Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Yeni tədris ilinə qiymətli töhfə

 

 Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da böyük təntənə ilə qeyd olunan "Bilik günü"ndə yeni tədris obyektlərinin istifadəyə verilməsi artıq ənənə şəklini almışdır. Müasir tələblər səviyyəsində inşa olunmuş yeni təhsil müəssisələri  muxtar respublikada təhsilin məzmunca yenilənməsinin, təhsil ocaqlarının maddi-texniki və tədris bazasının möhkəmləndirilməsinin parlaq təzahürüdür. Regiondakı yeganə dövlət ali təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisindəki müasir tədris binaları  yeni tipli universitet şəhərciyini daha da gözəlləşdirir. 2012-2013-cü tədris ilinin başlanması münasibətilə universitetin təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin, pedaqoji fakültənin yerləşdiyi yeni tədris korpusu istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak  etmişdir. Ali Məclisin sədri çıxış edərək ali və orta ixtisas məktəblərinin tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, ümumtəhsil məktəblərinin şagirdlərini, elm və təhsil işçilərini, valideynləri "Bilik günü" münasibətilə təbrik etmiş, onlara yeni tədris ilində uğurlar arzulamışdır. Ali Məclisin sədri hər bir xalqın milli tərəqqisində, müstəqil dövlət quruculuğunda təhsilin mühüm rol oynamasından, ötən əsrin 70-ci illərindən etibarən ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda elm və təhsilin inkişafı istiqamətində qazanılan böyük uğurlardan danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikada bu sahədə əldə olunan nailiyyətlər bir daha sübut edir ki, Heydər Əliyev siyasətinin uğurlu davamı olaraq bu gün Azərbaycan təhsili milli maraqlara və ölkənin gələcək strateji məqsədlərinə yönəldilmiş, təhsilin yeni keyfiyyət mərhələsi təmin olunmuşdur. Məqsədyönlü təhsil strategiyasının nəticəsidir ki, Naxçıvanda möhkəm milli əsaslara malik, güclü maddi-texniki bazası olan müasir tipli universitet formalaşmışdır. 1967-ci ildə 3 müəllim və 103 tələbə ilə fəaliyyətə başlayan, hazırda 376 müəllimin çalışdığı universitetdə bu gün 5000-dən yuxarı tələbə təhsil alır. Dünya universitetləri səviyyəsində inkişaf etməkdə olan bu ali məktəb regionun elmi kadr potensialı, yüksək ixtisaslı mütəxəssislərlə təmin olumasında əsas rola malikdir. Məhz buna görədir ki, yeni tədris ilində respublikanın ümumtəhsil məktəblərinin məzunlarından 954-ü, muxtar respublika üzrə 842-si, 500-700 arasında bal toplayan 142, o cümlədən  muxtar respublika sakini olan 116  tələbə Naxçıvan Dövlət Universitetini seçmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni tədris obyektinin Naxçıvan Dövlət Universitetinin yaradılmasının 45-ci ildönümünə, müstəqil universitet kimi fəaliyyətinin  40 illiyinə təsadüf etdiyini vurğulayaraq yeni korpusunun açılışı və "Bilik günü" münasibətilə universitetin professor-müəllim heyətini və tələbələri bir daha təbrik etmişdir.

Bu il təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinə ən yüksək balla qəbul olan, Prezident təqaüdçüsü Qızıllı Süleymanova tələbələr adından çıxış edərək elmin və təhsilin inkişafına yaradılan yüksək şəraitə, ziyalı gəncliyə göstərilən diqqət və qayğıya görə  ölkə başçısına və muxtar respublika rəhbərliyinə minnətdarlıq etmiş, bu etimadı layiqincə doğruldacaqlarını bildirmişdir.

Universitetin rektoru, akademik İsa Həbibbəyli yaradılan şəraitə və göstərilən qayğıya görə universitet kollektivi adından minnətdarlıq etmiş, qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamı, Naxçıvan Muxtar Respublikasında intellektual potensiala  göstərilən əvəzsiz qayğı Naxçıvan Dövlət Universitetində də öz real inikasını tapmaqdadır. Universitetin çoxminli kollektivi və tələbə kontingenti bundan sonra da milli elmin və təhsilin tərəqqisi istiqamətində əzmlə çalışacaq, milli mənafeyə və müstəqil dövlət quruculuğuna xidmət edəcək.

Ali Məclisin sədri "Bilik günü" münasibətilə bu il Naxçıvan Dövlət Universitetinə yüksək balla daxil olmuş 15 tələbəyə və elmi-pedaqoji fəaliyyətləri ilə fərqlənən 10 müəllimə yeni nəsil dizüstü kompüter hədiyyə etmişdir. 

Açılışı bildirən lent kəsildikdən sonra yeni tədris korpusuna baxış keçirilmişdir.

1978-ci ildə orta məktəb üçün tikilmiş, sonradan ali məktəb üçün uyğunlaşdırılmış binaya 2 korpus və 1 mərtəbə əlavə olunmaqla inşa edilən yeni tədris korpusu Avropa standartlarına cavab verən, klassik və müasir memarlığın sintezini əks etdirən müasir arxitektura üslubu, gözəl interyeri, füsunkarlığı və təchizatı ilə seçilir. Beşmərtəbəli yeni binada yerləşəcək təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin əsası  1973-cü ilin oktyabr ayında yaradılmış coğrafiya fakültəsi  ilə qoyulmuşdur. Fakültədə 40 nəfər professor-müəllim heyəti, o cümlədən 1 nəfər AMEA-nın həqiqi üzvü, 3 elmlər doktoru, 30 dosent çalışır. Fakültədə beş ixtisas üzrə 353 tələbə təhsil alır ki, onlardan da 86 nəfəri bu il ali məktəbə qəbul olub. 1984-cü ilin sentyabrında təşkil olunmuş ibtidai təlim və məktəbəqədər tərbiyə fakültəsinin bazası əsasında yaradılmış pedaqoji fakültədə isə 40 nəfər əməkdaş, o cümlədən 5 elmlər doktoru, 13 dosent çalışır. Fakültədə 4 ixtisas üzrə təhsil alan 317 nəfər tələbədən 73 nəfəri bu il ilk dəfə tələbə kimi ali məktəb auditoriyasına qədəm qoyanlardır.

Yeni tədris binasında fakültələr üçün 64 tədris auditoriyası və mühazirə zalları, 2 dekanlıq və müəllimlər otağı, 8 kafedra, 2 kompüter sinfi, tədris və elmi-tədqiqat yönlü 12 laboratoriya, yüksək tədris şəraiti yaradılmış müxtəlif fənn kabinetləri, 7 elektron löhvə və 9 proyektorun yerləşdiyi elektron lövhə otaqları, muzeylər var. Tədris prosesində informasiya-kommunikasiya vasitələrindən səmərəli istifadə məqsədilə burada kompüter sinifləri yaradılmış, ümumilikdə 25 kompüter dəsti quraşdırılmışdır. Kompüterlərin hər biri İnternet şəbəkəsinə qoşulmuş, lokal informasiya mübadiləsindən istifadə imkanına malikdir.

Ali Məclisin sədri akademik Y.Məmmədəliyev adına Elmi-Tədqiqat Kimya Laboratoriyasında, "Qeyri-üzvi kimya", "Analitik kimya", "Ümumi və yüksək molekullu birləşmələr kimyası", "Kimya texnologiyası və neft kimyası",  "Fiziki və kolloid kimya", "Elektrokimya və metallar kimyası", "Biokimya", "İnsan və heyvan fiziologiyası" laboratoriyalarında olmuşdur. Buradakı müasir texniki avadanlıqlar, laborator cihazlar tədris prosesində, elmi tədqiqat işləri zamanı kimyəvi təcrübələrin, biokimyəvi analizlərin aparılması üçün nəzərdə tutlmuşdur. Ali Məclisin sədri "Biokimyanın tədrisi metodikası", "Anatomiya", "Fənlərin tədrisi metodikası" və digər fənn kabinetlərində yaradılan yüksək tədris şəraiti ilə də tanış olmuşdur. Yeni tədris ilindən "Sitologiya, histologiya, botanika və embriologiya", "Genetika və seleksiya", "Bitki sistematikası" kabinetləri də müəllim və tələbələrin ixtiyarına veriləcək. Ali Məclisin sədri təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki muxtar respublikanın təbii sərvətlərini, bioresurslarını və mineral ehtiyatlarını, zəngin florasını sərgiləyən Coğrafiya, Zoologiya, Botanika muzeylərində də olmuşdur.

Pedaqoji fakültənin "Məktəb tarixi" kabinetində isə milli təhsil tarixindən bəhs edən, Azərbaycan maarifçilik hərəkatında, ictimai fikir tarixini əks etdirən, yazıçı publisistlərin, pedaqoqların həyat və fəaliyyəti haqqında stendlər nümayiş olunur.

Yeni korpusda regionda idman mütəxəssislərinin hazırlanmasında öz yeri olan pedaqoji fakültənin tələbələri üçün böyük idman zalı, ağırlıqqaldırma, şahmat və tennis otaqları, soyunub-geyinmə otaqları istifadəyə verilmişdir. Universiteti respublika və beynəlxalq miqyaslı yarışlarda layiqincə təmsil edən, əhəmiyyətli qələbələr qazanan müxtəlif idman komandalarının əsasını təşkil edən bu fakültədə idmanın inkişafı üçün yaradılan şərait idmançılarımızı daha böyük qələbələrə ruhlandıracaq.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova universitet ərazisindəki növbəti quruculuq işləri barədə məlumat verilmişdir. Ali Məclisin sədri yeni tikiləcək Baytarlıq Mərkəzi və tibb fakültəsi üçün nəzərdə tutulan müasir klinikanın layihələri ilə tanış olmuş, yeni obyektlərin tikintisi ilə bağlı tövsiyələr vermişdir.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov