Sentyabrın
15-də ölkəmizdə yeni dərs ili başlamışdır. "Bilik
günü"ndə orta və ali məktəblər qapılarını şagirdlərin,
tələbələrin üzünə açmışdır. Bu il bir çox yeni məktəblər
və yenidən qurulmuş, əsaslı təmir olunmuş təhsil
ocaqları istifadəyə verilmişdir. Belə məktəblərdən biri
də Bakının Yasamal rayonunda tamamilə yenidən qurulmuş
Mikayıl Müşfiq adına 18 nömrəli məktəbdir.
"Bilik günü" bu məktəbin müəllim-şagird kollektivi üçün
ikiqat əlamətdar olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 15-də məktəbin açılışında iştirak etmişdir.
Məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər
dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri
təbrik edən Prezident İlham ƏLİYEV dedi:
-Sabahınız
xeyir olsun. Mən sizi ürəkdən salamlayıram, yeni dərs
ili münasibətilə təbrik edirəm.
Yeni dərs ilində siz təmir edilmiş məktəbdə
oxuyacaqsınız. Məktəbin böyük tarixi vardır. Ancaq
bildiyiniz kimi, məktəbin vəziyyəti o qədər də yaxşı
deyildi, təmirə ehtiyac var idi. Göstəriş verildi ki,
təmir ən yüksək səviyyədə aparılsın. Bu məktəb artıq həm
xarici görünüşü, həm daxili dizayn baxımından
şəhərimizin ən gözəl məktəblərindən biridir. Bütün
şərait yaradılıb, indi mən gedib tanış olacağam.
Məktəbdə gedən təmir-tikinti işləri ilə bağlı mənə
mütəmadi qaydada məlumat verilmişdir.
Mən çox şadam ki, Bakıda yeni gözəl məktəb artıq
qapılarını şagirdlərin üzünə açır. Burada həm oxumaq,
həm də işləmək üçün yaxşı şərait vardır, valideynlər də
razı olacaqlar. Bir sözlə, biz çalışırıq ki, şəhərimizin
və ölkəmizin bütün məktəbləri bu səviyyədə olsun. Son
illərdə buna nail ola bilmişik. Çünki təkcə keçən il
Bakı şəhərində 60-dan çox məktəb əsaslı təmir
edilmişdir. Bu il isə 81 məktəb təmir edilir, yeni
korpuslar, yeni məktəblər tikilir və gələn ilin sonuna
qədər Bakı şəhərinin məktəb problemləri yüz faiz həll
olunacaqdır. Gələn il 120 məktəbin əsaslı təmiri nəzərdə
tutulur. Beləliklə, Bakıda bir dənə də olsun yararsız,
təmirsiz, qəzalı vəziyyətdə məktəb olmayacaqdır.
Bu, doğrudan da böyük nailiyyətdir. Çünki Bakının
məktəblərinin tam əksəriyyəti uzun illər bundan əvvəl
tikilmişdir və təmirə ehtiyac var idi. Biz bütün
məktəbləri gözəl vəziyyətə gətirib çıxarırıq.
Bununla bərabər, bütün başqa bölgələrdə məktəb tikintisi
gedir. Son illər ərzində 2200-dən çox məktəb binası
tikilmiş və təmir edilmişdir. Bu proses davam edir və
gələn ilin sonuna qədər çalışacağıq ki, bütün bölgələrdə
əksər məktəblər təmir edilsin.
Beləliklə, biz məktəb infrastrukturunun yenidən
qurulması proqramını uğurla başa çatdıracağıq. Qaldı ki
məktəblərdə təhsilin səviyyəsinin yüksək olmasına, bu da
müəllimlərdən asılıdır. Uşaqlar da yaxşı oxumalıdır.
Müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə
yetirməlidir ki, Azərbaycan cəmiyyəti üçün gözəl, yeni,
peşəkar, bilikli kadrlar yetişsin. Uşaqlarımız bilikli,
savadlı olmalıdır. Çünki müasir dünyada hər bir insanın
və hər bir ölkənin uğurunu şərtləndirən biliyin
səviyyəsidir. İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr
yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə
biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz
maraqlarını təmin edəcəkdir. Çünki müasir texnologiyalar
elə inkişaf edibdir ki, bəlkə də on il, iyirmi il bundan
əvvəl bunu təsəvvür etmək mümkün deyildi.
Biz də inkişaf yolunu seçmişik. Biz bütün sahələrdə
inkişafdayıq, o cümlədən texnologiyalar sahəsində də
inkişafda olmalıyıq. Cəmiyyətin gücünü müəyyən edən
insanlardır. Əlbəttə, hər bir ölkənin öz təbii
resursları, öz coğrafi üstünlükləri vardır. Ancaq nəticə
etibarilə hər şey insanlardan asılıdır. Sənin neftin də,
qazın da çox ola bilər, əgər peşəkar insanların,
kadrların yoxdursa, bunun heç bir əhəmiyyəti
olmayacaqdır. Ona görə müasir dünyada həm özünə yer
tapmaq, həm ölkəyə fayda gətirmək üçün mütləq uşaqlar
yaxşı oxumalıdır. Bu sözləri uşaqlar, yəqin ki, tez-tez
eşidirlər. Bu da təbiidir. Amma doğrudan da bu sözlərin
çox böyük mənası vardır. Yaxşı oxumaq o deməkdir ki, siz
həyatda istədiyinizə nail ola bilərsiniz. İndi
Azərbaycanda vəziyyət elədir ki, hər bir insanın uğuru
onun əlindədir. Azərbaycanda azadlıq, sərbəstlik var,
bazar iqtisadiyyatı prinsipləri hökm sürür və hər bir
insanın taleyi onun öz əlindədir. Ona görə yaxşı bilik
almaq, ilk növbədə, sizin üçün lazımdır, eyni zamanda,
xalq üçün, dövlət üçün lazımdır. Azərbaycan gəncləri
gələcəkdə ölkəmizi idarə edəcəklər. Gələcəkdə ölkəmizin
inkişafı sizdən asılı olacaqdır. Ona görə, ilk növbədə,
bilik, bununla bərabər, Vətənə olan bağlılıq, Vətən
sevgisi mütləq yüksək səviyyədə olmalıdır. Ümid edirəm
ki, bizim bütün məktəblərdə vətənpərvərlik mövzusu daim
gündəlikdədir. Vətənə bağlılıq, sevgi, peşəkarlıq və
yüksək biliyə malik olmaq - bunlar ölkəmizi qabağa
aparacaqdır.
Biz isə çalışacağıq ki, gənclərimiz üçün daha da gözəl
şərait yaradaq, gəncləri qabağa çəkək. Gənclər
cəmiyyətimizin fəal üzvləridir. Gənclər sərhədlərimizi
qoruyur, gənclər idman arenalarında qələbələrimizi
müəyyən edir və gənclər bizim gələcəyimizdir. Belə gözəl
məktəbdə ancaq və ancaq yaxşı oxumaq lazımdır.
Müəllimlər üçün də burada yaxşı şərait yaradılıb.
Müəllimlər o insanlardır ki, cəmiyyətimiz üçün gənc
kadrları yetişdirirlər. Müəllimlərin cəmiyyətimiz üçün
çox böyük məsuliyyəti, çox böyük faydası vardır. Müəllim
peşəsi çox şərəfli peşədir. Hər bir uşağa, ilk növbədə,
məktəbdə qayğı göstərən, onu düz yola istiqamətləndirən
müəllimdir. Müəllim valideynlə eyni məsuliyyət daşıyır.
Bu fürsətdən istifadə edərək yeni dərs ili münasibətilə
bütün müəllimləri buradan salamlayıram, onlara yeni
uğurlar, cansağlığı arzulayıram.
Sizi bir daha ürəkdən təbrik edirəm, sizə xoşbəxtlik
arzulayıram.
***
Məktəbin direktoru Vaqif HÜSEYNLİ bu təhsil
ocağının binasının tamamilə yenidən qurulmasına görə
dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:
-Cənab Prezident, icazə verin, mən kollektivimiz adından
- Mikayıl Müşfiq adına 18 nömrəli məktəbin şagird və
müəllimlərinin adından Sizə "Xoş gəlmisiniz!" deyim.
Sizin sərəncamınızla məktəbimiz yenidən qurulub. Bizim
əsas binamızda altıncı mərtəbə, üzbəüzdə çox möhtəşəm,
çox gözəl idman zalı tikilib. Məktəbimizin maddi-texniki
bazası möhkəmlənib, siniflərin sayı artıb, müasir
texnologiya ilə təchiz olunmuş yeni kabinet və
laboratoriyalar yaradılıb. Ən əsası odur ki, bizim uzun
illər gözlədiyimiz akt zalımız vardır. Bizim yeni
yeməkxanamız vardır. Bizim böyük oxu zalı olan
kitabxanamız vardır. Bütün bunlara görə biz Sizə çox
minnətdarıq.
Cənab Prezident, biz Sizin təhsilə olan qayğınızı həmişə
hiss edirik. Siz çıxışınızda regionlarda, Bakıda tikilən
yeni məktəblərin sayını qeyd etdiniz. Bu, Sizin titanik
zəhmətinizin bəhrəsidir.
Biz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya da təşəkkürümüzü bildiririk. Biz Sizə bir daha
təşəkkür edirik.
Mən bir məqamı qeyd etmək istəyirəm. 1997-ci il
sentyabrın 1-i bizim məktəbimizin tarixində çox
əlamətdar bir gündür. Ulu öndərimiz Heydər Əliyev həmin
gün bizim məktəbimizə gəlmişdi. Ulu öndər çox geniş
çıxış etdi və atributlarla əlaqədar bizim respublika
müəllimlərinin hamısına böyük tövsiyələr verdi. Biz ötən
illər ərzində ulu öndərimizin tövsiyələrini nəzərə
almışdıq. Sizin bugünkü tövsiyələrinizi də nəzərə
alacağıq. Biz çalışacağıq ki, etimadınızı işimizlə
doğruldaq.
Cənab Prezident, kollektivimiz işgüzar, istedadlı
kollektivdir. Mən onu demək istəyirəm ki, məktəbimizin
texniki təchizatı çox yüksək səviyyədədir. İndi
məktəbimizdə 110 kompüter, 8 noutbuk, 15 "ağıllı lövhə",
15 kompüter lövhəsi vardır. Biz tədris prosesində bu
texniki vasitələrdən geniş istifadə edəcəyik.
Biz Sizə çox minnətdarıq. Biz Sizin xarici və daxili
siyasətinizi ürəkdən bəyənirik.
Biz Sizə bir daha minnətdarlığımızı bildiririk. Biz
Sizinləyik. Sağ olun!
***
Sonra xatirə şəkli çəkdirildi.
***
Məktəbdə yaradılmış şəraitlə tanışlıq zamanı
dövlətimizin başçısına məlumat verildi ki, bu bina
1966-cı ildə inşa olunmuşdur. O vaxtdan bəri burada bu
cür genişmiqyaslı yenidənqurma işləri aparılmamışdır.
Prezident İlham Əliyevin sərəncamına əsasən məktəbdə
2012-ci ildə həyata keçirilən yenidənqurma işləri zamanı
əlavə üçmərtəbəli yeni korpus inşa olunmuşdur. Burada
müasir qurğularla təchiz edilmiş idman zalı
yaradılmışdır. Bundan başqa, beşmərtəbəli əsas korpusa
daha bir mərtəbə əlavə olunmuşdur. Binanın 6-cı
mərtəbəsində 168 yerlik akt zalı, yeməkxana, kitabxana,
müasir oxu zalı istifadəyə verilmişdir.
Məktəbdəki Heydər Əliyev muzeyində ulu öndərin həyatı və
siyasi fəaliyyəti ilə bağlı müxtəlif kitab, sənəd və
fotolar toplanmışdır. Muzeydə ümummilli liderin 1997-ci
ildə məktəbdə keçirilən "Bilik günü"nə həsr olunan
tədbirdə iştirakı zamanı çəkilən fotolar da böyük maraq
doğurur.
Sinif otaqları ilə tanışlıq zamanı Prezident İlham
Əliyevin diqqətinə çatdırıldı ki, məktəbdə 59 otaq, o
cümlədən 41 sinif otağı vardır. Burada, həmçinin müasir
tələblərə cavab verən linqafon, informatika, fizika,
kimya, biologiya, təsviri incəsənət, Azərbaycan, rus,
alman dilləri kabinetləri fəaliyyət göstərir. Elektron
və smart lövhələrin quraşdırıldığı sinif otaqlarının
hamısı tədrisin yüksək şəraitdə keçirilməsinə geniş
imkanlar verir.
Məktəbin müəllimlər otağı ilə tanışlıq zamanı bildirildi
ki, buradan Bakının istənilən başqa məktəbi ilə
videokonfrans keçirmək mümkündür.
Dövlətimizin başçısının iştirakı ilə müəllimlər
otağından paytaxtın 6 nömrəli məktəbi ilə videokonfrans
oldu.
Təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə
dövlətimizin başçısına minnətdarlığını bildirən 6
nömrəli məktəbin direktoru Gülşən ORUCOVA dedi:
-Salam, cənab Prezident, Sizi doğma məktəbiniz adından
salamlayırıq. Sizin bu gün göstərdiyiniz bu diqqətə və
qayğıya görə minnətdarlığımızı bildirmək istəyirik. Ötən
tədris ilində bu etimadınızı doğruldaraq biz də
fərqlənməyə çalışmışıq. Hesab edirəm ki, yeni ildə də ən
yüksək göstəricilərlə bir daha Sizi sevindirəcəyik. Sizə
böyük uğurlar arzulayırıq.
Prezident İlham ƏLİYEV: Sağ olun. Sizi
salamlayıram. Bütün şagirdlərə mənim salamlarımı
çatdırın. Keçən il sizinlə görüşmüşdük, 6 nömrəli
məktəbin yenidənqurmadan, əslində yenidən tikilməsindən
sonra açılışını bir yerdə qeyd etmişik. Bu gün
buradayam. Hər il yeni məktəblər tikilir, təmir edilir.
Ancaq 2013-cü ildən sonra artıq bu proqram başa çatır.
Çünki ondan sonra Bakı şəhərində bir dənə də olsun
təmirsiz məktəb qalmayacaqdır.
Gülşən ORUCOVA:
Bütün təhsil işçiləri adından Sizə təşəkkürümüzü
bildiririk. Çox sağ olun, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Sağ olun.
Məktəbdə yeni yaradılan yeməkxana da müasir tələblərə
cavab verir. Burada şagirdlərin normal qidalanmaları
üçün hərtərəfli şərait vardır. Bu il məktəbin birinci
sinfində 230 şagird təhsil alacaqdır. Bu tədris ocağında
1700 şagirdin təlim-tərbiyəsi ilə 157 müəllim məşğul
olur.
Məktəbdə yaradılan biologiya kabinetində Azərbaycanda
ilk dəfə 3D stereo görüntü texnologiyaları əsasında
lövhə quraşdırılmışdır. Bu da tədrisi müasir səviyyədə
aparmağa imkan verir.
Prezident İlham Əliyev yeni inşa olunan korpusda
yaradılan idman zalı ilə də tanış oldu. Burada şagirdlər
idmanın mini-futbol, voleybol, basketbol növləri ilə
məşğul ola biləcəklər.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin
başçısı görülən işlərdən razılığını bildirdi.
Sonra Prezident İlham Əliyev məktəbin yaxınlığında
yerləşən və bu il istifadəyə verilən "Cüdo-2012" idman
kompleksi ilə tanış oldu. Burada 30 yaşından yuxarı
idmançılar məşq edirlər. Kompleksdə hər cür şərait
yaradılmışdır. Üç mərtəbədən ibarət binada üç məşq zalı
fəaliyyət göstərir. Hazırda burada 500-ə yaxın idmançı
cüdo ilə məşğul olur.
AzərTAc |