Sabah
yeni tədris ili başlanır. Tədris ilinin başlanmasına isə
ən çox ilk dəfə əlinə çanta alib məktəbə qədəm qoyacaq
balacalar sevinir. "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununun 19.11 bəndinə uyğun olaraq
ölkəmizdə ibtidai təhsil 6 yaşdan başlanır. Elə uşaqlar
var ki, dərs ili başlananda onların 6 yaşının tamam
olmasına hələ bir neçə ay qalır. Buna baxmayaraq, həmin
balacalar da öz yaşıdları ilə birlikdə təhsil almaq
istəyir. "Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununun digər bir bəndində isə xüsusi istedadlı
uşaqların daha erkən yaşda məktəbə getməsinə icazə
verilir. Təhsil Nazirliyində yaradılmış komissiya da
məhz bu cür uşaqların valideynlərinin müraciətlərinə
baxaraq onların övladlarının məktəb təliminə nə dərəcədə
hazırlıqlı olmasını müəyyənləşdirib I sinfə getmələri
ilə bağlı müvafiq rəy verir.
Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil
şöbəsinin aparıcı məsləhətçisi, noyabr ayında 6 yaşı
tamam olan uşaqların məktəbə hazırlıq səviyyəsinin
yoxlanılması ilə bağlı yaradılmış komissiyanın üzvü Afət
Süleymanova ilə görüşümüzün əsas məqsədi də adıçəkilən
komissiyanın fəaliyyəti, gördüyü işlərlə, ümumiyyətlə bu
prosesin necə həyata keçirilməsi ilə oxucularımızı tanış
etmək idi.
Afət xanım bildirdi ki, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununun 19.12-ci maddəsinin icrası ilə
bağlı Təhsil Nazirliyinin 16 iyun 2010-cu il tarixli,
796 nömrəli əmri ilə "Ümumtəhsil məktəblərinin I sinfinə
uşaqların vaxtından əvvəl qəbulu qaydaları"
təsdiqlənmişdir. Həmin qaydaların müvafiq bəndinə əsasən
nazirlikdə komissiya yaradılmışdır. Valideynlər 6 yaşı
noyabr ayı ərzində tamam olan övladlarının məktəbə
vaxtından qabaq getməsi üçün Təhsil Nazirliyinə ərizə
ilə müraciət edirlər. Ərizələrin qəbulu iyulun 1-dən
sentyabrın 10-a qədərdir. Bu il belə müraciətlərin sayı
1500-ə yaxın olub. Komissiya üzvləri istirahət günü
istisna olmaqla hər gün ərizə ilə müraciət etmiş
uşaqları onların valideynlərinin iştirakı ilə qəbul
edirlər. Artıq onlardan 700-nün hazırlığı komissiya
üzvləri tərəfindən yoxlanılıb və bu uşaqların 300-dən
artığının vaxtından qabaq məktəbə getməsi məqbul
sayılıb. Qəbula gələn uşaqlara məktəbə hazırlığı
şərtləndirən keyfiyyətlər baxımından qiymətləndirmə
imkanı verən müxtəlif xarakterli test və tapşırıqlar
təqdim olunur.Balacaların yerinə yetirdikləri xüsusi
tapşırıqlar, verdikləri cavablar əsasında onların nitq,
idraki, sadə riyazi hesablama bacarıqları, eləcə də
psixoloji dayanıqlığı və fizioloji durumu komissiya
üzvləri tərəfindən ayrı-ayrılıqda qiymətləndirilir.
Maksimum bal 25, keçid balı isə 15-dir. Belə ki, əgər
uşaqların nitqi lazımi səviyyədədirsə, psixoloji,
sosial, idraki, intellektual hazırlığı, məntiqi
düşüncəsi, fizioloji imkanı yol verirsə və yuxarıda
adları qeyd olunan parametrlər üzrə ümumilikdə 15 bal
toplayıbsa, həmin balacalara vaxtından əvvəl məktəbə
getmək imkanı yaradılır. Komissiyanın digər üzvləri isə
paytaxtın sayılıb-seçilən, qabaqcıl müəllimləri - Bakı
Avropa Liseyinin ibtidai sinif müəllimi Yaqut Səfərova,
164 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Sevil Məcidova, 20 nömrəli məktəb-liseyin psixoloqu
Tünzalə Verdiyevadır.
Uşaqların verilən tapşırıqları hansı səviyyədə yerinə
yetirmələrinin şahidi olmaq, valideynlərin bununla
bağlı fikirlərini öyrənmək üçün elə həmin gün
komissiyanın işini müşahidə etməyi qərara aldıq. Biz
otağa daxil olanda komissiyanın üzvləri Sevil Məcidova,
Tünzalə Verdiyeva Teymur Paşazadənin verdiyi cavabları
hər bir parametr üzrə ətraflı təhlil edərək
qiymətləndirmə cədvəlində ona 15 bal yazdılar. Oğlunun
cavablarını izləyən anası komissiya üzvlərinin övladı
haqqında fikirləri ilə tamamilə razı olduğunu dedi.
Komissiya üzvləri məktəbə getmək istəyən digər bir uşağa
- 6 yaşı noyabrın 23-də tamam olacaq Hacı Pənahova
tapşırıq verdi. Hacı ona təqdim olunan fiqurları
ardıcıllıqla düzməli, onları tanımalı, fiqurlar arasında
fərqi deməli, şəkil əsasında fiquru qurmalı, doğru
qurub-qurmadığını müəyyən etmək üçün nəticəni
dəyərləndirməli idi. Müəllimlərin uşaqla səmimi ünsiyyət
yaratmasına, müəyyən köməkliyə cəhd etmələrinə
baxmayaraq, o, tapşırığı yerinə yetirməkdə çətinlik
çəkdi. Hacı ona verilmiş şəkillərdə verilmiş əşyaları
saymaq və uyğun gələn rəqəmi dairəyə almaqla bağlı
tapşırığı da edə bilmədi. Bu tapşırığın və əlavə
yardımçı sualların verilməsi onun sadə riyazi hesablama
bacarığının hansı səviyyədə olmasını müəyyənləşdirmək
məqsədi daşıyırdı. Ümumiyyətlə, verilən test və
tapşırıqların öhdəsindən çox çətinliklə gələn Hacının
digər parametrlər üzrə də cavabları qaneedici olmadı. O,
komissiya üzvləri tərəfindən 6 balla qiymətləndirildi
və bu il məktəbə getməsi məqbul hesab edilmədi. Hacının
cabablarını diqqətlə dinləyən anası Adilə Pənahova 3 il
bundan qabaq qızı Ayselin də vaxtından əvvəl I sinfə
getmək üçün bu komissiyanın üzvləri tərəfindən hazırlıq
səviyyəsinin yoxlanıldığını və tələb olunan 15 balı
toplayaraq məktəbə getməyə icazə verildiyini dedi.
Hazırda 3-cü sinifdə oxuyan qızının dərs əlaçısı
olduğunu söyləyən ana Hacının verdiyi cavabların
komissiya tərəfindən az balla qiymətləndirilməsini haqlı
sayaraq onun vaxtından qabaq məktəbə getməyə doğrudan
da hələ hazır olmadığını etiraf etdi.
Biz orada olduğumuz müddətdə adları siyahıda qeyd olunan
Elcan Səfərov, Vüsal Mehrəli, Çingiz Eyvazov və digər
uşaqların yerinə yetirdikləri tapşırıqlar, testlər üzrə,
həmçinin şifahi suallara verdikləri cavablar
ayrı-ayrılıqda komissiya üzvləri tərəfindən ətraflı
təhlil olunaraq sonda müvafiq ballarla qiymətləndirildi.
Vüsal Mehrəlinin babası Güləli Mehrəliyev valideynlərin
burada iştirakının təmin edilməsini müsbət
qiymətləndirərək uşaqların verdikləri cavablar əsasında
komissiya üzvlərinin obyektiv qərar qəbul etmələrindən
razı qaldığını bildirdi.
Samirə KƏRİMOVA |