə edirlər.
Xüsusi istedadı ilə seçilən 35 şagird universitetin
tanınmış alimlərinə təhkim olunub.
Bunun nəticəsi olaraq liseydə böyük nailiyyətlər əldə
edilib. İndiyədək bu təhsil ocağını bitirmiş məzunlar
ölkəmizin və dünyanın ən nüfuzlu ali məktəblərinin
tələbəsi adını qazanıblar.
Abel Məhərrəmov xüsusilə bu il 5-ci sinfə qəbul olunmuş
şagirdləri və onların valideynlərini təbrik etdi, minə
yaxın uşağın arasından seçilmiş 80 şagirdin də yaxşı
oxuyaraq universitetin adını ləyaqətlə doğruldacağına,
bu ada şərəf gətirəcəyinə ümid etdiyini dedi.
"Gənc istedadlar" liseyinin direktoru, professor Qasım
Hüseynov da, öz növbəsində, "Bilik günü" münasibətilə
şagirdləri, onların valideynlərini, müəllimləri təbrik
etdi və vaxt ayırıb bu mərasimə qatılan qonaqlara
təşəkkürünü bildirdi. Ötən illər kimi, 2011-2012-ci
tədris ilinin də lisey üçün çox uğurlu olduğunu deyən
direktor onlardan söz açdı. Qeyd edək ki, indiyədək
liseyin 4 buraxılışı olmuş, 103 məzunun hamısı dövlət
ali məktəblərinə qəbul olunmuşdur. Onlardan 36 nəfəri
ali təhsil almaq üçün məhz BDU-nu seçmişdir. 3 nəfər
Prezident təqaüdünə, 2 nəfər qızıl medala layiq
görülmüşdür. Liseyin şagirdləri müntəzəm olaraq müxtəlif
olimpiadalarda, bilik və intellekt yarışlarında fəal
iştirak edirlər. 2011-2012-ci tədris ilində
məktəblilərin fənn olimpiadalarının respublika turunda 3
nəfər I, 3 nəfər isə III yeri tutmuşdur. İki il (2011 və
2012-ci illər) kimya fənni üzrə respublika fənn
olimpiadasının qalibi olmuş Sona Quluzadə aprel ayında
Qazaxıstanın Astana şəhərində keçirilmiş Beynəlxalq
Mendeleyev Olimpiadasında bürünc medal qazanmışdır.
May ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq
şəhərində keçirilmiş İntel İSEF - Beynəlxalq Elm və
Mühəndislik Sərgisinə ölkəmizdən 3 layihə təqdim
olunmuşdur ki, onlardan 2-si bu liseyin
şagirdlərinindir.
Liseyin şagirdi Nərmin Abbasova ulu öndər Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə
məktəblilər arasında keçirilmiş inşa yazı müsabiqəsinin
qalibi olmuşdur.
Liseyin X sinif şagirdi 2011-2012-ci tədris ilində
Azərbaycan və rus bölmələri üzrə liseyi bitirən 42
nəfərin hamısı ali məktəblərin tələbəsi adını qazanıb.
Onlardan 7 nəfəri qəbul imtahanlarında 600-dən, 15
nəfəri isə 500-dən yuxarı bal toplayıb. Liseyin yeni
dərs ilinin başlanmasına tam hazır olduğunu,
müəllimlərin böyük ruh yüksəkliyi ilə işə başladığını
deyən professor 2012-2013-cü tədris ilində də bu təhsil
ocağında çox böyük uğurların qazanılacağına əmin
olduğunu vurğuladı. Daha sonra tədbirdə qəbul
imtahanlarında 686 bal toplayaraq Prezident təqaüdünə
layiq görülən Bəhram Axundov, Beynəlxalq Mendeleyev
Olimpiadasının mükafatçısı Sona Quluzadə, liseyin 5-ci
sinfinə yüksək balla qəbul olan Fərid Mahmudov və
başqaları çıxış etdilər.
Təntənəli mərasim elm və bilik almağa səsləyən zəngin
çalınması ilə başa çatdı və şagirdlər sinif otaqlarına
yollandılar.
Hicran ƏKBƏROVA |