Bu fakt sentyabrın 15-də Qafqaz Universitetində
keçirilən 2012-2013-cü dərs ilinin açılışı mərasimində
açıqlandı. Tədbirdə universitetin professor-müəllim
heyəti, tələbələr, valideynlər, iş dünyasının
təmsilçiləri, mətbuat nümayəndələri iştirak edirdilər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal
Atatürkün, hər iki ölkənin müstəqilliyi uğrunda
mübarizədə şəhidlik zirvəsinə ucalan vətən övladlarının
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi,
Azərbaycan və Türkiyə respublikalarının dövlət
himnlərinin oxunması ilə başlayan mərasimdə Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç açılış
nitqi söylədi.
Tələbə və müəllimləri, mərasimin digər iştirakçılarını
yeni dərs ilinin başlanması və "Bilik günü" münasibəti
ilə təbrik edən rektor bir dünya universiteti, bilik və
elm mərkəzi olmaq yolunda uğurla irəliləyən
universitetlərinin son illər verdiyi təhsilin yüksək
səviyyəsinə görə həm Azərbaycan dövləti və xalqının, həm
də Türkiyə və bölgə ölkələrinin etibarını qazandığını
bildirdi.
Qeyd etdi ki, universitetin 3000-dən çox məzunu hazırda
dünyanın 54 ölkəsində çalışır. Azərbaycan xaricində 70,
ölkə daxilində 9 universitetlə əməkdaşlıq əlaqələri
quran universitet son 2 ildə Avropa İttifaqının 6
"TEMPUS" və 3 "Erasmus Mundus" tələbə mübadiləsi
proqramı qazanmışdır. Bir sıra iri beynəlxalq və
Azərbaycan şirkətləri ilə sıx əməkdaşlıq edən
universitetdə BP şirkətinin sponsorluğu ilə müasir kimya
mühəndisliyi laboratoriyaları yaradılmış, gələn ildə isə
inşaat mühəndisliyi laboratoriyasının açılması nəzərdə
tutulmuşdur.
Rektor, eləcə də universitetlərində "Azercell-Telekom"
şirkətinin sponsorluğu ilə yaradılmış 2, 3 və 4G
laboratoriyalarını, "Aksesuar-İnşaat" şirkətinin
sponsorluğu ilə açılmış elektronika laboratoriyasını iş
dünyası ilə əlaqələrə misal kimi göstərdi.
Professor A.Saniç çıxışında universitetlərinin bir sıra
beynəlxalq reytinq təşkilatlarının apardığı sorğuya görə
dünyanın 700 ən yüksək reytinqli universiteti siyahısına
düşdüyünü, Azərbaycanın ali məktəbləri arasında da bu
baxımdan öncüllərdən olduğunu vurğuladı. Qeyd olundu ki,
bu il ali məktəblərə qəbul imtahanlarında 650-dən çox
bal toplayan 50 abituriyent Qafqaz Universitetini
seçmişdir ki, bu da həmin ali məktəbin getdikcə artan
nüfuzundan xəbər verir. Rektor tələbələrə, xüsusən də bu
il Qafqaz Universitetini seçən gənclərə gələcək
təhsillərində uğurlar arzuladı.
Sonra mərasimdə "Çağ" Öyrətim İşlətmələri şirkətinin
prezidenti Ənvər Özərən, Abşeron Rayon İcra Hakimiyyəti
başçısının müavini Sərviz Süleymanov, Milli Məclisin
deputatı Kamilə Əliyeva və başqaları çıxış edərək
tələbələrə və müəllimlərə təbriklərini çatdırdılar.
Açılış mərasimində qəbul imtahanlarında ən yüksək - 700
bal toplayaraq Qafqaz Universitetinin Dünya
iqtisadiyyatı fakültəsinə qəbul olunmuş Nərgiz
Məzahirqızına, sənayenin təşkili və idarəetmə
fakültəsinə qəbul olunmuş Orxan Səfərova, 650-dən yüksək
bal toplamış tələbələrə mükafatlar təqdim edildi, təbrik
çıxışları oldu.
Tədbirdə habelə 2011-2012-ci dərs ilində universitetin
ən fəal klubu adını qazanmış "Oğuz klubu"nun rəhbəri
Kənan Şıxəliyevə, "İlin klub məsləhətçisi"
nominasiyasının qalibi, biznesin idarə edilməsi
fakültəsinin baş müəllimi Rasim Abutalıbova mükafatlar
təqdim olundu.
Mərasim "Tələbə baharı" IV ümumrespublika tələbə
yaradıcılığı festivalında müxtəlif nominasiyalar üzrə
qalib adını qazanmış universitetin musiqi kollektivləri
və tələbələrinin ifasında konsert proqramı ilə davam
etdi.
Yusif ƏLİYEV |