Təlim prosesində şagirdlərin müstəqilliyi bir çox psixi
amillərlə, xüsusən də idrak prosesləri ilə, habelə
emosiya, diqqət, iradə, maraq və meyillərlə sıx
bağlıdır.
Təlim zamanı təfəkkür müstəqilliyinin təzahürünə fikri
fəaliyyət prosesində şagirdlərin axtarışının xarakteri,
onun motivləri, maraq və meyilləri qüvvətli təsir
göstərir. Sərbəst iş üçün tarşırıqların məzmunca maraqlı
olması, rəngarəngliyi, onların problem situasiyalı
qurulması və s. şagirdlərin təfəkkürünü oyadan stimul
rolunu oynayır. Tələbat və maraqlar şəxsiyyətin
fəallığının mənbəyini təşkil edir.
Şagird maraqlı, cəlbedici işlə məşğul olduqda qarşıya
çıxan çətinlikləri aradan qaldırmağa hazır olur, daha
yüksək nəticə əldə etməyə çalışır. Şagirdlərin müstəqil
işini təşkil edərkən bu cəhəti nəzərə almağın böyük
əhəmiyyəti vardır. Müəllim tapşırıqları rəngarəng
qurmaqla, şagirdləri axtarışa cəlb etməklə, hər yeni
işin məzmununa şagirdlərə məlum olmayan ünsürlər daxil
etməklə uşaqları maraqlandırmağa çalışmalıdır.
Təlim prosesində şagirdlərin müstəqil işi onların
təfəkkürü ilə də əlaqədardır. Təfəkkür təlim prosesinin
zəruri şərtini təşkil edir, hər cür müstəqil iş
şagirdlərdən gərgin diqqət tələb edir. Təlim zamanı bir
çox şagird, xüsusən kiçik məktəblilər müstəqil iş
üzərində diqqətlərini toplaya bilmirlər, iş prosesində
onların diqqəti yayınır. Bu hal çox vaxt şagirdin işə
münasibətindən, yorğunluğundan, müstəqil işin
xarakterindən irəli gəlir. Şagirdlərin daha diqqətli
işləmələri üçün onlara müstəqil işin məqsədinin
zəruriliyini başa salmaq mühüm şərtlərdən biridir.
Sərbəst iş üçün verilən tapşırıqlar şagirdin gücünə
uyğun gərginlik tələb etməlidir. Çünki həddindən artıq
asan və ya çətin tapşırıq uşağın diqqətini pis
səfərbərliyə alır. Hər bir müəllim şagirdi müstəqil
tapşırıq üzərində diqqətli, tələsmədən işləməyə
alışdırmalıdır. Təlim prosesində şagirdlərin müstəqil
işi, fəallığı öz növbəsində təfəkkürün inkişafına kömək
edir. Şagird təlim zamanı nə qədər çox düşünərsə, bir o
qədər diqqətli olar. Təlimdə şagirdlərin müstəqilliyi
üçün təfəkkürün vəhdətini təmin etmək mühüm şərtlərdən
biridir. Çünki təfəkkür həmişə birliyə istinad edir.
Şagirdlərdə təfəkkürün müstəqilliyi olmadan onlarda
müstəqilliyin də inkişafı mümkün deyildir. Təfəkkürün
müstəqilliyi insanın yeni problemləri görməsində və ya
hansısa fikrin irəli sürülməsində, onların öz qüvvəsi
ilə həll edilməsində təzahür edir. Şagirdin təfəkkür
müstəqilliyi olmasa, təlim səmərəli nəticə verməz. Odur
ki, təlimin ilk günlərindən şagirdlərə mütaliə etməyi,
təhlil etməyi, analiz-sintez etməyi, öz fikrini sübut
etməyi, ümumiləşdirməyi, araşdırmağı, nəticələr
çıxarmağı öyrətmək lazımdır.
Şagirdlərə hazır nəticələri deməkdənsə, nəticələri
onların özlərinə çıxartdırmaq daha səmərəlidir. İbtidai
sinif şagirdlərində hər şeyi öyrənmək həvəsi, qarşıya
çıxan suallara müstəqil cavab tapmaq meyili aşılamaq çox
vacib məsələlərdən biridir. Belə ki, müəllim şagirdlərin
tənqidi təfəkkürünə özlərinin və başqalarının fikir və
bacarıqlarına tənqidi münasibətinin formalaşdırılmasına
xüsusi diqqət ayırmalıdır. Hələ ilkin yaşlardan uşaqları
özünənəzarət və özünü qiymətləndirməyə alışdırmaq
lazımdır. Bu, onlarda müstəqilliyin inkişafına müsbət
təsir edir.
Müstəqillik şagirdin iradi keyfiyyətləri ilə də sıx
bağlıdır. Müstəqil təlim insandan gərgin iradə tələb
edir. Şagird bütün psixi qüvvəsini səfərbərliyə alıb
çətinlikləri aradan qaldırmağa, başladığı işi sona
çatdırmağa çalışmalıdır. İradəsi zəif olan şagirdlər
müstəqil iş zamanı qətiyyətsiz olur, çətinliyə rast
gəldikdə işi yarımçıq qoyur, başqalarından kömək
istəyir, kənar təsir altına tez düşürlər. Möhkəm iradəli
şagirdlər isə müstəqil iş zamanı qətiyyətli olur,
çətinlikləri aradan qaldırmağa, başladıqları işi axıra
çatdırmağa çalışırlar.
Göründüyü kimi, təlimdə şagirdlərin müstəqilliyi psixi
proseslərlə sıx bağlı olduğu üçün onu həmin proseslərdən
təcrid edilmiş halda formalaşdırmaq olmaz. Təlimə maraq
tərbiyəsi ümumi tərbiyə işinin ən mühüm sahələrindən
biri olduğu üçün müəllimlər şagirdlərə qarşıya qoyulmuş
məqsədə çatmaqda, çətinliklərə üstün gəlməkdə köməklik
göstərməlidirlər. Hər bir müəllim şagirdə dərk
etdirməlidir ki, təlim də əməkdir, özü də asan və sadə
olmayan bir əməkdir.
Xoşbəxt HƏSƏNOVA,
Bakı şəhər 93 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi |