Azərbaycanın
elm və təhsil ictimaiyyətinə ağır itki üz vermişdir.
Respublikamızın tanınmış alimi, fəlsəfə elmləri doktoru,
əməkdar müəllim, Azərbaycan Müəllimlər İnstitutunun
tədris işləri üzrə prorektoru, professor Şamil Ağababa
oğlu Qasımlı 2012-ci il sentyabrın 16-da 71 yaşında
vəfat etmişdir.
Şamil Qasımlı 1941-ci il sentyabrın 16-da Sabirabad
rayonunda anadan olmuşdur. 1949-cu ildə Sabirabad rayon
rus orta məktəbinə daxil olmuş, 1959-cu ildə həmin
məktəbi bitirmişdir. O, 1960-cı ildə M.F.Axundov adına
Azərbaycan Pedaqoji Dillər İnstitutuna qəbul olunmuş,
1965-ci ildə həmin institutun rus dili və ədəbiyyatı
fakültəsini bitirmişdir.
Gənc mütəxəssis Şamil Qasımlı institutu bitirdikdən
sonra qısa müddət Azərbaycan Kommunist Gənclər İttifaqı
Mərkəzi Komitəsi aparatında təlimatçı və Abşeron
rayonunun məktəblərində rus dili müəllimi vəzifələrində
işləmişdir.
Professor Şamil Qasımlı 1966-cı ildə Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunda əmək fəaliyyətini davam
etdirmişdir. O, 1991-ci ilə qədər həmin institutda
müxtəlif vəzifələrdə çalışmışdır. 1969-1971-ci illərdə
prorektorun və rektorun köməkçisi, müəllim və baş
müəllim vəzifələrində işləmiş, 1975-ci ildən dosent
vəzifəsini tutmuş və doktorluq dissertasiyasını başa
çatdırmaq məqsədilə baş elmi işçi vəzifəsinə
köçürülmüşdür.
O, 1972-ci ildə Azərbaycan Dövlət Universitetində
namizədlik, 1989-cu ildə M.V.Lomonosov adına Moskva
Dövlət Universitetində doktorluq dissertasiyaları
müdafiə etmişdir.
İstedadlı alim Şamil Qasımlı M.V.Lomonosov adına Moskva
Dövlət Universitetində müvəffəqiyyətlə doktorluq
dissertasiyası müdafiə etdikdən sonra Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunda fəlsəfə kafedrasının dosenti,
1991-ci ildə həmin kafedranın professoru vəzifəsinə
seçilmişdir. Hələ gənc yaşlarından kollektivin etibarını
qazanmış Şamil Qasımlı ictimai həyatda da fəal iştirak
edərək institutun partiya komitəsi katibinin müavini,
həmkarlar komitəsinin, xalq nəzarəti komitəsinin sədri
vəzifələrində işləmişdir.
Bir neçə monoqrafiya və müxtəlif kitabların, 80-dən
artıq elmi əsərin müəllifi olan professor Şamil
Qasımlının əsas tədqiqat sahələri şəxsiyyətin
sosiallaşması, formalaşması və hərtərəfli inkişafı,
cəmiyyətin tərəqqisində insan amili, insanın mahiyyəti,
mövcudluğu və müasir cəmiyyətdə inkişaf meyilləri,
Azərbaycanda kadr hazırlanmasının aktual problemləri və
s. olmuşdur.
Professor Şamil Qasımlı 1991-ci ildə Bakı Sosial
İdarəetmə və Politologiya İnstitutunun professoru
vəzifəsində çalışmağa başlamışdır. 1999-cu ildən 2005-ci
ilədək Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında dekan, 2005-ci ildən
ömrünün sonunadək isə Azərbaycan Müəllimlər İnstitutunda
tədris işləri üzrə prorektor vəzifələrində işləmişdir.
Son illərdə professor Ş.A.Qasımlı bir neçə beynəlxalq,
regional və respublika elmi konfrans və simpoziumlarında
olduqca maraqlı problemlər üzrə çıxış və məruzələr
etmiş, onun Türkiyə, Moskva və Bakıda yeni düşüncə
tərzinə əsaslanan və mövcud reallığı əks etdirən maraqlı
əsərləri çap olunmuşdur.
Şamil müəllim öz intellektual potensialı, yüksək
mədəniyyəti və mənəvi keyfiyyətləri ilə tanınırdı.
Nəinki yaxınları, dostları, iş yoldaşları, hətta bircə
dəfə onunla ünsiyyətdə olanlar da Şamil müəllimin yüksək
mədəniyyətinə, intellektual potensialına, sağlam
düşüncəsinə hörmətlə yanaşırdılar, onun bu
keyfiyyətlərini yüksək qiymətləndirirdilər. O, insanları
sevirdi, gənclərə böyük məhəbbət bəsləyirdi, ağıllı,
bilikli, bacarıqlı və vicdanlı adamları dəyərləndirirdi.
Şamil Qasımlı qayğıkeş və nümunəvi ailə başçısı idi.
Vətənpərvər ruhda böyütdüyü övladlarının yüksək
ixtisaslı mütəxəssis kimi yetişməsinə çalışırdı.
Professor Şamil Qasımlını tanıyanlar onun çoxillik elmi
və pedaqoji fəaliyyətini və təşkilatçılıq qabiliyyətini
yüksək qiymətləndirirdilər. O, 2009-cu ildə "Əməkdar
müəllim" fəxri adına layiq görülmüşdü.
Görkəmli alim, sevimli müəllim, böyük insan, mənəvi
bütövlüyünə daima sadiq olmuş Şamil Ağababa oğlu
Qasımlının əziz xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Azərbaycan Müəllimlər İnstitutu |