Pakistanın
Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən
2007-ci ildə tikilmiş və 2012-ci ildə yenidən qurulmuş
qızlar məktəbinin açılış mərasimi olmuşdur. Məktəb
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını
daşıyır.
Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a
bildirmişlər ki, mərasimdə bu ölkənin təhsil naziri
Sadiq Dar, informasiya və yayım naziri Bazil Nakvi,
fövqəladə hallar katibi Sərdar Rəhim Xan, deputat Sədəf
Şeyx, səfir Daşqın Şikarov, səfirliyin əməkdaşları və
KİV-lərin nümayəndələri iştirak etmişlər.
Sadiq Dar və Daşqın Şikarov məktəbin rəmzi açılışını
bildirən lenti kəsdikdən sonra mərasim iştirakçıları
burada yaradılmış şəraitlə tanış olmuşlar.
Sonra səfir Daşqın Şikarov çıxış edərək Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə Azərbaycanda, Pakistanda və
digər xarici ölkələrdə həyata keçirilən irimiqyaslı
layihələr barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, Pakistanda baş vermiş zəlzələdən
zərər çəkmiş qızlar məktəbi 2007-ci ildə Azərbaycanın
birinci xanımının təşəbbüsü və dəstəyi ilə inşa edilmiş,
cari ildə isə həmin məktəb əsaslı təmir olunmuş, ərazisi
genişləndirilmiş və yenidənqurma işləri aparılmışdır.
Məktəbin beş əlaçı şagirdinə Heydər Əliyev Fondu
tərəfindən aylıq təqaüd ayrılmışdır.
Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə
Pakistanda silsilə humanitar yardımlar proqramı
çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq
tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı
peyvəndləşdirmə işləri aparılmış, Peşavar şəhərinin
"Akbar Care" serebral paraliç institutunda imkansızlar
üçün pulsuz müayinə təşkil edilmişdir. Eləcə də Xayber
Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və
uşaqlar xəstəxanasında açıq ürək əməliyyatları
aparılmış, Hamza Fondu (Peşavar) üçün müasir qanköçürmə
avadanlığı, laboratoriya ilə təchiz edilmiş "Suzuki"
markalı təcili tibbi yardım avtomobili və 2 min
qanköçürmə paketi alınmış, Xayber fondunun göz
xəstəxanasının yeni binasının inşası üçün maddi yardım
göstərilmiş, Ramazan ayında Pakistanda 11 uşaq evinin
1200-dən çox sakini üçün iftar süfrələri təşkil
edilmişdir.
Mərasim iştirakçılarına müraciət edən təhsil naziri
Sadiq Dar 2005-ci ildə baş vermiş zəlzələdən sonra
Azərbaycanın Pakistana yardım edən ilk ölkələr sırasında
olduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, təbii fəlakət
zamanı dağılmış 150 şagird yerlik məktəb binasının
yerində 500 nəfərlik müasir təhsil ocağı inşa
olunmuşdur. Natiq 2010-cu və 2011-ci illərdə baş vermiş
sel daşqınları zamanı məktəbə ciddi ziyanın dəydiyini
qeyd etmişdir. O, Mehriban xanım Əliyevanın təşəbbüsü və
dəstəyi ilə məktəb binasının yenidən qurulduğunu və
əsaslı təmir edildiyini, təhsil ocağının ərazisinin
genişləndirildiyini və abadlaşdırıldığını diqqətə
çatdırmışdır. Sadiq Dar görülən işlərə görə Azərbaycanın
birinci xanımına dərin minnətdarlığını bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun
prezidentinin Pakistan xalqına və xüsusən də uşaqlara
göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirən
ölkənin rəsmi dövlət orqanları bu məktəbə məhz Mehriban
xanım Əliyevanın adının verilməsini qərara almışlar. Bu
təhsil ocağı iki xalq arasında dostluq və qardaşlıq
rəmzinə çevrilmişdir.
Daha sonra tədbirdə məktəbin şagirdləri tərəfindən
hazırlanmış səhnəciklər nümayiş etdirilmiş, konsert
proqramı və ziyafət təşkil olunmuşdur.
Sonda hər bir şagirdə Heydər Əliyev Fondunun adından
məktəb ləvazimatları ilə dolu çantalar, səfirlik
tərəfindən İslamabadda dərc olunmuş "Heydər Əliyev -
Azərbaycanın ümummilli lideri", "Azərbaycan - Odlar
Yurdu" kitabları və iki kompüter hədiyyə edilmişdir. |