Sentyabrın
15-də Azərbaycan Müəllimlər İnstitutunda "Bilik günü" və
2012-2013-cü tədris ilinin başlanması münasibətilə
tədbir keçirildi. Tədbirdən əvvəl AMİ-nin
professor-müəllim heyəti, qonaqlar və tələbələr
institutun Heydər Əliyev Mərkəzini ziyarət etdilər və
ulu öndərin büstü önünə əklil qoydular.
İnstitutun rektoru, Milli Məclisin deputatı, professor
Aqiyə Naxçıvanlı çıxış edərək yeni dərs ilinin
başlanmasının mühüm ictimai-siyasi hadisə və hər bir
ailənin həyatında əlamətdar mərhələ olduğunu bildirdi.
Rektor təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulan təhsil, gənclər siyasətinin Prezident cənab
İlham Əliyev tərəfindən bu gün də uğurla davam
etdirildiyini vurğuladı.
Professor A.Naxçıvanlı Azərbaycan Müəllimlər
İnstitutunun professor-müəllim heyətinin və müasir
standartlara cavab verən tədris korpusunun, yataqxana
binasının yeni dərs ilində tələbələri qarşılamağa tam
hazır olduğunu tədbir iştirakçılarının diqqətinə
çatdırdı. 2012-ci ildə AMİ və onun filiallarına
ümumilikdə 1788 tələbə qəbul olunmuşdur. Rektor "Bilik
günü" münasibətilə bütün müəllim həmkarlarını,
tələbələri təbrik etdi, onlara uğurlar, sürətlə inkişaf
edən dövlətimiz, millətimiz adına gözəl nailiyyətlər
əldə etməyi arzuladı.
Dövlət himni səsləndirildikdən sonra institutun təhsilin
idarə edilməsi və peşə təlimi kafedrasının müdiri,
professor Ramiz Məmmədzadə çıxış edərək müəllim və
tələbələri təbrik etdi, onlara şərəfli müəllim peşəsinə
yiyələnməyin əhəmiyyətindən söz açdı. Bu gün cəmiyyətdə
vətənpərvər, savadlı gənclərin yetişdirilməsində
müəllimlərin üzərinə düşən böyük vəzifələr haqqında
danışdı, tələbələrə öz tövsiyələrini çatdırdı.
Daha sonra tədbirdə çıxış edən məzunlar, yüksək balla
instituta qəbul olmuş birinci kurs tələbələri və
valideynlər öz sevinclərini bölüşdülər, yüksək təhsil
almaq üçün yaradılan şəraitə görə institutun
rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda yüksək balla instituta qəbul olmuş bir qrup gəncə
tələbə bileti təqdim edildi. |