Sentyabrın 15-də ölkəmizin bütün ali, orta ixtisas və
ümumtəhsil məktəblərində olduğu kimi, Lənkəran Dövlət
Universitetində də yeni dərs ili - "Bilik günü" qeyd
edildi.
Universitetin rektoru, fizika-riyaziyyat elmləri
doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov
yeni dərs ilinin başlanması münasibətilə tələbələri
təbrik edərək ali təhsil ocağı haqqında məlumat verdi.
Universitetin dosenti, filologiya elmləri üzrə fəlsəfə
doktoru Mirhüseyn Abbas, valideynlər adından Əbdülhüseyn
Ağayev çıxış edərək tələbələri təbrik etdilər, onlara
elm və təhsildə uğurlar arzuladılar.
Tələbələr adından çıxış edən, 580-dən çox balla ali
məktəbə daxil olmuş Sara Ağayeva, yuxarı kurs
tələbələrindən Ülkər Salayeva, Sevinc Şirzadova ürək
sözlərini söyləyərək, təhsildə və universitetin ictimai
həyatında fəal iştirak edəcəklərinə söz verdilər.
Universitetə yüksək balla daxil olanların bir qrupuna
tələbə bileti təqdim edildi.
Sonda universitet bədii özfəaliyyət kollektivinin çıxışı
oldu.
Həmin gün universitetdə birinci kurs tələbələrinin
valideynləri ilə də görüş keçirildi. Universitetin
rektoru, professor Asəf İsgəndərov valideynləri
universitet həyatı ilə tanış etdi və maraqlandıqları
suallara cavab verdi.
Tədbirdə rayonun təhsil müəssisələrinin və ictimaiyyətin
nümayəndələri iştirak edirdilər.
Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universitetinin Mətbuat və informasiya
xidmətinin rəhbəri |