Bakıdakı
54 nömrəli
tam orta məktəbdə 15 sentyabr - "Bilik günü"
münasibətilə keçirilən tədbir Dövlət himnimizin
səslənməsi ilə başlayıb. Direktor Sahibə Abbasova
məktəbin qarşısına toplaşan birinciləri, onların
valideynlərini, bütün pedaqoji kollektivi təbrik edərək
yeni tədris ilində hər birinə uğurlar arzu edib.
Direktor Prezident İlham Əliyevin təhsilə göstərdiyi
diqqət və qayğıdan, Heydər Əliyev Fondunun təşəbbüsü ilə
tikilən və müasir tələblərə cavab verən məktəblərdən,
şagirdlərə yaradılan şəraitdən də danışıb.
Bildirilib ki, hər il olduğu kimi, bu il də məktəbin
məzunlarının 79 faizi ali təhsil müəssisələrinə qəbul
olub, 15 nəfər 500-600 arası bal toplayıb. S.Abbasova
54 nömrəli məktəbin şagirdlərinin Bakı Şəhəri üzrə
Təhsil İdarəsi tərəfindən keçirilən bilik yarışlarında,
olimpiadalarda iştirak etdiyini və uğurlu nəticələr
göstərdiyini də qeyd edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin böyük məsləhətçisi
Rəfael Qasımov, məktəbin təlim-tərbiyə işləri üzrə
direktor müavini Təranə Seyidova, qocaman müəllim Yusif
Quliyev, ibtidai sinif müəllimi Rəna Seyidova da tədbir
iştirakçılarını salamlayıb, onlara xoş arzu və
diləklərini çatdırıblar. 654 bal yığaraq ali məktəbə
qəbul olmuş məzun Tamilla Bünyadova birincilərə uğurlar
arzu edib. İbtidai siniflər üzrə direktor müavini Zeynəb
Qasımovanın rəhbərliyi ilə fidan balaların - Ərhan
İbrahimli, Nadir Ağazadə, Jalə Məmmədli, Ayxan Mərdanov,
Kamran Həziyev, Suqra İsmayılova və Nigar Məmmədlinin
ifasında səslənən gözəl və mənalı şeirlər tədbir
iştirakçılarının könlünü oxşayıb.
***
"Bilik
günü" münasibətilə Türk Dünyası Araşdırma Vəqfı Bakı
Atatürk liseyində də tədbir keçirilib.
Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndikdən
sonra ümummilli lider Heydər Əliyevin "Bir millət, iki
dövlət" müdrik kəlamını xatırladaraq çıxışına başlayan
liseyin müdiri Şinasi Günər yeni dərs ili münasibətilə
şagird və valideynləri salamlayıb, onlara xoş arzu və
istəklərini çatdırıb. O, liseyin tarixindən,
fəaliyyətindən, əldə etdiyi uğurlardan da bəhs edib.
Liseyin müdir müavini Vidadi Umudlu isə 2011-2012-ci
dərs ilinin yekunları haqqında məlumat verib. Məlum olub
ki, ötən il liseyin məzunu olmuş şagirdlərin hamısı
Azərbaycan və Türkiyənin aparıcı universitetlərinə qəbul
olunublar.
Sonra məktəbin ibtidai sinif müəllimi Zeliha Abdulla,
Azərbaycan dili müəllimi Mətanət Xuduyeva və kimya
müəllimi Rəna Hüseynovanın təşkilatçılığı ilə liseyin
şagirdləri bir-birindən maraqlı nömrələrlə çıxış
ediblər. III sinif şagirdləri Turhan İbrahimlinin,
Narıngül Xuduzadənin, I sinif şagirdi Türkel Alısoyun,
Alper Şərbətoğlunun, Elvira Məmmədovanın, Firuzə
Mahmudovanın ifa etdikləri şeirlər və rəqslər da maraqla
qarşılanıb.
***
Gəncə şəhər 37 nömrəli
tam orta məktəbdə "Bilik günü" qeyd olunub. Şagird və
valideynlər qarşısında çıxış edən məktəbin direktoru
Mehdi Əliyev yeni dərs ili münasibətilə təbriklərini
çatdırıb, onların hər birinə uğurlar arzu edib.
Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və
qayğıdan danışan direktor, həmçinin 37 nömrəli məktəbin
göstəriciləri, tədrisdə nailiyyətləri haqqında məlumat
verib. Tədbirdə çıxış edən şəhər təhsil idarəsinin və
icra hakimiyyətinin nümayəndələri yeni dərs ilində
təhsil ictimaiyyətinə, məktəb kollektivinə uğurlar
arzulayıblar. Sonra 1-ci sinif şagirdlərindən Özləm
Əhmədli, Gülnaz, Ayxan və Orxan Cəfərovlar çıxış
ediblər. Onların məzmunlu şeirləri bütün tədbir
iştirakçılarının ürəyincə olub. Birincilər ilk zəngin
sədaları altında sinif otaqlarına daxil olublar.
***
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli
tam orta məktəbdə də "Bilik günü" təntənəli şəkildə qeyd
olunub. Məktəbin direktoru Yusif Yusifov çıxış edərək
Prezident İlham Əliyevin təhsilə, müəllimlərə xüsusi
diqqət yetirdiyini vurğulayıb. Yeni dərs ilinin
başlanması münasibətilə şagirdləri, pedaqoji kollektivi,
valideynləri təbrik edən, onlara uğurlar arzulayan
direktor qeyd edib ki, cari ildə məktəbin məzunlarının
67,5 faizi ali məktəblərə daxil olub.
Tədbirdə tələbə adını qazanan məzunlara, məktəbə ilk
addımlarını atan birincilərə təbriklər ünvanlanıb.
Şagirdlərin ifasında konsert proqramı təqdim olunub.
Sonda yeni dərs ilinin başlandığını bildirən ilk zəng
çalınıb.
***
"Bilik günü" Bakıdakı 35 nömrəli tam orta
məktəbdə də yaddaqalan, maraqlı bayram şənliyi kimi
keçirildi.
Tədbir başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin və
torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş məktəbin
məzunlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad
edildi. Təhsili millətin gələcəyi hesab edən ümummilli
lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi yolundakı fəaliyyətindən danışan
tədbirin aparıcıları iştirakçıları yeni dərs ilinin
başlaması münasibətilə təbrik etdilər.
Məktəbin direktoru Rəna Naibova çıxış edərək pedaqoji
kollektivi, şagirdləri, onların valideynlərini ürəkdən
təbrik etdi. Şagirdlərə dərslərində uğurlar arzulayaraq
bu gün təhsilə göstərilən dövlət qayğısından söz açdı.
Çıxış edən qonaqlar bu gün məktəblərdə daha yaxşı
şəraitin yaradılmasından, şagirdlərin üzərinə düşən
vəzifələrdən söhbət açdılar.
Tədbir birincilərin ifa etdikləri müxtəlif rəqs
nömrələri ilə başa çatdı.
***
Respublikamızın hər yerində olduğu kimi, Bakıdakı 167
nömrəli tam orta məktəbdə də "Bilik günü" təntənə
ilə qeyd olundu. Mərasimi məktəbin direktoru Vaqif
Quliyev açaraq yeni dərs ilinin başlanması münasibətilə
müəllim və şagirdləri təbrik etdi. Məktəbin
nailiyyətlərindən danışan V.Quliyev qeyd etdi ki,
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan
təhsil islahatları bu gün öz bəhrəsini verməkdədir. Bu
siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev
ölkəmizin təhsil sisteminə böyük diqqət və qayğı
göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən
"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi
çərçivəsində son illər respublikamızın müxtəlif
bölgələrində yüzlərlə məktəb binası tikilib istifadəyə
verilmişdir.
Sevindirici haldır ki, bu il məktəbimizi bitirən
məzunlardan 70 faizi tələbə adını qazanıb. Belə bir
uğurun əldə edilməsində göstərilən qayğıya və yaradılan
şəraitə görə ölkə rəhbərliyinə pedaqoji kollektivimiz
adından minnətdarlıq edirəm.
Sonra Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhəri üzrə
Təhsil İdarəsindən tədbirə gələn qonaqlar və digər
çıxış edənlər əlamətdar gün münasibətilə valideynləri,
müəllim və şagirdləri təbrik etdilər. Mərasim ilk
zəngin çalınması ilə sona çatdı.
***
Bakıdakı 14 nömrəli
tam orta məktəbdə "Bilik günü" münasibətilə tədbir
keçirildi. Dövlət himninin səslənməsindən sonra çıxış
edən məktəbin direktoru Hürzad Verdizadə yeni dərs
ilinin başlanması münasibətilə birinci sinif
şagirdlərini və onların valideynlərini təbrik etdi.
Bildirdi ki, 1969-cu ildən tikilib istifadəyə verilən
məktəb bu il ölkə başçısının yüksək diqqəti və qayğısı
sayəsində əsaslı təmir olunub. Direktor təhsilə
göstərilən qayğıya görə kollektiv adından Prezident
İlham Əliyevə minnətdarlıq etdi və daha yüksək
nailiyyətlərin əldə ediləcəyinə əminliyini bildirdi.
Qeyd olundu ki, məktəbin builki məzunlarının 60 faizə
qədəri ölkənin nüfuzlu ali məktəblərinə qəbul olub. İki
nəfər 600-dən yuxarı bal toplamışdır.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib
Məhəməliyev, Milli Məclisin deputatı Ziyad Səmədzadə,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Yaqut
Məmmədova çıxış etdilər.
Birincilər maraqlı musiqi və rəqs nömrələri ilə həmin
günü unudulmaz xatirəyə çevirdilər.
"Azərbaycan müəllimi" |