Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

"Dəcəl olduğuma görə, valideynlərim məni idman sahəsinə istiqamətləndirdilər"

 

Redaksiyamızın qonağı XXVIII Afina Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Fərid Mansurovdur 

Fərid Salman oğlu Mansurov yunan-Roma güləşi üzrə 2004-cü ildə Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı, ikiqat dünya çempionu, bu idman növü üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, Güləş Federasiyasının Gənclər üzrə vitse-prezidentidir. 

F.Mansurov 1982-ci il mayın 10-da Gürcüstanın Dmanisi rayonunda anadan olub. Ailəsi ilə birlikdə 1984-cü ildə Bakının Binə qəsəbəsinə köçüblər. 1989-cu  ildə o, Binə qəsəbəsində yerləşən 117 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. V sinifdən Bakıdakı 136 nömrəli tam orta məktəbə qəbul olunub. 1992-ci ildən "Neftçi" İdman Sağlamlıq Mərkəzində Əliqulu Həsənovun rəhbərliyi altında məşqlərə başlayıb. O, bu idman növünün sirlərini kifayət qədər öyrəndikdən sonra 1997-ci ildə ilk uğurunu əldə edib. Yeniyetmələr arasında dünya birinciliyində II yeri tutaraq digər yarışlara vəsiqə qazanıb. Lakin 1998-ci ildə yeniyetmələr arasında keçirilən olimpiadada uğursuz çıxış edir. Onun bu məğlubiyyətinin səbəbi isə yarımfinalda Kuba idmançısıyla görüşündə biləyinin çıxması olub.  Fərid Mansurov 2000-ci ildə kişilər arasında keçirilən Azərbaycan çempionatında birinci yeri tutub. Bir il sonra Özbəkistanda keçirilən dünya birinciliyində fəxri kürsünün yüksək pilləsinə çıxaraq qızıl medal qazanıb.  2002-ci ildə gənc olmasına baxmayaraq, məşqçisi Elçin Cəfərov onu gənclərin dünya çempionatına deyil, böyüklərin analoji yarışına hazırlayıb. Fərid Mansurov 8 ildən sonra dünya çemrionatının gümüş medalçısı  olub.

2003-cü ildə bir neçə Qran-pri turnirlərində qalib gəlib və Afina Olimriadasına lisenziya qazanıb.

2004-cü il Üay Olimriya Oyunlarında yunan-Roma güləşi  üzrə  66 kq çəki dərəcəsində qızıl  medala sahib olaraq olimpiya çempionu adını qazanıb və adı əbədi olaraq tarixə yazılıb.

2004-cü ildən sonra üç il ərzində belindən zədə aldığına görə məşq edə bilmir. 2007-ci ildə yenidən idmana qayıdır. Bakıda keçirilən dünya çempionatında I yeri tutaraq qızıl medal alır və Pekin olimpiadasına vəsiqə əldə edir.

Həmin olimpiadada ciddi xəstələnməsi səbəbindən məğlub olur. 2009-cu ildə bu uğursuzluğun əvəzini çıxaraq növbəti dəfə dünya çempionu olur.

Fərid Mansurov 2010-cu il iyunun 30-da keçirilən dünya çempionatında aldığı zədəyə görə idmandan getdiyini elan edir. Sonra o yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasına baş məşqçi təyin edilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Fərid Mansurov 2002-ci ildə "Tərəqi" medalına, 2004-cü ildə isə "Şöhrət" ordeninə layiq görülür.

Bu günlərdə görüşüb söhbət etdiyimiz olimpiya çempionu Fərid Mansurovdan soruşduq:

- Uşaqlıq illərini necə xatırlayırsınız?

- Uşaqlıq illəri hamı kimi mənim də yaddaşımda əbədi iz qoyan, xatirələrlə zəngin olan illərdir. Həmin illəri xatırlayanda nədənsə kövrəlirəm. Uşaq vaxtı  çox dəcəl olmuşam. Məndən böyük bir qardaşım, məndən kiçik bir bacım var.  Dəcəl olduğuma görə, valideynlərim məni idman sahəsinə istiqamətləndirdilər. Buna baxmayaraq, dərslərimi hazırlamamış, müəllimlərin verdikləri tapşırıqları yerinə yetirməmiş valideynlərim mənə evdən küçəyə çıxıb uşaqlarla oynamağa icazə vermirdilər. Mən Binə qəsəbəsində böyümüşəm. Uşaqlıq dostlarımla çox mehriban olmuşam.  Heç yadımdan çıxmır, 117 nömrəli tam orta məktəbin geniş bir bağı var idi. Yoldaşlarımla həmişə o bağda oynayardıq. Orada müxtəlif meyvə ağacları, ən çox da heyva və iydə ağacları var idi. Günlərin bir günü yenə də həmin bağa toplaşmışdıq. Uşaqlarla iydə yemək üçün  ağaca çıxmışdıq. Mən həmişə ağacın zirvəsinə  çıxmağı xoşlayırdım. Biz şirin-şirin iydə yeyirdik. Birdən uşaqlar qışqırtı ilə "bağın gözətçisi gəlir", - deyib tez ağacdan düşüb qaçdılar. Mən hündürdə olduğuma görə, fikirləşdim ki, düşüb qaça bilməyəcəm. Bir az da yuxarı çıxıb yarpaqların arasında gizləndim. Gözətçi deyinə-deyinə uşaqları qovdu və gəlib ağacın altında istirahət üçün əyləşdi. Yalan olmasın 2 saat ağacın başında qaldım.  

- Bəs idmanın güləş növünə gəlməyiniz necə oldu?

- Güləşə gəlişim sırf təsadüfi olub. Ailəmiz həmişə istəyib ki, biz dərslərimizi yaxşı oxuyaq,  biliyimizlə qabağa gedək.  Mən də həmişə dərslərimi yaxşı oxumuşam. Arzu etmişəm ki, savadlı, tanınmış həkim olum.  Doqquzuncu sinfə qədər mən dərs  əlaçısı olmuşam. Fürsətdən istifadə edib idmançılarımıza tövsiyə edirəm ki, hər hansı bir idman növü ilə məşğul olsalar da təhsillərini yarımçıq qoymasınlar. Adətən idmanla məşğul olanlar dərsləri yarımçıq qoyurlar. İnanın, təhsil insanın vətəndaş kimi, şəxsiyyət kimi formalaşmasında əvəzsiz yer tutur. Sonralar idmana getdiyim üçün təlim-məşq toplantıları təhsilimə mane olmağa başladı. Buna baxmayaraq, mən təhsilimə də yer ayıra bildim. Olimpiya oyunlarında, yarışlarda zədələndiyimdən üç ilə yaxın idmanın içində olsam da, yarışlarda iştirak etmədim. Lakin  idmana olan sevgim məni yenidən yarışlara qaytardı. Belə ki, 2007-ci ildə dünya çempionu oldum. 2009-cu ildə də dünya çempionatında I yerə çıxdım. 2010-cu ildə yenə də aldığım zədələrə görə, yarışlarda iştirak edə bilmədim. Yığma komandanın baş məşqçisi təyin olundum. Fəaliyyətim ərzində komandamız ilk dəfə olaraq Avropa çempionatında 5 medal qazandı. Yunan-Roma güləşi tarixində ilk dəfə olaraq komanda şəklində II yerə çıxmışdıq. Dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazandıq. İlk dəfə olaraq III yerə çıxdıq. 2011-ci ildə də düyna çempionatında çempion olduq. Bu uğurlardan sonra Güləş Federasiyasında vitse-prezident vəzifəsində çalışıram.

Bir şeyi qeyd etmək istərdim ki, idmana olan dövlət qayğısı çox yüksək səviyyədədir. Bunun nəticəsidir ki, Londonda keçirilən olimpiadada idmançılarımız peşəkarcasına  iştirak edərək ölkəmizi layiqli təmsil etdilər. Sevindirici haldır ki, Azərbaycan bu gün bütün sahələrdə olduğu kimi, idmanda da dünya ölkələri arasında öz sözünü deyir. Bu yaxınlarda Bakıda keçirilən dünya birinciliyində idmançılarımız  ölkəmizə medallar qazandırdı.

- İdmanla məşğul olmağa başlayan yeniyetmələrimizə nə arzu edərdiniz?

- İdmana təzə başlayanlara onu deyə bilərəm ki, çətinlikdən qorxmasınlar, məşqlərdən yorulmasınlar, arzuya  çatmaq üçün qətiyyətlə, inadla mübarizə aparmaq lazımdır. Məşqçi müəllimlərin verdiyi tapşırıqları dəqiq yerinə yetirmək lazımdır. Bir şeyi də qeyd etmək istərdim ki, idmanda bu gün hər hansı bir uğurun oldusa, onunla arxayınlaşmaq olmaz. Həmişə daha da irəliyə doğru getmək lazımdır. Yaddan çıxarmamalıyıq ki, torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Biz gənclər idman, təhsil və hərbi sahədə əldə etdiyimiz uğurlarla düşməndən üstün olmalıyıq. Hər bir vətənpərvər gənc kimi mən də Vətənimizin işğaldan azad olunmasından ötrü canımdan keçməyə hazıram.  

- Fərid, sənə gələcək işlərində yeni-yeni nailiyyətlər arzulayırıq. 

Rəşad ZİYADOV,
fotolar DİLAVƏRİNDİR

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov