Sentyabrın
14-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 328
nömrəli orta məktəbin yeni binası istifadəyə
verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak
etmişlər.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi.
Məktəbin foyesində xalqımızın ulu öndəri Heydər Əliyevin
və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin
inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən
fotoguşələr yaradılmışdır.
Bildirildi ki, bu təhsil ocağının inşasına ötən ilin
oktyabrında başlanılmışdır. Dördmərtəbəli təhsil
ocağının ümumi ərazisi 7,1 min kvadratmetrdir. Məktəbin
binası yüksək keyfiyyətlə və müasir tələblər
səviyyəsində inşa olunmuşdur. 640 şagird yerlik binada
tədris, inzibati heyət və idarəetmə, sinifdənxaric
məşğələlər, idman və şagirdlərin asudə vaxtlarının
səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Bu il
məktəbə 200 yeni şagird gələcəkdir. Onların
təlim-tərbiyəsi və təhsili ilə 20 pedaqoq məşğul
olacaqdır. Məktəbdə 32 sinif otağı, fənn kabinetləri,
zəngin kitab fonduna malik kitabxana yaradılmışdır.
Şagirdlərin informasiya-kommunikasiya texnologiyaları
ilə bağlı biliklərə yiyələnmələri üçün kompüter sinfi
yaradılmışdır. Müxtəlif tədbirlərin keçiriləcəyi akt
zalı və 200 nəfərlik yeməkxana da şagirdlərin
istifadəsinə tam hazır vəziyyətə gətirilmişdir. Bundan
əlavə, şagirdlər üçün müzakirə zallarının, yeni
innovasiya metodları ilə işləyən kabinetlərin olduğu
məktəbdə dərs prosesində interaktiv metodlardan
istifadəyə xüsusi diqqət yetiriləcəkdir. Təhsil ocağında
məktəblilərin fiziki hazırlığı da diqqət mərkəzində
saxlanılacaqdır.
Vurğulandı ki, müasir qurğularla təmin edilən idman
zalında mini-futbol, basketbol və idmanın digər növləri
ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır.
Məktəbdə gənclərin çağırışaqədər hazırlığı kabineti də
vardır. Təhsil ocağında biologiya, fizika, kimya
fənninin əyani vəsaitlərlə öyrənilməsi məqsədilə
laboratoriyalar, şagirdlərin asudə vaxtlarının səmərəli
təşkili üçün isə əmək otaqları yaradılmışdır.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva yeni dərs ilində kollektivə
uğurlar arzuladılar.
AzərTAc |