Heydər Əliyev Fondu tərəfindən "Təhsilə dəstək" layihəsi
çərçivəsində 2004-cü ildən başlayaraq yeni dərs ilinin
əvvəlində qaçqın və məcburi köçkün ailələrindən olan
birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının
paylanması artıq ənənəyə çevrilmişdir.
2012/2013-cü dərs ili ərəfəsində Heydər Əliyev Fondunun
həyata keçirdiyi aksiya qaçqın və məcburi köçkün
ailələrindən olan birinci sinif şagirdlərini çanta və
dərs ləvazimatı ilə təmin edəcəkdir. Bu məqsədlə
hazırlanmış 15 min çanta artıq məktəblərə paylanmışdır.
Məktəb həyatına Fondun töhfəsi ilə başlayan birinci
sinif şagirdlərinə təqdim olunan çantaya 15 adda dərs
ləvazimatı - fənn dəftərləri, üç adda albom, rəngli
karandaşlar, plastilin, boya, qayçı, qələm və s.
qoyulmuşdur.
Ötən illərdə Fond qaçqın və məcburi köçkün ailələrindən
olan birinci sinif şagirdləri ilə yanaşı, xaricdə
yaşayan soydaşlarımıza da öz töhfəsini göndərmişdir.
2008/2009-cu dərs ilində həyata keçirilən aksiya isə
bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə
paylanan çantaların sayı 130 minə bərabər olmuşdur.
AzərTAc |