Səfərov Orxan Arif oğlu
1994-cü
ildə Gəncə şəhərində anadan olub. Əslən Qazax rayonundan
olan ailəsi 2001-ci ildə Sumqayıt şəhərinə köçüb və
Orxan buradakı 16 nömrəli tam orta məktəbin 1-ci sinfinə
qəbul olunub. Sonra təhsilini Qazax rayonunun Ürkməzli
kənd tam orta məktəbinin 7-ci sinfində davam etdirib. X
və XI siniflərdə oxuyarkən rayon və respublika
olimpiadalarında iştirak edib. Dəfələrlə TQDK-nın sınaq
imtahanlarında iştirak edərək 600-650 bal toplayıb.
2012-ci ildə isə məktəbi "əla" qiymətlərlə bitirib.
Bu günlərdə redaksiyamızın qonağı olan Orxan Səfərov
qəbul imtahanları zamanı topladığı 700 balın sevincini
bizimlə bölüşərək dedi:
- Mən hər dəfə sınaq imtahanlarına gedib 650-dən çox bal
toplayanda nə isə elə bilirdim ki, hələ istədiyim
nəticəni əldə edə bilmirəm. İstər-istəməz məndə ruh
düşkünlüyü yaranırdı. Amma Qafqaz Universitetinin II
kurs tələbəsi olan qardaşım Elnur mənə ürək-dirək
verirdi, mənəvi dəstək olurdu. Qazandığım bu uğurda
valideynlərimlə yanaşı qardaşımın da böyük əməyi olub.
Bu qayğıya görə, onlara ömrüm boyu borcluyam. Eyni
zamanda bu yüksək nəticənin əldə olunmasında mənə dərs
deyən riyaziyyat müəllimim Novruz Əfəndiyevə, coğrafiya
müəllimim Səadət Carçıyevaya, tarix müəllimim Mustafa
Mirzəyevə, Azərbaycan dili müəllimim Abbasqulu Alıyevə,
ingilis dili müəllimim Kifayət Carçıyevaya öz dərin
minnətdarlığımı bildirirəm. Əldə etdiyim bu yüksək
nəticəyə görə məni təbrik edənlərə, başda Qazax Rayon
Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquliyevə öz
təşəkkürümü bildirirəm.
Ən böyük arzum seçərək daxil olduğum Qafqaz
Universitetində sənayenin təşkili və idarə olunması
ixtisasını əla qiymətlərlə başa çatdırmaq, daha sonra
təhsilimi dünyanın nüfuzlu universitetlərinin birində
davam etdirib layiqli bir mütəxəssis kimi doğma
Azərbaycana xidmət etməkdir.
Orxana biz də təhsildə, elmdə daha böyük uğurlar arzu
edirik.
Nərgiz
Məzahirqızı
1995-ci
il iyulun 20-də Bakı şəhərində anadan olub. 2001-ci ildə
Bakıdakı 292 nömrəli məktəbin 1-ci sinfinə qəbul olub.
O, məktəbdə biliyi ilə bərabər yüksək əxlaqi
keyfiyyətlərə malik bir şagird kimi tanınıb.
Nərgiz 2005-ci ildə imtahan verərək Yasamal rayonunda
yerləşən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul
olunub. Özünün də söylədiyinə görə bundan sonra
qazandığı bütün uğurlara görə bu liseyə borclu olub.
Burada təhsil aldığı illərdə "Araz" kurslarının
respublika üzrə keçirdiyi bilik yarışlarında iki dəfə
iştirak edib. 2-ci və 4-cü yerləri tutub. TQDK-nın
keçirdiyi sınaq imtahanlarında da həmişə 600-650-dən çox
bal toplayıb.
Nərgiz 2012-ci ildə liseyi qızıl medalla bitirib. O, bu
il TQDK-nın keçirdiyi II ixtisas qrupu üzrə qəbul
imtahanı zamanı bütün suallara düzgün cavab yazaraq 700
bal toplayıb və öz arzusu ilə Qafqaz Universitetinin
dünya iqtisadiyyatı fakültəsinə qəbul olunub.
Nərgiz bu uğurun qazanılmasında ona mənəvi dəstək olan
anası Kəmalə xanıma, ibtidai sinif müəllimi Bənövşə
Cəfərovaya, liseyin mənəviyyat müəllimi Yusif Səfərova,
liseyin müdiri Kadır Bektaşoğluna, "Araz" kurslarının
kollektivinə minnətdarlığını bildirir.
Nərgiz təhsildə, elmdə daha böyük uğurlar qazanmağı
qarşısına məqsəd qoyub. Onun ən böyük arzusu bu təhsil
ocağını bitirdikdən sonra biliyini daha da artırmaq üçün
Avropada - xüsusi ilə də Almaniya universitetlərindən
birində təhsilini davam etdirməkdir. Sonra doğma Vətənə
qayıdaraq layiqli bir mütəxəssis, layiqli bir övlad kimi
müstəqil Azərbaycana xidmət etməkdir.
Biz də Nərgizə "arzuların çin olsun", - deyirik!
Əliyeva Xeyransa Rafiq qızı
1994-cü
il dekabrın 2-də Bakıda anadan olub. 2001-ci ildə
Bakının Sabunçu rayonundakı F.Tağıyev adına 72 nömrəli
məktəb-liseyin I sinfinə qəbul olub. 2012-ci ildə həmin
məktəbi "əla" qiymətlərlə bitirib. Dəfələrlə
müsabiqələrdə, olimpiadalarda iştirak edib. Yuxarı
siniflərdə oxuyarkən TQDK tərəfindən keçirilən sınaq
imtahanlarında həmişə 600-dən yuxarı bal toplayıb.
2012-ci ildə ali məktəblərə qəbul imtahanlarında III
ixtisas qrupu üzrə yüksək bilik nümayiş etdirərək 700
bal toplayan yeganə abituriyent olub. Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasına daxil olan Xeyransa burada hüquqşünas
ixtisasına yiyələnəcək.
Bu günlərdə telefon əlaqəsi yaratdığımız Xeyransa
Əliyeva sevincini bizimlə bölüşdü:
- Mənim 700 bal yığmağımın əsas səbəblərindən biri
valideynlərimin mənə yaxından dəstək olması idi. Anam
Səriyyə ixtisasca riyaziyyatçıdır və həmişə çətin
anlarımda yardımçım olub. Yaxşı oxumağımda
valideynlərimin əməyi danılmazdır. Elə bu uğurum üçün
mənə yaratdıqları şəraitə görə valideynlərimə
minnətdaram. Eyni zamanda ibtidai sinif müəllimim Aidə
Həsənovaya, riyaziyyat müəllimim Qulam Babayevə, ingilis
dili müəllimim Ceyran Bağırovaya, Azərbaycan dili
müəllimim Gəncəvi Veysəlova və əlbəttə, məktəbimizin
direktoru Polad Əjdərova öz dərin təşəkkürümü
bildirirəm.
Ən ülvi arzum daxil olduğum ali məktəbi də "əla"
qiymətlərlə başa vurmaq və gələcək illərdə təhsilimi
xaricdə deyil, məhz doğma Azərbaycanda davam
etdirməkdir. Düşünürəm ki, Azərbaycandakı təhsilin
səviyyəsi heç də xarici ölkələrdən geri qalmır. Təki
oxumağa, dərin bilik alaraq, yüksək ixtisas sahibi olmaq
üçün hər kəsdə həvəs və iradə olsun.
Bu yolda Xeyransaya biz də uğurlar diləyirik.
Həmidov Kamran Elçin oğlu
1995-ci
il aprelin 22-də Siyəzən şəhərində ziyalı ailəsində
anadan olub. 2001-ci ildə Cəfər Cabbarlı adına Siyəzən
şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil
olub. İbtidai təhsilini həmin məktəbdə "əla" qiymətlərlə
başa vurduqdan sonra 2005-ci ildə Türkiyə Dəyanət Vəqfi
Bakı Türk Liseyinə imtahan verərək 5-ci sinfə qəbul
olunub.
Kamran IX və XI siniflərdə oxuyarkən keçirilən
mərkəzləşdirilmiş buraxılış imtahanlarında da "əla"
qiymətlər alıb və liseyi qızıl medalla bitirib. O, bu il
TQDK tərəfindən IV ixtisas qrupu üzrə keçirilən qəbul
imtahanlarında yüksək bilik nümayiş etdirib. 700 bal
toplayaraq respublika birincisi olub.
Bu yaxınlarda Kamranla görüşümüz zamanı ürək sözlərini
belə ifadə etdi:
- Mən qəbul imtahanında yüksək bal yığacağıma inanırdım.
Ona görə ki, TQDK-nın sonuncu sınaq imtahanında 695 bal
toplamışdım. "Araz" kurslarının keçirdiyi sınaq
imtahanlarında da yüksək bal toplayaraq respublika 1-si
olmuşam. Atam Elçin mühəndis, anam Çiçək müəllimdir.
Yaxşı oxumağımda, bu uğuru qazanmağımda ən çox onlara
borcluyam. Çünki onlar mənim təhsil almağım üçün Bakı
şəhərinə gələrək Türkiyə Dəyanət Vəqfi Bakı Türk
Liseyində oxuduğum 7 il ərzində kirayədə yaşayaraq bütün
əzab-əziyyətlərə qatlaşıblar.
Bu lisey mənim həyatımda böyük rol oynayıb. Ona görə də
başda müdirimiz Kadır müəllim olmaqla biologiya
müəllimim Məhsəti Eyvazovaya, kimya müəllimim Ramin
Hüseynova, Azərbaycan dili müəllimim Kəmalə Bədəlovaya
və liseyin bütün kollektivinə öz minnətdarlığımı
bildirirəm.
Ölkə Prezidenti İlham Əliyev cənablarının bizim kimi
gənclərə qayğısının nəticəsidir ki, xaricdə təhsil
proqramı üzrə çoxlu sayda azərbaycanlı tələbələr xaricdə
dövlət hesabına pulsuz təhsil alırlar. Mən də o
tələbələrdən biri olaraq təhsilimi xaricdə davam etdirib
yüksək ixtisaslı bir həkim kimi vətənə qayıdıb xalqıma
layiqli xidmət göstərmək istərdim.
Sərdarlı Kamil Hüseyn oğlu
1995-ci
il yanvarın 4-də Bakıda ziyalı ailəsində anadan olub.
2001-ci ildə Bakı Atatürk liseyinin 1-ci sinfinə qəbul
olub. Sonra 5-ci sinifdən təhsilini Türkiyə Dəyanət
Vəqfi Bakı Türk Liseyində davam etdirib. O, IX və X
siniflərdə oxuyarkən "Araz" kurslarının keçirdiyi bilik
yarışlarında iştirak edərək IV qrup üzrə 3 və 5-ci
yerləri tutub. Kamil liseyi qızıl medalla bitirib.
O, bu il TQDK-nın keçirdiyi sınaq imtahanlarında ardıcıl
olaraq 634, 666, 682, 687 bal toplayıb. Bax, elə sınaq
imtahanlarında yüksək bal topladığına görə özünə güvənən
Kamil qəbul imtahanlarında bütün suallara düzgün cavab
yazaraq 700 bal toplayıb.
Bu günlərdə Kamillə də məzunu olduğu Türkiyə Dəyanət
Vəqfi Bakı Türk Liseyində görüşdük. O, arzu və
istəklərini bizimlə bölüşdü:
- Mən hələ uşaqlıq illərimdən həkim olmaq istəmişəm.
Valideynlərimin hər ikisinin ADNA-nı bitirib mühəndislik
peşəsinə yiyələnmələrinə baxmayaraq, mənim həkim olmaq
arzu və istəyimi dəstəklədikləri üçün onlara
minnətdaram. Bu uğurumda onların əməyi danılmazdır.
Eyni zamanda hamımızın sevimlisi olan müdirimiz Kadır
Bektaşoğluna liseydə hər cür şərait yaratdığına görə
təşəkkür edirəm. Həmçinin mənə kimya fənnindən dərs
deyən Ramin Hüseynova, fizika müəllimim Yahya Şərifova,
biologiya müəllimim Məhsəti Eyvazovaya öz dərin
təşəkkürümü bildirirəm. İndi mənim sevincimin
həddi-hüdudu yoxdur, ona görə ki, ən yüksək bal
toplayaraq həkim olmaq arzuma çatmaq üçün təhsilimi
ATU-nun müalicə işi fakültəsində davam etdirəcəyəm. Daha
sonra isə təhsilimi xarici ölkə universitetlərindən
birində davam etdirərək doğma vətənim Azərbaycana yaxşı
bir mütəxəssis kimi qayıtmaq istəyirəm.
Kamil, arzularının həyata keçməsində sənə uğurlar
diləyirik.
Hazırladı: Ədalət DAŞDƏMİRLİ |