Sentyabrın
14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakının Nizami rayonunda əsaslı surətdə yenidən qurulmuş
70 nömrəli məktəb-liseylə tanış olmuşdur.
Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva da iştirak
etmişdir.
Dövlətimizin başçısına və xanımına məlumat verildi ki,
70 nömrəli məktəb-liseyin binası 1967-ci ildən fəaliyyət
göstərir. O vaxtdan indiyədək bu təhsil ocağının binası
təmir olunmamışdır. Bu məktəb-liseydə də əsaslı təmir və
yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun
olaraq həyata keçirilmişdir.
Bildirildi ki, məktəb-liseyin bütün sinif otaqları və
fənn kabinetləri ən yüksək standartlar səviyyəsində
təmir olunmuşdur. Təhsil ocağı müasir avadanlıq və əyani
dərs vəsaitləri ilə təchiz edilmişdir. Şagird sıxlığının
və çoxnövbəli tədrisin aradan qaldırılması məqsədi ilə
42 sinif otağından ibarət 840 şagird yerlik əlavə korpus
inşa edilmişdir. Yeni tədris ilindən məktəb-liseydə
dərslər bir növbədə keçiləcəkdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
məktəb-liseydə yaradılan şəraitlə yaxından tanış
oldular.
Diqqətə çatdırıldı ki, bu təhsil ocağında istilik və
işıqlandırma sistemləri tamamilə yenidən qurulmuşdur.
Məktəb-lisey daimi isti və soyuq su ilə təchiz
edilmişdir. Təhsil ocağının ərazisində abadlıq və
quruculuq işləri həyata keçirilmiş, 1300 kvadratmetrlik
sahəyə asfalt salınmışdır.
Əsaslı təmir və yenidənqurma işlərindən razılığını
bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc |