Abşeron
rayonunun Xırdalan şəhərində 5 nömrəli tam orta məktəbin
yeni binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir
Mərdanov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
Zakir Fərəcov, Milli Məclisin deputatı Arif Alışanov
iştirak etmişlər.
Mərasim məktəblilərin ifasında Azərbaycanın Dövlət
himninin oxunması ilə açılmışdır. Bayram tədbirində
çıxış edənlər respublikanın sürətli inkişafından, yeni
məktəb binalarının tikintisindən, təhsildə qazanılan
uğurlardan danışmışlar.
Nəhayət, mühüm an gəlib çatmış, qırmızı lent
kəsilmişdir. Məktəb zəngi çalınmış və şagirdlər, o
cümlədən birinci sinifdə oxuyacaq uşaqlar yeni məktəb
binasının astanasına qədəm qoymuşlar. Qonaqlar siniflər,
fənn kabinetləri, idman və akt zalları, tibb məntəqəsi
və digər otaqlarla tanış olmuşlar.
Dördmərtəbəli məktəb binası köhnə məktəb binasının
yerində ucaldılmışdır. Doqquzillik məktəb ilk
şagirdlərini 1997-ci ildə qəbul etmişdir. 2002-ci ildə
tam orta məktəbə çevrilmişdir. Lakin şagirdlərin çoxluğu
tədris prosesində problemlər yaradırdı. Hazırda məktəbdə
967 şagird təhsil alır, 93 müəllim çalışır. |