"Kaspi"
Təhsil Mərkəzi 2011-2012-ci tədris ilinin yekunları ilə
bağlı hesabat tədbiri keçirib
Sentyabrın 14-də "Kaspi" Təhsil Mərkəzinin (TM)
rəhbərliyi 2011-2012-ci tədris ilinin yekunları ilə
bağlı hesabat tədbiri keçirmişdir.
Tədbirdə əvvəlcə "Kaspi" TM-nin fəaliyyətini əks etdirən
videoçarx nümayiş olunmuşdur.
"Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyeva yeni dərs
ili qarşısında TM-də görülən işlər, qazanılan uğurlar
barədə danışmış, gələcək planlar barədə məlumat
vermişdir.
Bildirmişdir ki, "Kaspi" TM-nin abituriyent şöbəsi 5-ci
ildir ki, fəaliyyət göstərir. Bu ilədək minə yaxın
abituriyent hazırlıq keçərək həm Azərbaycanın, həm də
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin
tələbəsi adını daşımışdır. Gənclərin təfəkkürünün
inkişafı, peşəkar kadrlarla, təcrübəli müəllimlərlə
işləmək, münbit dərs şəraiti və zəngin dərs vəsaitlərini
ortaya qoymaq prinsipləri bəhrəsini vermişdir. Keçən
dərs ilində tədris hazırlığı keçən abituriyentlərimizin
93 faizi ali məktəblərə qəbul olmuşdusa, bu il həmin
göstərici 96 faiz təşkil etmişdir. Ən yüksək bal
toplamaq sahəsində də göstəricilərimiz keçən illəri
üstələmiş, 690 bal toplanmışdır. Halbuki, ötən il ən
yüksək balla ali məktəbə daxil olan abituriyentlərimizin
göstəricisi 670 bal olmuşdur. Bu faktlar onu göstərir
ki, uğurlarımız çox sevindiricidir.
Şura sədri qeyd etmişdir ki, ilk dəfə olaraq "Kaspi" TM
"Kaspi abituriyent" təqaüd paketini təsis etmişdir: "Biz
sınaq imtahanlarında 675 balı keçən 3 ən yaxşı şagirdə
aylıq 250 manat, 650 balı keçən ilk üç ən yaxşı şagirdə
aylıq 200 manat, 600 balı keçən ilk 3 ən yaxşı şagirdə
aylıq 150 manat təqaüd paketi təsis etmişik. İki ildir
ki, yüksək balla ali məktəblərə qəbul olan
tələbələrimizin əksəriyyəti bizim bu təqaüd paketindən
yararlanmışdır".
Bu dərs ilindən Azərbaycanda ilk dəfə olaraq "Oxu TV"
layihəsinin həyata keçiriləcəyini söyləyən S.Vəliyeva
demişdir: "Yeni layihə repetitor yanına getməyə imkanı
olmayan şagirdlər üçün nəzərdə tutulmuşdur. Şagirdlər
istənilən fənni bu proqramda tapacaqlar. Həmin fənlər
respublikanın qabaqcıl müəllimləri tərəfindən tədris
edilir. Proqram İnternet vasitəsilə pulsuz olaraq
ictimaiyyətin istifadəsinə veriləcəkdir. Bu, həmçinin
repetitor yanına gedə bilməyən imkansız uşaqlar üçün
sərfəlidir. "Kaspi" TM-də bu kimi modern layihələrin
hazırlanması davam edəcəkdir".
S.Vəliyeva bildirmişdir ki, digər fəaliyyət
sahələrimizdən biri olan "Kaspi xaricdə təhsil" şöbəsi
xaricdə təhsil, peşə artımı, orta məktəblərdə
təhsilalma, müxtəlif tələb olunan səviyyədə ali
məktəblərə hazırlıq proseslərinin təşkil olunması və
digər işləri öz üzərinə götürmüşdür. "Kaspi xaricdə
təhsil" dünyanın 120-dən çox nüfuzlu universitetləri ilə
əməkdaşlıq edir. Yarandığı vaxtdan bu günədək 200-dən
çox tələbə nüfuzlu xarici universitetlərə qəbul
olunmuşdur.
Tədbirdə çıxış edən "Kaspi" TM-nin direktoru Elnur
Əliyev və tarix elmləri doktoru Aslan Xəlilov mərkəzin
fəaliyyətini yüksək qiymətləndirmişlər. Bildirmişlər ki,
beynəlxalq standartlara cavab verən TM vətəndaşlara
yaşından asılı olmayaraq təhsil almağa, biliklərini
genişləndirməyə, peşəkarlıq qabiliyyətlərini artırmağa
imkan verən yüksək keyfiyyətlə fəaliyyət göstərən təhsil
kompleksidir.
Sonda "Kaspi" TM-nin yüksək balla ali məktəblərə qəbul
olunmuş tələbələrinə hədiyyələr təqdim olunmuşdur.
AzərTAc |