Sentyabrın
17-də paytaxtın Nərimanov rayonunda Bakı Modern
Məktəbinin açılmasına həsr olunmuş mərasim
keçirilmişdir.
Mərasimdə təhsil naziri Misir Mərdanov, ABŞ-ın Harvard
Universitetinin beynəlxalq layihələr üzrə prezidenti,
professor Farhud Kaffi, Kaliforniya Universitetinin
professoru, doktor Tamar Endryus və digər rəsmi şəxslər
iştirak etmişlər.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev yeni dərs ili ərəfəsində daha iki məktəbin
əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə
verildiyini bildirərək rayon təhsil müəssisələrinin
yüksək nəticələr əldə etdiyini vurğulamışdır.
Təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin
inkişafına dövlətin diqqət və qayğısının nəticəsi olaraq
160-dan çox yeni məktəbin inşa edildiyini, bir çox
təhsil müəssisəsində əsaslı təmir və yenidənqurma
işlərinin aparıldığını qeyd etmişdir.
Bakı Modern Məktəbinin də paytaxtın təhsil sistemində
özünəməxsus yer tutacağına əminliyini bildirən nazir
müəssisənin şagird və müəllim kollektivinə yeni dərs
ilində uğurlar arzulamışdır.
Məktəbin direktoru Gülnarə Əfəndiyevanın verdiyi
məlumata görə, məktəbin I-X siniflərinə 305 şagird qəbul
edilmişdir. Azərbaycan və rus bölmələri ilə yanaşı, 1-ci
siniflər üçün ingilis bölməsi də açılmışdır.
Tədris prosesinin ənənəvi deyil, fəal təlim metodlarına
uyğun qurulacağı müəssisədə ingilis dilinin tədrisinə
ayrılan saatların sayı həftə ərzində 5-ə çatacaqdır.
Həmçinin informatika fənninin həftədə 3 saat tədrisi
nəzərdə tutulur.
Burada tədris Harvard Universitetinin proqramlarına
əsasən təşkil olunacaqdır. Dərsdən sonra şagirdlərin
rəsm, musiqi, rəqs, üzgüçülük dərnəklərində məşğul
olması üçün hərtərəfli şərait vardır. Bakı Modern
Məktəbində 8-ci sinifdən etibarən şagirdlərin sürücülük
kurslarında iştirakı da planlaşdırılır ki, bu məqsədlə
xüsusi otaq yaradılmışdır. Qiymətləndirmənin 50 ballıq
cədvəllə aparılacağı məktəbdə hər bir şagirdin inkişaf
kartı vasitəsilə fənlər üzrə əldə etdiyi nəticələri
izləmək mümkün olacaqdır. |