Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi
təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən
yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirmək
və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan
məktəblilərinin seçilib İntel İSEF - Beynəlxalq Elm və
Mühəndislik Sərgisinə (ABŞ) göndərilməsini təmin etmək
məqsədi ilə
ƏMR EDİRƏM:
1. 2013-cü il 8-9 fevral tarixlərində Bakı şəhərində
İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi
çərçivəsində "Sabahın alimləri" II Respublika müsabiqəsi
keçirilsin.
2. Nəzərə alınsın ki, "Sabahın alimləri" II Respublika
müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin,
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və
"Mədəd" təşkilatının birgə təşkilatçılığı ilə həyata
keçirilir.
3. Ümumi təhsil müəssisələrinin direktorlarına
tapşırılsın:
3.1. "Kiçik Akademiyalar"ın fəaliyyətini gücləndirmək
istiqamətində konkret tədbirlər görülsün;
3.2. Ali təhsil müəssisələrinin alimləri ilə əlaqələrin
möhkəmləndirilməsi təmin edilsin;
3.3. Bir ay müddətində şagirdlərin tədqiqat mövzularının
və elmi rəhbərlərinin müəyyənləşdirilməsi və
sabahinalimleri.edu.az saytında online rejimində
qeydiyyatdan keçirilməsi təmin edilsin.
4. Müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət
Universitetinə (A.Məhərrəmov), Sumqayıt Dövlət
Universitetinə (N.Qəhrəmanov) və Qafqaz Universitetinə
(Ahmet Saniç) tövsiyə edilsin.
5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (N.Rzaquliyeva) və
Sumqayıt Şəhər Təhsil Şöbəsinə (V.Bağırov) müsabiqənin
təşkili ilə bağlı məsələlərin həllində ümumi təhsil
müəssisələrinə köməklik göstərilməsi tapşırılsın.
6. Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri, müsabiqənin
direktoru G.Hüseynovaya tapşırılsın:
6.1. Müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin
etsin;
6.2. Müsabiqənin Təlim Akademiyasının təşkilini və
treninqlərin keçirilməsini təmin etsin;
6.3. Müsabiqənin Münsiflər Heyətinin tərkibi haqqında
təkliflər hazırlayıb təsdiqə təqdim etsin:
6.4. Əmrin "Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
7. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi
(S.Məmmədov) müsabiqəyə texniki dəstəyin (müvafiq
elektron xidmətlərin) göstərilməsini təmin etsin.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və
nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin
etsin.
9. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə
göndərilməsini təşkil etsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 sentyabr 2012-ci il |