Qonaqları
səmimi salamlayan təhsil naziri onları Təhsil
Nazirliyində görməsindən məmnun olduğunu bildirdi.
Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan
əməkdaşlıq əlaqələrinin mühüm əhəmiyyətindən bəhs edən
Misir Mərdanov bu əlaqələrin genişlənməsində təhsil
sahəsi ilə bağlı layihələrin önəmli rol oynadığını qeyd
etdi. Nazir daha sonra Azərbaycanın təhsil sistemində
Avropa İttifaqının ayrı-ayrı proqramları çərçivəsində
həyata keçirilən layihələr barədə məlumat verdi.
Bildirdi ki, Təhsil Nazirliyinin bu qurumla əməkdaşlıq
əlaqələri əsasən TEMPUS proqramı çərçivəsində çox uğurla
davam edir. Bu əlaqələrin nəticəsində indiyədək
Azərbaycanda ali təhsilin inkişafına yönəlmiş 32 layihə
həyata keçirilib ki, həmin layihələr Avropa və dünya
təhsilinə inteqrasiya istiqamətində atılmış mühüm
addımlardır. 2007-ci ildən həyata keçirilməyə başlayan
Erasmus-Mundus, TAİEX proqramları və Tvininq layihəsi
çərçivəsində də bir sıra işlər görülmüş, tələbə, müəllim
və akademik heyətin mübadiləsi sahəsində müəyyən uğurlar
əldə edilmişdir.
Azərbaycan təhsilinin Avropa təhsilinə inteqrasiyası
istiqamətində son illərdə, ümumiyyətlə, çox böyük
nailiyyətlərin əldə olunduğunu deyən Misir Mərdanov
diqqətə çatdırdı ki, ölkəmiz 2005-ci ilin mayından
Boloniya prosesinə qoşulub və bu prosesdə çox fəal
iştirak edir. Nazir bu görüşün Avropa İttifaqı ilə
uğurlu əməkdaşlıq üçün əlavə imkanlar yaradacağına əmin
olduğunu vurğuladı.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi
Filip Lefort təhsil naziri Misir Mərdanova səmimi qəbul
üçün minnətdarlığını bildirdi. Qonaq Azərbaycan
təhsilinin Avropa təhsil məkanına inteqrasiyasını
qarşılıqlı əlaqələrin inkişafı və təcrübə mübadiləsi
baxımından yüksək dəyərləndirdi. Ölkələr arasındakı
əməkdaşlığın inkişafında təhsil sahəsinin mühüm rol
oynadığını qeyd edən F.Lefort həll olunmamış
münaqişələrdən əziyyət çəkən Cənubi Qafqazda sülh və
sabitliyin bərqərar olması üçün təhsil əlaqələrinin
genişlənməsinin əhəmiyyətindən söz açdı.
Daha sonra görüşdə Azərbaycanla Avropa İttifaqının
təhsil sahəsində əməkdaşlıq əlaqələri çərçivəsində
görüləcək işlərdən bəhs olundu və qarşılıqlı təcrübədən
faydalanmağın vacibliyi qeyd edildi, bir sıra
məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Hicran ƏKBƏROVA |