Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

2011-2012-ci dərs ilində görülmüş işlər və qarşıda duran vəzifələr

 

Ümumi təhsil sahəsində bir neçə istiqamət üzrə islahatyönümlü tədbirlər həyata keçirilir 

Son illər ümumi təhsil sahəsində bir sıra prioritet istiqamət üzrə aparılan islahatlar 2011-2012-ci dərs ilində də davam etdirilmiş, il ərzində xeyli islahatyönümlü tədbir həyata keçirilmişdir. Bu baxımdan dərs ilinin ən mühüm hadisələrindən biri ölkəmizin tarixində ilk dəfə olaraq ibtidai siniflərdə tətbiq olunan yeni kurikulumlarla işin başa çatdırılması olmuşdur.

Bununla əlaqədar 4 illik təcrübənin və əldə olunmuş nəticələrin təhlili üzrə aparılacaq işlərin istiqamətləri müəyyənləşdirilmişdir.

Dərs ili ərzində kurikulumların tətbiqi ilə bağlı yerlərdə təhsil işçilərinə peşəkar səviyyəli metodik köməkliyin təmin olunmasına xidmət edən təlimçilər qruplarının formalaşdırılması işi davam etdirilmiş, Ağcabədi, Ucar, Zərdab, Yevlax, Kürdəmir, Bərdə, Biləsuvar rayonlarında 150 nəfərdən artıq təlimçi hazırlanmışdır.

Bununla yanaşı, Mingəçevir, Şirvan şəhərlərində, Balakən, Lənkəran, Zərdab, Sabirabad, Yevlax, Saatlı rayonlarında fənn kurikulumlarının tətbiqi vəziyyəti öyrənilib müvafiq tədbirlər müəyyənləşdirilmiş, Şəki şəhərində Zaqatala, Qax, Balakən, Oğuz rayonlarının təhsil işçilərinin də təmsil olunduğu ümumi təhsilin aktual problemlərinə həsr edilən zona elmi-praktik konfransı keçirilmiş, Bakı və Gəncə şəhərlərinin təhsil işçilərinin iştirakı ilə  İnternet konfransı təşkil olunmuşdur.

2012-2013-cü dərs ilində ümumi orta təhsil pilləsində kurikulumların tətbiqinə başlanması ilə əlaqədar zəruri tədbirlərin görülməsi təmin olunmuş, bütün növdən olan ümumi təhsil müəssisələrinin tədris planları hazırlanıb təsdiq edilmiş və yerlərə çatdırılmışdır.

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tam orta təhsilin təmayüllər üzrə qurulması istiqamətində ilk addımlar atılmış, bu məqsədlə müəyyənləşdirilmiş 6 müəssisədə (akademik Zərifə Əliyeva adına lisey, 6 nömrəli lisey, Bakı Avropa Liseyi, fizika-riyaziyyat və informatika təmayüllü lisey, "Elitar" gimnaziya, "XXI əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi) tam orta təhsilin təmayüllər əsasında təşkili üzrə pilot layihənin reallaşdırılmasına başlanmışdır. Həmin təhsil müəssisələrinin təmayüllü X-XI sinifləri üçün tədris planları hazırlanaraq təsdiq edilmişdir.

Eyni zamanda ölkədəki lisey və gimnaziyaların təmayül fənləri üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi istiqamətində də təşkilati tədbirlər görülmüş, işçi qrupları yaradılmış və bu proqramların yeniləşdirilmiş variantlarının hazırlanmasına başlanmışdır.

İstedadlı uşaq və gənclərlə, eləcə də istedadlı gənc müəllimlərlə iş sahəsində bir sıra əməli tədbirlərin müəyyənləşdirilib davamlı icrasının təmin edilməsi də ümumi təhsil üzrə 2011-2012-ci dərs ilinin mühüm hadisələrindən sayıla bilər. Belə ki, ötən dərs ilində xüsusi istedada malik uşaq və gənclər üçün xüsusi liseylərin və lisey siniflərinin yaradılması üzrə iş davam etdirilərək Şamaxı şəhərindəki 5 nömrəli tam orta məktəbin bazasında lisey yaradılmış və onun yeni dərs ilindən fəaliyyətinə icazə verilmişdir.

Ötən dərs ilində habelə Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət  Proqramı (2006-2010-cu illər)"nın yerinə yetirilməsinin yekunları haqqında məsələ hazırlanaraq kollegiyada müzakirə olunmuş və müvafiq qərar qəbul edilmiş, kollegiya qərarına uyğun olaraq hazırlanmış "2012-2013-cü illərdə istedadlı uşaq və gənclərlə iş sahəsində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı" Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuşdur.

İl ərzində məqsədi istedadlı uşaqları üzə çıxarıb rəğbətləndirmək olan respublika fənn olimpiadalarının keçirilməsi ilə bağlı bütün təşkilati işlər də vaxtında görülüb başa çatdırılmış, olimpiadalar uğurla keçirilərək nəticələr təhlil olunmuşdur.

Məlum olduğu kimi, artıq 5 ildir ki, ölkədə innovativ məktəb və müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilir. Hər iki müsabiqənin 2008-2011-ci illəri əhatə edən 4 illik yekunları haqqında məsələ hazırlanaraq kollegiyada müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.

Müsabiqələr ötən dərs ili üzrə də uğurla keçirilərək yekunlaşdırılmış, qalib məktəb və müəllimlər Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə mükafatlandırılmışlar. Müsabiqələrin gedişində iştirak üçün müraciət edən 446 müəllim və 151 ümumtəhsil məktəbinin sənədləri ekspertizadan keçirilmiş,  231 nəfər müəllimin dərsi təşkil olunmuşdur.

Dərs ili ərzində gənc müəllimlərlə iş də diqqət mərkəzində saxlanılmış, Təhsil Nazirliyinin "İstedadlı gənc müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması tədbirləri haqqında" 10 iyul 2011-ci il tarixli, 1436 nömrəli əmrinə uyğun olaraq bu işin həyata keçirilməsi üzrə Fəaliyyət planı hazırlanmışdır və hazırda icra olunmaqdadır.

Ötən dərs ili həm də ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin məktəblilərə daha dərindən öyrədilməsi məqsədi ilə, habelə ölkə başçısının sərəncamları və Təhsil Nazirliyinin müvafiq əmrləri ilə yubileyləri qeyd olunan görkəmli yazıçı və şairlərə həsr olunmuş tədbirlərin həyata keçirilməsi ilə yaddaqalan olmuşdur. Bu baxımdan ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş məktəblilərin ümumrespublika inşa müsabiqəsinin, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Nizami Gəncəvi, M.Ə.Sabir və M.İbrahimovun yubileyləri ilə əlaqədar respublika inşa müsabiqələrinin keçirilməsini 2011-2012-ci dərs ilinin mühüm hadisələri saymaq olar.

Ötən dərs ili ərzində habelə Ədliyyə Nazirliyində mövcud qaydalar üzrə qeydiyyata alınmaq üçün rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) əsasnamə layihəsi hazırlanmış, "Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi", "Uşaqların vaxtından əvvəl I sinfə qəbulu" haqqında qaydaları əks etdirən mövcud sənədlər yenidən işlənərək təkmilləşdirilmiş, layihə şəklində hazırlanıb təqdim olunmuşdur. Eyni zamanda zəruri ehtiyacı nəzərə alaraq ümumtəhsil məktəblərinin VIII sinifləri üçün "Qarabağın tarixi" adlı fakültativ kursun proqramının layihəsi hazırlanmışdır.

Görülən işlərdən biri də ölkədə fəaliyyət göstərən 100 və 100-dən artıq yaşı olan məktəblərin siyahısının tərtib olunması, onların hər biri haqqında məlumatın toplanmasıdır.

2011-ci ildə və 2012-ci ilin 8 ayı ərzində şöbəyə 7418 ərizə, məktub və teleqram daxil olmuşdur. Bu müraciətlər üzrə müvafiq araşdırmalar aparılmış və nəticə barədə ərizəçilərə vaxtında cavab verilmişdir.

Şöbə yeni dərs ilində də həmin istiqamətlərdə fəaliyyətini davam etdirəcəkdir. 

Aydın ƏHMƏDOV,
Təhsil Nazirliyi Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri


 Qiymətləndirmə və monitorinq üzrə kadr hazırlığına başlanıb 

2011-2012-ci dərs ilində şagird nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Belə ki, respublikanın 300 məktəbinin IV sinif şagirdləri ilə fənn kurikulumlarını qiymətləndirmək məqsədilə milli qiymətləndirmə aparılmışdır. Tədqiqatda 9205 nəfər şagird, 300 nəfər məktəb direktoru, 503 nəfər müəllim, 8974 nəfər valideyn iştirak etmişdir. Nəticələr təhlil edilmiş və yaxın vaxtlarda elan olunacaqdır.

PİRLS-2011 və TİMSS-2011 beynəlxalq qiymətləndirmə tədqiqatlarının ilkin təhlillərinə əsasən, iştirakçı ölkələr arasında Azərbaycanın daha yüksək yerlərdə qərarlaşacağına inanırıq. Hər iki proqram üzrə beynəlxalq hesabatlar cari ilin dekabrında elan ediləcəkdir.

PİRLS-2011 və TİMSS-2011 Ensiklopediyası üçün ölkəmizin ümumi təhsil sistemi üzrə məlumatlar Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının Məlumatların İdarə Edilməsi Mərkəzinə (İEA DPC) təqdim edilmişdir.

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsində "Təhsildə qiymətləndirmə və monitorinq" ixtisası üzrə kadr hazırlığına başlanmışdır.

2011-2012-ci tədris ilində akkreditasiya keçirilməsi və lisenziya verilməsi nəzərdə tutulan 57 müəssisədə (ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil) 16008 təhsilalan əhatə olunmaqla qiymətləndirmə aparılmış, nəticələr təhlil edilmişdir.

2011-2012-ci dərs ilinin yekunlarına görə 118 şagird qızıl, 20 şagird gümüş medala layiq görülmüşdür. 

Təranə HACIYEVA,
Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
 


 Məktəbli idmançılar böyük uğur qazanıblar 

Təhsil Nazirliyinin fəaliyyətində uşaq və gənclərin tərbiyəsi, təhsil alan gənclərin müxtəlif tərbiyəvi tədbirlərə cəlb olunması, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi xüsusi yer tutur. Bu sahədə işlər 2011-2012-ci dərs ilində şöbənin fəaliyyətində aparıcı yer tutmuşdur.

Dərs ili ərzində uşaq və gənclərin Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində tərbiyəsi xüsusilə diqqət mərkəzində durmuş, bu məqsədlə müxtəlif tədbirlər keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 aprel 2012-ci il tarixli, 529 nömrəli əmrinə əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında  "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsi, Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən  ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı keçirilmiş, müsabiqə və festivalda I, II, III yerləri tutan şagird və tələbələr mükafatlandırılmışlar.

Ötən dərs ilində torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda xüsusi aktuallıq kəsb edən vətənpərvərlik tərbiyəsi də diqqət mərkəzində saxlanmış, bu məqsədlə məktəblərdə ənənəvi "Cəsurlar", "Şahin", "Sərhəd", "Gənc yanğınsöndürən" hərbi-idman və turizm respublika oyunları keçirilmişdir.

Təhsil müəssisələrində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə nəzərdə tutulmuş tarixi günlər, bayramlar, yubileylər yüksək səviyyədə qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin "Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında" 6 fevral 2012-ci il tarixli, 1079 nömrəli, "Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında" 16 fevral 2012-ci il tarixli, 2051 nömrəli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin "Xocalı soyqırımının iyirminci ildönümünün qeyd edilməsi haqqında" 21 yanvar 2012-ci il tarixli 7 nömrəli sərəncamlarının icrası ilə bağlı Təhsil Nazirliyinin əmr və tədbirlər planı hazırlanmış, həmin əmr və tədbirlər planlarına əsasən təhsil ocaqlarında çoxsaylı tədbirlər keçirilmişdir. Nazirliyin 19 yanvar 2012-ci il tarixli 65 nömrəli əmrinə əsasən Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "Uşaqlar və müharibə" mövzusunda Gülüstan sarayında rəsm sərgisi keçirilmiş, sərgidə 60-dan artıq rayon və şəhərin ümumtəhsil məktəblərinin və peşə liseylərinin şagirdləri tərəfindən hazırlanmış 1200 rəsm işi nümayiş etdirilmişdir. Respublika mərhələsində qalib adına layiq görülmüş 89 rəsm işi həmin mövzuda Moskva şəhərində təşkil olunmuş rəsm sərgisində nümayiş olunmuşdur.

Məktəblilərin asudə vaxtının düzgün qurulmasında məktəbdənkənar müəssisələrin böyük rolu vardır. Hazırda respublikamızda uşaq və gənclərin asudə vaxtlarının təşkili ilə 380 məktəbdənkənar təhsil müəssisəsi məşğul olur.

Onların bir qismini təşkil edən texniki yaradıcılıq mərkəzlərində il ərzində uşaq və gənclərin texniki yaradıcılıq qabiliyyətlərinin inkişafına istiqamətlənmiş silsilə tədbirlər keçirilmişdir. Təhsil Nazirliyinin 6 fevral 2012-ci il tarixli, 165 nömrəli əmrinə əsasən keçirilmiş uşaq və yeniyetmələrin respublika elmi-texniki yaradıcılıq müsabiqəsi də ötən dərs ilinin ən yaddaqalan hadisələrindən biri olmuş, texniki yaradıcılığın 5 növü üzrə 15 nominasiyada keçirilən müsabiqənin zona mərhələsində 68 şəhər və rayondan 300 nəfərə yaxın, respublika mərhələsində isə 45 şəhər və rayondan 195 nəfər iştirak etmişdir.

2011-2012-ci dərs ilində respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən məktəblilərin ekoloji təhsili və tərbiyəsi sahəsində bir sıra tədbirlər keçirilmiş, paytaxtın müxtəlif təhsil ocaqlarında "Bioloji müxtəliflik", "İnsan və ətraf mühit", "Ekoloji mədəniyyət", "Təbii sərvətlər" profilləri üzrə 2430 şagirdi əhatə edən 50 adda 162 dərnək təşkil edilmişdir. Təhsil Nazirliyinin 25 noyabr 2011-ci il tarixli əmrinə uyğun olaraq 2012-ci il yanvarın 10-da "Meşələri qoruyaq" devizi altında keçirilmiş gənc meşəçilərin respublika müsabiqəsinin yekun tədbiri bu sahədə dərs ilinin ən maraqlı tədbirlərindən olmuşdur.

2011-2012-ci dərs ili ərzində uşaq və yeniyetmələr arasında aparılan turizm və diyarşünaslıq işlərini genişləndirmək, onları doğma diyarın öyrənilməsinə cəlb etmək, turist ustalıqlarını artırmaq, asudə vaxtlarını səmərəli keçirmək üçün ekskursiyalar təşkil olunmuş, yarışlar, müsabiqələr və kütləvi tədbirlər keçirilmişdir. Həmin tədbir və ekskursiyalara 8 minə yaxın məktəbli cəlb olunmuş, yarış və müsabiqələrdə 53 minə yaxın şagird iştirak etmişdir.

Respublikada fəaliyyət göstərən 159 uşaq-gənclər idman və şahmat məktəbi yeniyetmə və gənclərin idmanla yaxından məşğul olmasına əlverişli şərait yaradır. Ölkədə idmana göstərilən diqqət və qayğı nəticəsində son illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edir. İdmançılarımızın bu ilin yayında Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında qazandıqları parlaq qələbə buna əyani sübutdur.

2011-2012-ci dərs ili ərzində məktəbli idmançıların iştirakı ilə müxtəlif idman növləri üzrə 39 çempionat, birincilik, zona və seçmə yarışları, 6 respublika turniri, eləcə də beynəlxalq və respublika yarışlarına hazırlıqla əlaqədar 70 təlim-məşq toplanışı keçirilmişdir.

Ötən dərs ilində idman və şahmat məktəblərinin və "Təhsil" Respublika İdman Mərkəzinin filiallarının yetirmələri respublika, Avropa və Dünya birinciliyi və çempionatlarında, eləcə də digər beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxış edərək müxtəlif idman növləri üzrə 1872 medal qazanmışlar.

Ötən dərs ilində respublika üzrə idman növlərindən 1966 nəfər yüksək dərəcəli idmançı hazırlanmışdır.

Yeni dərs ilində bu istiqamətlərdə aparılan işlərin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. 

Ağababa İBRAHİMOV,
Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri


Ötən il 64 təhsil müəssisəsinin akkreditasiyası keçirilib 

Ötən tədris ilində şöbənin fəaliyyəti üçün zəruri olan sənədlər, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrinin akkreditasiyası qrafiki hazırlanmış və təsdiq edilmiş, lisenziya müddəti başa çatmış özəl ali, ümumi və məktəbəqədər təhsil müəssisələrinin lisenziya müddətinin uzadılması məsələlərinə, lisenziya almaq üçün müraciət etmiş özəl məktəb və məktəbəqədər təhsil müəssisələrinin müraciətlərinə baxılmış, qrafik üzrə təhsil müəssisələrinin akkreditasiyası keçirilmişdir. Şöbənin əməkdaşları xarici ölkələrdə təhsilin keyfiyyətinə təminat və akkreditasiya məsələləri ilə bağlı keçirilmiş seminarlarda iştirak etmiş, qeyri-qanuni fəaliyyət göstərən özəl təhsil müəssisələrinin müəyyənləşdirilməsi məqsədilə reydlər keçirmişlər.

Ötən tədris ili ərzində ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə və bu müəssisələrin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarların layihələri əvvəlcə Təhsil Nazirliyinin müvafiq şöbələri, Dünya Bankı, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Valideyn-Müəllim Assosiasiyasının nümayəndələrinin iştirakı ilə, sonra isə nazirliyin akkreditasiya şurasının iclasında müzakirə olunmuş, irad və təkliflər nəzərə alınmaqla təkmilləşdirilmiş və müvafiq əlavə və düzəlişlərlə təsdiq edilmişdir. Həmin sənədlər bunlardır:

* Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar (ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri üçün).

* Təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar (ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri üçün).

* Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar.

* Ümumi təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar.

Təhsil müəssisələrinin akkreditasiyası və lisenziyalaşdırılması ilə əlaqədar xeyli iş  görülmüşdür. Belə ki, 15 ali təhsil (6 özəl, 9 dövlət ali təhsil müəssisəsi), 18 orta ixtisas təhsili, 24 ilk peşə-ixtisas təhsili (14 peşə liseyi, 10 peşə məktəbi) müəssisəsinin, 7 ümumtəhsil məktəbinin akkreditasiyası keçirilmiş, 4 məktəbin akkreditasiyası isə onlarda təmir işlərinin aparılması səbəbindən başqa vaxta keçirilmişdir.

4 dövlət və 1 özəl ali təhsil müəssisəsinin, 2 orta ixtisas və 16 ilk peşə-ixtisas təhsili müəssisəsinin akkreditasiyasının nəticələri Akkreditasiya şurasında yaxın vaxtlarda müzakirə olunacaqdır.

2011-2012-ci tədris ilində 8 məktəbəqədər təhsil müəssisəsinə, 3 ümumi təhsil müəssisəsinə və 2 ali təhsil müəssisəsinə lisenziya verilmiş, 1 özəl ümumi təhsil müəssisəsinin və 2 ali təhsil müəssisəsinin lisenziyasının fəaliyyət müddəti uzadılmışdır. Sənədləri qaydasında olmayan və ya standartların tələblərinə cavab verməyən müəssisələrə lisenziya verilməsindən imtina edilmişdir.

Lisenziya almaqdan ötrü təsisçilərin Təhsil Nazirliyinə müraciətlərinin araşdırılması üçün nazirliyin müvafiq əmrləri ilə neytral şəxslərdən ibarət ekspert qrupları yaradılmışdır. Ekspert qrupları həmin müəssisələrin maddi-texniki bazasına baxış keçirmiş, onların kadr və tədris-metodik təminatını araşdırmış və nəticələri barədə arayışlar hazırlamışdır. Arayışlar nazirliyin Lisenziya komissiyasının iclaslarında müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul edilmişdir.

2012-ci ildə şöbəyə müxtəlif məsələlər üzrə 153 ərizə və müraciət daxil olmuşdur. Bu müraciətlər araşdırılmış və onların nəticələri barədə ərizəçilərə vaxtında cavab verilmişdir.

Növbəti tədris ilində də Akkreditasiya şöbəsi öz fəaliyyətini bu istiqamətlər üzrə davam etdirəcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2012-ci il tarixli, 87 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri" və 3 avqust 2012-ci il tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nə uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyası üçün müəyyənləşdirilmiş meyarlara əlavə və dəyişikliklər edilməsi, məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası üçün meyarların hazırlanması nəzərdə tutulmuşdur. 

Həbib ZƏRBƏLİYEV,
Təhsil Nazirliyi Akkreditasiya şöbəsinin müdiri


 Ali və orta ixtisas təhsilində islahatlar üzrə dövlət proqramları uğurla yerinə yetirilir 

Ali və orta ixtisas təhsili cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasinda əsas faktor hesab edildiyindən təhsilin bu pillələrinin inkişafı, bu məqsədlə islahatların həyata keçirilməsi zəruri və prioritet məsələ hesab olunur. Məhz bu zərurət nəzərə alınaraq şöbə tərəfindən 2011-2012-ci dərs ilində bir sıra mühüm işlər görülmüşdür.

Belə ki, ali və orta ixtisas təhsilinin normativ-hüquqi bazasının möhkəmləndirilməsini təmin etmək məqsədilə mütəxəssislərin iştirakı ilə təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması və onların biliyinin yenidən qiymətləndirilməsi, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili barədə əsasnamə layihələri hazırlanmış və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilmişdir.

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və onun tətbiqi ilə bağlı ölkə Prezidentinin müvafiq fərmanına uyğun olaraq magistratura səviyyəsinin ixtisasları üzrə təhsil proqramlarının məzmunca yeni strukturu hazırlanmış və magistr hazırlığı aparılan bütün ixtisaslar üzrə buna müvafiq təhsil proqramları tərtib olunmuşdur. Cari tədris ilindən magistraturada tədris həmin proqramlar əsasında aparılacaqdır. Bakalavriat səviyyəsi üçün yeni təhsil proqramlarının hazırlanmasına başlanılmışdır. Bu dərs ilindən ölkəmizdə ilk dəfə olaraq rezidentura hazırlığına başlanılmış və bununla bağlı müvafiq tədbirlər görülmüşdür.

2012-ci ildə ali məktəblərin magistratura və bakalavriat səviyyələrinə qəbul planı dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu əsasında tərtib edilmişdir. Bu il həmin plana uyğun olaraq ali məktəblərimizə minlərlə gənc daxil olmuşdur. Magistratura səviyyəsinə və rezidenturaya qəbul ixtisasların yeni təsnifatları əsasında keçirilmişdir.

Ali təhsil müəssisələrində qış və yay imtahan sessiyalarının təşkili və gedişi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, sessiyaların mütəşəkkil keçirilməsi və şəffaflığın təmin edilməsi üçün nazirlikdə Mərkəzi Operativ Qərargah (MOQ), "Qaynar  xətt", ali və orta ixtisas təhsili müəssisələrində müvafiq qərargahlar yaradılmış, yol verilmiş neqativ halların aradan qaldırılması istiqamətində dərhal müvafiq tədbirlər görülmüşdür.

Cari  ildə müəllim hazırlığı  məsələsinə də xüsusi önəm verilmişdir. Belə ki, Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş "2008-2015-ci illər üçün Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyasının həyata keçirilməsi üzrə tədbirlər planı"nda 2012-ci il üçün nəzərdə tutulan tədbirlər əsasən həyata keçirilmişdir.

Təhsil Nazirliyinin yanında müstəqil fəaliyyət göstərən məşvərətçi qurum - "Fasiləsiz pedaqoji təhsil üzrə koordinasiya şurası" 2012-ci ildə də fəaliyyətini davam etdirmiş, nazirliyə müəllim hazırlığının təkmilləşdirilməsi istiqamətində bir sıra tövsiyələr vermişdir.

Ölkəmizin təhsil müəssisələrinin verdiyi diplomların xarici ölkələrdə tanınması, onların ekvivalentliyinin müəyyənləşdirilməsi məqsədilə beynəlxalq və milli məsləhətçilərin iştirakı ilə "Azərbaycan Respublikasının Milli İxtisas Dərəcələri Çərçivəsi"nin (MİDÇ) layihəsi hazırlanmış və təsdiqə təqdim edilmişdir. Həmin sənəddə ali və orta ixtisas təhsili pilləsinin səviyyələri üzrə məzunların bilik və bacarıqlarına qoyulan tələblər müəyyənləşdirilmişdir.

"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində  islahatlar üzrə Dövlət Proqramı" üzrə Təhsil Nazirliyinin fəaliyyət planına uyğun olaraq ali təhsilin normativ-hüquqi bazasının yeniləşdirilməsi, təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi, ali məktəblərin strukturunun və idarə olunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, ali təhsildə keyfiyyətin təmin olunması, kadr hazırlığı, maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması, ali təhsilin iqtisadiyyatının yeni mexanizmlərinin yaradılması və tətbiqi, elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlər davam etdirilmişdir.

Dünya Bankının vasitəsilə Yaponiya hökuməti tərəfindən ayrılmış qrant hesabına beynəlxalq və milli məsləhətçilər cəlb olunmaqla ali təhsilin islahat layihəsi hazırlanmış və buna müvafiq vəsaitin ayrılması üçün hökumətə təqdim edilmişdir.

Ali təhsil sahəsində aparılan islahatların, bu sahədə baş verən yeniliklərin cəmiyyətə daha dolğun şəkildə çatdırılması üçün "Ali təhsil və cəmiyyət" jurnalının təsis edilməsi və ilk sayının buraxılması da ötən dərs ilinin ən mühüm hadisələrindən olmuşdur.

Ötən dərs ilində orta ixtisas təhsili sahəsində də islahatlar davam etdirilmiş, təhsilalanların attestasiyası və kredit sistemi ilə bağlı yeni normativ-hüquqi sənədlər hazırlanmışdır.

Bunlarla yanaşı, "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı" üzrə Fəaliyyət Planında 2012-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilmiş, orta ixtisas təhsili müəssisələrinin şəbəkəsi təkmilləşdirilərək bir sıra şöbələrin fəaliyyəti dayandırılmışdır.

Orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilində kredit sisteminə keçidlə bağlı həmin müəssisələrin əməkdaşları üçün seminar və treninqlər keçirilmiş, 2012-ci ildə orta ixtisas təhsili müəssisələrində keçirilən qış və yaz imtahan sessiyalarının monitorinqi  aparılmış və onların nəticələrinə dair hesabatlar hazırlanmışdır.

Yeni dərs ilində də şöbənin qarşısında xeyli vəzifə durur. Məlum olduğu kimi, gələn il  ali və orta ixtisas təhsili sistemində islahatlar üzrə dövlət proqramlarının müddəti başa çatır. Ona görə də hər iki proqramda nəzərdə tutulan tədbirlərin yekunlaşdırılması, monitorinqinin keçirilməsi və müvafiq hesabatların hazırlanması nəzərdə tutulur. Növbəti ildə həmçinin ali təhsilin yeni islahat layihəsi üzrə tədbirlərin həyata keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətini tənzimləyən normativ sənədlərin təkmilləşdirilməsi, yenilərin hazırlanması və tətbiqi, ixtisaslar üzrə magistr təhsil proqramlarının ali təhsil müəssisələrində tətbiqi, ali təhsilin bakalavriat səviyyəsində mütəxəssis hazırlığı aparılan bütün ixtisaslar üzrə yeni nəsil təhsil proqramlarının hazırlanmasının başa çatdırılması və onların ali təhsil müəssisələrində tətbiqi, orta ixtisas təhsili müəssisələrində tədris prosesində kredit sisteminin tətbiqi, bununla bağlı təhsil müəssisələrinin əməkdaşları üçün  seminar, treninq və monitorinqlərin keçirilməsi, təhsilalanların biliyinin, yekun attestasiyasının qiymətləndirilməsinin yeni qaydalar üzrə aparılmasının təşkili, orta  ixtisas təhsili pilləsində ixtisaslar üzrə təhsil proqramlarının təkmilləşdirilməsinin həyata keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində kredit sisteminin tətbiqi ilə bağlı zəruri struktur islahatlarının aparılması nəzərdə tutulur. 

İlham MUSTAFAYEV,
Təhsil Nazirliyi Ali və orta ixtisas təhsili şöbəsinin müdiri


 Dərslik siyasəti 

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsi 2012-ci ildə öz işini təsdiq olunmuş iş planına müvafiq olaraq dərslik və dərslik komplektlərinin hazırlanması və qiymətləndirilməsinin təşkili, bölgüsü və yerlərə çatdırılması, ali və orta ixtisas təhsili müəssisələrindən daxil olmuş tədris ədəbiyyatının təsdiqi, ümumtəhsil məktəb kitabxanaları fondlarının dərslik və əlavə oxu vəsaitləri ilə təminatı, ərizə və məktubların icrası, vətəndaşların qəbulu istiqamətlərində qurmuşdur.

Beləliklə, 2012/2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I-III və V-XI sinifləri üçün 194 adda, 4018990 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin nəşri və çapı nəzərdə tutulmuşdu.

Bunlardan əvvəlki illərdə Milli Kurikulum əsasında hazırlanmış II-III siniflər və mövcud fənn proqramları əsasında hazırlanmış VI-XI siniflər üzrə 114 adda dərslik ümumtəhsil məktəb müəllimlərindən ibarət işçi qrupları tərəfindən baxılaraq rəy və təkliflər nəzərə alınmaqla işlənilmişdir. Həmin dərsliklər tələbata uyğun olaraq və mövcud şagird kontingentinin 30%-i həcmində, yəni 1936250 nüsxə tirajla çap edilmiş, 2012-ci ilin iyun-iyul aylarında yerlərə çatdırılmışdır. 

I və V siniflər üçün isə Milli Kurikulum əsasında 80 adda dərslik və müəllim üçün metodik vəsaitin mövcud qanunvericiliyə əsasən tender yolu ilə hazırlanması və çapı nəzərdə tutulmuşdur. Bu məqsədlə 16 sentyabr 2011-ci il tarixdə dövri mətbuatda tender elanı dərc edilmiş, eləcə də Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələrindən ibarət Tender komissiyası formalaşdırılmışdır. Tender komissiyası tenderin "Əsas şərtlər toplusu"nu hazırlayaraq təsdiq etmiş və tenderdə iştirak üçün müraciət edən nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim etmişdir.

Dərslik və nəşriyyat şöbəsi 2012-ci ilin ilk rübü ərzində dərslik hazırlığı ilə məşğul olan nəşriyyat-poliqrafiya müəssisələri və dərslik müəllifləri ilə görüşlər təşkil etmiş, həmin görüşlərdə dərsliklərin hazırlanması prinsipləri, yeni fənn kurikulumları haqqında məlumatlar səsləndirilmiş, tenderin "Əsas şərtlər toplusu" və "Dərsliklərin qiymətləndirilməsi meyarları" müzakirə edilmiş, naşir və müəlliflərin irad və təklifləri nəzərə alınaraq hər iki sənəddə yeni dəyişikliklər aparılmışdır. Bu dəyişikliklər barədə nəşriyyat-poliqrafiya müəssisələri dərhal məlumatlandırılmışdır.

Hazırlanmış və Tender komissiyasına təqdim edilmiş dərslik və müəllim üçün metodik vəsaitlərin maket və modelləri (tender təklifləri) komissiyanın 02 may 2012-ci il tarixdə Təhsil Nazirliyində keçirilən iclasında açılaraq kodlaşdırılmış və qiymətləndirilmək üçün Dərslikləri Qiymətləndirmə Şurasına təhvil verilmişdir.

Dərslik komplektlərinin qiymətləndirilməsi məqsədilə Dərslikləri Qiymətləndirmə Şurası sədrinin təqdimatına əsasən Təhsil Nazirliyinin müvafiq əmri ilə Bakı və Sumqayıt şəhərlərinin əsasən əməkdar müəllimlərindən, "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən ibarət ekspert komissiyası yaradılmışdır. Təqdim edilən dərslik komplektlərinə əsasən ayrı-ayrı fənlər üzrə də ekspert qrupları təşkil edilmiş və onlar üçün normal iş şəraiti yaradılmışdır. Bundan əlavə, Türkiyə Milli Təhsil Nazirliyinin Təlim-Tərbiyə Kurulunun üç nəfər əməkdaşı 2012-ci ilin 06-13 may tarixlərində Bakıya dəvət edilmiş, dərslik komplektlərinin qiymətləndirilməsi prosesində ekspertlərə rəy və məsləhətləri ilə köməklik göstərmişlər.

Beləliklə, ekspert qrupları tərəfindən dərslik və müəllim üçün metodik vəsaitlərin maket və modelləri Milli Kurikulumun tələblərinə və "Dərsliklərin qiymətləndirilməsi meyarları"na əsasən qiymətləndirilmiş, hər bir dərslik komplektinə dair rəylər hazırlanmışdır.

Qiymətləndirmənin nəticələrinə ekspertlərin iştirakı ilə Dərslikləri Qiymətləndirmə Şurasının iclaslarında baxılmış, hər bir dərslik komplekti ayrı-ayrılıqda şura üzvləri ilə müzakirə edilmiş və nəticələr təsdiq edilmişdir. Təsdiq olunmuş nəticələr və rəylər dərslik və müəllim üçün metodik vəsaitlərin maket və modelləri ilə birlikdə Təhsil Nazirliyinə təqdim olunmuşdur.

Qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilmiş keçid balını toplayan dərslik və müəllim üçün metodik vəsaitlər Dərslikləri Qiymətləndirmə Şurasının rəy və təklifləri əsasında təkmilləşdirilmiş, çapa hazırlanmışdır. Həmçinin həmin dərslik komplektləri Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş və onlara qrif verilmişdir.

Beləliklə, I və V siniflər üçün 74 adda, 2073450 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin mövcud şagird kontingentinin 105%-i həcmində çapı üçün müvafiq nəşriyyat-poliqrafiya müəssisələri ilə satınalma müqavilələri bağlanılmışdır.

Artıq I və V siniflər üçün dərslik və müəllim üçün metodik vəsaitlər də respublikanın ümumtəhsil məktəblərinə çatdırılmışdır.

Bundan əlavə, Azərbaycan və Gürcüstan hökumətlərinin birgə razılığına əsasən, ötən illərdə olduğu kimi, bu il də Gürcüstanın Azərbaycandilli məktəblərinə şagirdlərin sayına müvafiq "Azərbaycan dili" və "Ədəbiyyat" dərsliklərinin verilməsi üçün tədbirlər görülür.

Həmçinin "Azərbaycan dili", "Ədəbiyyat", "Azərbaycan tarixi", "Coğrafiya" dərsliklərinin Dağıstanın təlim Azərbaycan dilində olan məktəblərinə və digər xarici ölkələrdəki "Bazar günü" məktəblərinə verilməsi də nəzərdə tutulur.

2012-ci ilin ötən 8 ayı ərzində dərslik və nəşriyyat şöbəsi tərəfindən ali və orta ixtisas təhsili müəssisələrindən daxil olmuş 1500-dək proqram, dərslik, dərs vəsaiti və metodik vəsaitin əlyazması Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının müvafiq bölmələrinə müzakirəyə göndərilmişdir. Həmin müzakirələrdən sonra çapı məsləhət görülən və ya tövsiyə edilən 1430-dan çox əlyazması mövcud qaydalara uyğun olaraq sənədləşdirilmiş, rəhbərliyə təqdim olunaraq təsdiq edilmiş, onlara Təhsil Nazirliyinin əmri ilə nəşr hüququ (qrifi) verilmişdir.

Dərslik və nəşriyyat şöbəsi ümumtəhsil məktəb kitabxanaları fondlarının dərslik və əlavə oxu vəsaitləri ilə təminatı sahəsində də tədbirlər həyata keçirmiş, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin 1.2-ci alt-komponenti ("Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi", 2009-2014-cü illər) çərçivəsində 2012-ci ilin əvvəlində 500 məktəbin kitabxana fondu 1098 adda 549000 nüsxə təlim və oxu materialı ilə təchiz edilmişdir.

2012-ci ilin ötən 8 ayı ərzində dərslik və nəşriyyat şöbəsinə daxil olmuş məktub və ərizələr məzmunundan və mahiyyətindən asılı olaraq araşdırılmış, lazımi tədbirlər görülmüş və müvafiq olaraq cavablandırılmışdır.  

Faiq ŞAHBAZLI,
Təhsil Nazirliyi Dərslik və nəşriyyat şöbəsinin müdiri


 TİMS bazasında məlumatlar müntəzəm yenilənir 

2011-2012-cu dərs ilində şöbə üzrə bir sıra işlər görülmüşdür. Belə ki, TİMS məlumat bazasında olan məlumatlar mütəmadi olaraq dəqiqləşdirilmiş və əlavələr edilmişdir.

IX və XI sinifləri bitirən şagirdlərə verilmiş şəhadətnamə və attestatların seriyaları, nömrələri və fənlər üzrə qiymətləri bazaya daxil edilmişdir.

2011-2012-ci tədris ili üçün tam orta və ümumi orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlarla bağlı IX və XI sinif şagirdləri haqqında məlumatlar dəqiqləşdirilərək Monitorinq və qiymətləndirmə şöbəsinə  təqdim  edilmişdir.

Təhsil şöbələri üzrə TİMS məlumat bazası yenilənmiş və müvafiq məlumatlar bazaya daxil edilmişdir.

"TİMS-məktəb" proqramının təkmilləşdirilməsi ilə bağlı respublikanın  bütün təhsil şöbələrinin, nazirliyin tabeliyində olan orta ümumtəhsil məktəblərinin, Bakı şəhərinin bütün ümumtəhsil məktəblərinin İKT üzrə məsul şəxslərinə treninq-seminarlar keçirilmişdir və bu iş mütəmadi davam etdirilir.

Orta ixtisas təhsili, məktəbdənkənar təhsil müəssisələri üzrə verilənlər bazasındakı məlumatlar yoxlanılmış və bu müəssisələrdə çalışan kadrlarla bağlı məlumatlar yenilənmişdir.

Ötən dərs ilində habelə nazirliyin mərkəzi aparatının müvafiq şöbələri TİMS-in mərkəzi bazasına birləşdirilmiş, onların məlumatlara çıxışları təmin edilmişdir.

Respublikanın ali təhsil müəssisələrini 2011-2012-ci tədris ilində bitirən məzunların məlumat  bazasını yaratmaq məqsədi ilə proqram təminatının hazırlanması və məlumatların dəqiqləşdirilməsi üçün müvafiq ali təhsil müəssisələrinə verilməsi, dəqiqləşdirilmiş məlumatlar əsasında ali məktəbi müvəffəqiyyətlə bitirən məzunlar haqqında məlumatların məlumat bazasına daxil edilməsi də ötən dərs ilində görülmüş işlərdəndir.

Orta ixtisas təhsili müəssisələrini 2011-2012-ci tədris ilində bitirən məzunların məlumat bazası yaratmaq məqsədi ilə proqram təminatı hazırlanmış və məlumatların dəqiqləşdirilməsi üçün müvafiq təhsil müəssisələrinə verilmişdir. Alınmış məlumatlar bazaya daxil edilir.

"İnformatika" fənni üzrə olimpiadanın müvafiq turlar üçün tapşırıqlarının hazırlanması, işlərin yoxlanılıb qiymətləndirilməsi, respublika turunun təşkili və keçirilməsinə köməklik göstərilmişdir.

Tələbələr arasında proqramlaşdırma üzrə keçirilən olimpiadaların təşkili və keçirilməsində, beynəlxalq informatika olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın formalaşdırılmasında, onlar üçün təlim-məşqlərin hazırlanmasında iştirak edilmişdir.

Beynəlxalq qiymətləndirmə TİMSS və PİRLS layihəsi üçün 2011-2012-ci tədris ilində 4-cü siniflərdə təhsil alan şagirdlər haqqında (Naxçıvan MR daxil olmaqla) məlumat hazırlanıb Monitorinq və qiymətləndirmə şöbəsinə təqdim edilmişdir.

Xarici ölkələrdə təhsil almış və müəyyən səbəblərdən təhsilini bitirmədən  Azərbaycan Respublikasına qayıtmış və ümumtəhsil məktəblərində təhsilini davam etdirən şagirdlər (hansı məktəbdə və ümumiyyətlə təhsil alıb-almamaları) haqqında müvafiq xarici ölkələrin ümumtəhsil məktəblərinin rəhbərlərinin sorğularına cavab verilmişdir.

"Məktəb uşağın dostudur" Proqramı çərçivəsində YUNİSEF və Valideyn-Müəllim Assosiasiyası (VMA) ilə birgə respublikanın 51 məktəbində hazırlanmış sorğu blankları əsasında məktəbin direktoru, 10 müəllim, 10 şagird, 10 valideyn arasında sorğu keçirilmiş, məktəblər üzrə sorğular ümumiləşdirilmiş və yekun hesabat hazırlanaraq VMA-ya təqdim edilmişdir.

Şöbə üzrə 2012-2013-cü dərs ilində təhsil sahəsinin idarə olunmasında və tənzimlənməsində vahid informasiya infrastrukturunun yaradılması, təhsilin idarə edilməsində informasiya sistemləri və texnologiyaların səmərəli tətbiqinin təmin edilməsi, TİMS serverinin Vahid Təhsil Şəbəkəsinə qoşulması və Təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı çərçivəsində İntranet şəbəkəsində birləşdirilmiş məktəblərdən məlumatların on-line rejimində toplanılması, ali və orta ixtisas təhsili müəssisələrini bitirən məzunlarla bağlı məlumat bazasının təkmilləşdirilməsi, TİMS bazasına daxil edilmiş məlumatların təhlili və aparılmış araşdırmalar əsasında hesabatların hazırlanması planlaşdırılıb. 

İsmayıl SADIQOV,
Təhsil Nazirliyi Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri


 İKT təhsil üçün effektiv vasitədir 

Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə  təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi nəticəsində ölkədə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmasında müsbət dinamikaya nail olunmuş və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan Milli Təhsil Modelinin formalaşması istiqamətində müsbət nəticələr əldə edilmişdir.

Dövlət Proqramı çərçivəsində yaradılmış Məlumat və Resurs Mərkəzi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) "giriş və çıxış nöqtəsi" olmaqla yanaşı, həmçinin təhsilə aid informasiya resurslarının toplandığı və texniki təhlükəsizliyi qorunduğu yerdir. Eyni zamanda, Məlumat və Resurs Mərkəzində tətbiq olunan "Vebsens" xüsusi filtrasiya proqramı məktəblərə verilən İnternetin zərərli informasiyalardan təmizlənməsi kimi mühüm vəzifəni yerinə yetirir.

Hazırda təhsil müəssisələrinin kompüterləşməsinə də xüsusi diqqət verilir. 4522 ümumtəhsil məktəbinin 83 faizi, 110 texniki peşə təhsili müəssisəsinin 84 faizi və 56 dövlət orta ixtisas təhsili müəssisəsi kompüter avadanlığı ilə təmin olunmuşdur.

Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinə 33700 ədəd stolüstü kompüter,  3000 ədəd noutbuk, 3000 ədəd proyektor verilmiş və təhsil müəssisələri "Mimio", "Promethean" və "Smart" şirkətlərinin istehsalı olan 300-ə yaxın interaktiv lövhə ilə təchiz edilmişdir.

Təhsil müəssisələrində yerləşən kompüter avadanlıqları 32000 lisenziyalı proqram (MS Windows, MS Word) və 15000 ədəd kompüter lisenziyalı antivirus paketi ilə təmin  olunmuşdur.

Hazırda 1200 təhsil müəssisəsi  Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuşdur. Şəbəkə çərçivəsində məktəblərin genişzolaqlı İnternetə çıxışı təmin olunmuş, onlar arasında çoxnöqtəli (multipoint) videokonfransların keçirilmə imkanı yaradılmışdır.

Milli Təhsil Modelinin formalaşdırılması istiqamətində Dövlət Proqramı çərçivəsində 2008-ci ildən reallaşdırılmasına başlanmış "Elektron məktəb" pilot layihəsi də tətbiq edilməkdədir.

Dövlət Proqramına uyğun həyata keçirilən "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində 15 pilot məktəbin iki mindən çox şagirdinə netbuk və filtrasiya sistemini dəstəkləyən simsiz İnternet üçün USB tipli modem verilmişdir. 

Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin inkişafı ilə əlaqədar Distant tədris mərkəzi və www.mesafedenmekteb.edu.az təhsil portalı yaradılmışdır.

"Elektron məktəb" layihəsinə qoşulmuş təhsil müəssisələrində qiymətləndirmə, məzmunun və tədris prosesinin idarə edilməsinə yönəlmiş Elektron Dərslər İdarəetmə Proqramı, İnteraktiv Dərslər və Məktəb İdarəetmə Proqram təminatı tətbiq edilir.

Dövlət Proqramı çərçivəsində  elektron  dərslərin hazırlanması prosesi başlanmışdır. Hazırda Milli Təhsil Portalında (www.edu.az) 6 fənn üzrə 80 dərs mövcuddur. Bunlara fizika, kimya, biologiya, ədəbiyyat, musiqi və riyaziyyat üçün hazırlanmış dərslər və əlavə tədris resursları daxildir.

Dövlət Proqramı çərçivəsində Intel SKOOOL elektron dərs platformasının Azərbaycan tədris sisteminə uyğunlaşdırılması (400 elektron dərs, www.skoool.az portalının adaptasiyası) həyata keçirilmiş və "Young Digital Planet" şirkətinin "Universal Kurikulum" platforması üzrə elektron dərslər (40 elektron dərs-müəllim versiyası, 40 elektron dərs-şagird versiyası) hazırlanmışdır.

Elektron təhsil texnologiyalarının tətbiqi üzrə interaktiv platforması olan Milli Təhsil Portalı (www.edu.az) yaradılmışdır.

Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirləri izləmək məqsədi ilə www.ict.edu.az İnternet saytı istifadəyə verilmişdir.  Fləş texnologiyaları əsasında qurulan interaktiv "Məktəb xəritəsi" proqramı artıq Bakı şəhərində fəaliyyətə başlamış və şəhərin təhsil müəssisələri burada öz əksini tapmışdır.

Azərbaycan müəllimləri üçün korporativ üslublu @teacher.edu.az elektron poçt xidməti yaradılmışdır. Artıq qeydiyyatdan keçmiş müəllimlərin sayı 2000 nəfərə çatmışdır.

Şəbəkə üzərindən video texnologiyalarının tətbiqini genişləndirmək məqsədi ilə video.edu.az  portalı da yaradılmışdır. Portala müxtəlif fənlərə aid dərslər yerləşdirilmişdir və bu iş davam etdirilməkdədir.

Təhsil sahəsinin idarə olunması və tənzimlənməsində vahid informasiya strukturunun yaradılması istiqamətində fəaliyyətlər həyata keçirilmişdir. Belə ki, Təhsil Nazirliyində sənədlərin idarə olunması məqsədi ilə "Elektron sənəd dövriyyəsi" və "Elektron imza" proqramları tətbiq  olunmuşdur. Hazırda Təhsilin İdarəolunmasının Məlumat Sistemlərinin (TİMS) bazasının tam və ətraflı təsviri yaradılmış və Milli Təhsil Məlumat Bazası (MTMB) ilə məlumat mübadiləsi təmin olunmuşdur. Məktəb İdarəetmə Proqramı (MİP),  GSM modul proqram təminatı, Milli Təhsil Göstəriciləri (MTG) proqramı istifadəyə verilmişdir.

Dövlət Proqramının tətbiqi müddətində ümumtəhsil məktəblərində 102623 nəfər müəllim informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kurslarından keçmişdir ki, bu da pedaqoji kadrların 63%-ni təşkil edir. Həmçinin təhsil müəssisələrinin 12500 nəfər inzibati-idarəetmə heyəti və 1200 nəfər laborant İKT savadlılığı üzrə təlimlərdə iştirak etmişdir. Dövlət ali məktəblərinin 12367 professor-müəllim heyətindən  1270 nəfəri (10%), orta ixtisas təhsili müəssisələrinin 508 müəllimi İKT-yə dair təlimlərdən keçmişdir.

"Mədəd" və "Microsoft Azərbaycan" təşkilatlarının təşəbbüsü və maliyyə dəstəyi ilə "Həmkara dəstək" proqramı həyata keçirilir. Proqram çərçivəsində 831 müəllim xüsusi təlimdən keçmişdir. 

Qeyd etmək lazımdır ki, Azərbaycan pedaqoji heyətinin İKT sahəsində savadlılığının artması Microsoft korporasiyasının təşkilatçılığı ilə keçirilən innovativ müəllimlər müsabiqəsindəki beynəlxalq uğurları ilə sübut olunur. Belə ki, 2011 və 2012-ci illərdə müsabiqənin ölkə üzrə qalibləri Avropa forumunda da yaxşı nəticələr göstərərək qitəni ümumdünya forumunda təmsil etmək hüququ qazanmışlar.

Təhsil sisteminin informasiyalaşdırılması üzrə görülən fəaliyyətlərin normativ-hüquqi bazasının yaradılması və təkmilləşdirilməsi məqsədi ilə bir sıra vacib hüquqi sənədlər hazırlanmış və qəbul edilmişdir.

Yeni tədris ilində "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş tədbirlər planı üzrə işlərin yekunlaşdırılması planlaşdırılır.

Yeni tədris ilində kadr potensialı hazırlığı istiqamətində 13890 inzibati-idarəetmə və pedaqoji heyətin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin 250 nəfər pedaqoji heyətinin təhsil portalından istifadə üzrə savadlılığının artırılması, 150 nəfər pedaqoji heyət üçün "1 şagird-1 kompüter", 531 nəfər pedaqoji heyət üçün "Həmkara dəstək", 200 nəfər pedaqoji heyət üçün "Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması" layihələrinin həyata keçirilməsi, rayon (şəhər) təhsil şöbələrinin, orta ümumtəhsil məktəblərinin seçilmiş 2000 nəfər texniki heyəti üçün Məlumat Toplama Mərkəzindən istifadə üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədilə  İKT avadanlıqlarından və texniki vəsaitlərdən istifadəyə dair müəllimlər, şagirdlər və valideynlər üçün 250 ədəd  metodik vəsait hazırlanmışdır.

2012-ci ilin sonunadək təhsil müəssisələrinə 1500 ədəd stolüstü kompüter, 400 ədəd noutbuk və 400 ədəd proyektor veriləcəkdir.

Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin ümumi sayının 1700-ə çatdırılması nəzərdə tutulmuşdur.

"Elektron məktəb" layihəsi üzrə təhsil müəssisələrinin sayı 50-yə  çatdırılacaqdır.

1 şagird - 1 kompüter" layihəsi üzrə 2012-ci ilin sonunadək məktəblərə əlavə 200 netbuk veriləcəkdir.

Distant tədris üzrə də fəaliyyətimizi davam etdirəcəyik. Yeni tədris ilində bu layihəyə əlavə 30 şagird də cəlb olunacaqdır.

Əsas yeniliklərdən isə təhsil üçün video texnologiyalara daha artıq diqqət veriləcəyini, o cümlədən interaktiv Təhsil TV layihəsini qeyd edə bilərik. Həmçinin elektron tədris resurslarının da sayının artırılmasına diqqət yetiriləcəkdir.  

Samir MƏMMƏDOV,
Təhsil  Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi


İlk peşə-ixtisas təhsilinin nüfuzu artır 

Son zamanlar ölkənin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər peşə təhsilinin  inkişafını da zərurətə çevirmiş, cənab Prezident İlham Əliyevin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" bu sahənin inkişafına yeni təkan vermişdir.

Hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində 104, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində isə 4 ilk peşə-ixtisas  təhsili müəssisəsi fəaliyyət göstərir. 108 ilk peşə-ixtisas təhsili müəssisəsində təqribən 28 minə yaxın şagird təhsil alır. 2011-2012-ci tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələri üçün müəyyən edilmiş 16895 nəfər qəbul planı müqabilində müraciət edənlərin sayı 20818 nəfər olmuşdur.

2011-ci ildə Dövlət Proqramı çərçivəsində 10 ilk peşə-ixtisas təhsili müəssisəsinə 449,752 min manat məbləğində 25 adda inventar, 17 ilk peşə-ixtisas təhsili müəssisəsinə 295,126 min manat məbləğində 24 adda avadanlıq, 55 ilk peşə-ixtisas təhsili müəssisəsinə və 2 dövlət qurumuna 439,800 min manat məbləğində 6 adda digər maşın və avadanlıqlar alınıb təhvil verilmişdir. Ümumiyyətlə, proqramın icrası nəticəsində bir sıra peşə təhsili müəssisələrinin maddi-texniki bazası yenilənmiş, müasir fənn və ixtisas kabinetləri, emalatxanalar yaradılmışdır.

Texniki peşə təhsili müəssisələrində kadr hazırlığı prosesinin yüksəldilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlət və qeyri-dövlət təşkilatları üçün cəlbedici investisiya mühiti yaradılır. Bununla əlaqədar işəgötürən və qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələri qurulur və onların dəstəyi ilə peşə təhsili müəssisələrində kadr hazırlığı prosesi inkişaf etdirilir. Buna misal olaraq Təhsil Nazirliyi ilə Almaniyanın KNAUF şirkəti arasında yaranmış əməkdaşlıq əlaqələrini göstərmək olar. Bu əməkdaşlığın nəticəsi 2011-ci il dekabrın 5-də 4 nömrəli Bakı peşə liseyində "Quru inşaat ustası" peşəsi üzrə müasir Resurs Mərkəzinin yaradılması olmuşdur. Mərkəz müasir avadanlıqlarla, əyani və tədris vəsaitləri ilə təmin edilmiş, həmçinin şirkətin dəstəyi ilə Ukraynada təcrübə keçmiş usta kadr hazırlığına cəlb edilmişdir. Mərkəzdə peşə təhsili müəssisəsinin şagirdləri ilə yanaşı, tikinti sahəsində fəaliyyət göstərən firma və şirkətlərin  nümayəndələri üçün də qısamüddətli kursların təşkili nəzərdə tutulmuşdur.

"Dünyaya baxış" təşkilatı ilə birlikdə həyata keçirilən  "Gənclərin inkişafı və məşğulluq şəbəkəsinin yaradılması" layihəsi çərçivəsində Azərbaycanda  texniki peşə təhsili və gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına dəstəyin göstərilməsi ilə yanaşı müəyyən ixtisaslar üzrə yeni məzmunlu tədris vəsaitlərinin hazırlanması da nəzərdə tutulmuşdur. Belə ki, layihə çərçivəsində  "Elektrik-qaz qaynaqçısı" və "Təmirçi-çilingər" ixtisasları üzrə təhsilalanlar və müəllimlər üçün metodiki vəsaitlər hazırlanmış, bu ixtisasları tədris edən bir qrup mühəndis-pedaqoji heyət üçün təlimlər keçirilmişdir. Həmçinin, layihə çərçivəsində pilot olaraq müəyyən edilmiş 16 nömrəli Bakı peşə liseyi və 14 nömrəli Bakı peşə məktəbinin maddi-texniki bazası möhkəmləndirilmiş və həmin peşə təhsili müəssisələrinin İnternet səhifələri yaradılmışdır. 

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Maarifçi Gənclər Təşkilatının birgə təşəbbüsü ilə "Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması" layihəsi üzrə qrant müqaviləsi imzalanmışdır. Layihənin həyata keçirilməsi nəticəsində hazırda peşə təhsili müəssisəsində oxuyan şagirdlərin müvafiq peşələrə yiyələnmələri üçün daha səmərəli mühit yaranacaq, peşə liseyinin ərazisində, həmçinin yaxın ərazilərdə məskunlaşmış məcburi köçkün və aztəminatlı ailələrin övladlarının da qısamüddətli kurslar vasitəsilə müvafiq peşə sahibi olmasına şərait yaradılacaqdır.

İlk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi məqsədilə artıq bir neçə ildir ki, Dövlət Proqramı çərçivəsində dərslik və dərs vəsaitləri hazırlanaraq pulsuz təhsil müəssisələrinə çatdırılır. Bu proses 2011-2012-ci tədris ilində də davam etmişdir. Belə ki, Təhsil Nazirliyinin sifarişi ilə 2011-ci ildə 10 adda dərslik çap edilmiş və peşə təhsili müəssisələrinə paylanmışdır. Növbəti tədris ili üçün isə əlavə olaraq daha 15 adda dərsliyin hazırlanmasına başlanmışdır və 2012-2013-cü tədris ilindən bu dərsliklərin də peşə təhsili müəssisələrinə paylanılması gözlənilir.

2011-2012-ci tədris ilində həmçinin ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin xarici ölkələrdə ixtisasartırma və stajkeçməsi prosesi davam etmişdir. Belə ki, İslam İnkişaf Bankı və Türkiyənin Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2011-ci ildə ilk peşə-ixtisas təhsili müəssisələrinin mühəndis-pedaqoj heyəti üçün aşpazlıq, ağac üzərində oyma, informatika və dizayner ixtisasları üzrə Türkiyənin İSMEK və Şişli Sənaye Texniki Peşə Tədris mərkəzlərində kurslar təşkil edilmişdir. Bundan əlavə, peşə təhsili müəssisələrinin rəhbər heyətinin idarəetmə potensialının gücləndirilməsi məqsədilə Belarus, Sinqapur və Koreyada təşkil edilmiş təlimlərdə peşə təhsili müəssisələrinin nümayəndələri iştirak etmişlər.

İlk peşə-ixtisas təhsili müəssisələrinin məzunlarının işlə təminatı sahəsində də müəyyən irəliləyişlər olmuşdur. Belə ki, son zamanlarda işəgötürən təşkilatlarla inkişaf etdirilən əlaqələr nəticəsində peşə təhsili müəssisələrində təhsilalanların iş yerində təcrübə keçməsi və həmçinin məzun olduqdan sonra işlə təminatı artmışdır. Əgər 2010-cu ildə məzunların 34,18%-i işlə təmin olunmuşdursa, 2011-ci ildə bu rəqəm 37,2%-ə qədər yüksəlmişdir. O cümlədən təhsillərini daha yüksək pillələrdə davam etdirənlərin sayında da artım müşahidə edilməkdədir. Ümumiyyətlə, təhlil göstərir ki, bu gün əmək bazarında ilk peşə-ixtisas təhsilli işçilərə tələbat yüksəkdir. Bu baxımdan peşə təhsili müəssisələrinin maddi-texniki bazasının güclənməsi, təhsilin məzmununda baş verən dəyişikliklər və o cümlədən sosial partnyorlarla qurulmuş səmərəli əməkdaşlıq əlaqələri gələcəkdə bu sahənin daha da inkişaf etməsinə səbəb olacaqdır.

2012-2013-cü tədris ilində də ilk peşə-ixtisas təhsili sistemi qarşısında yeni hədəflər müəyyən edilmişdir. Peşə təhsili müəssisələrində təhsil şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın gücləndirilməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən 2 (7 və 14 nömrəli Bakı peşə məktəbləri) və Gəncə şəhərində fəaliyyət göstərən 5 peşə təhsili müəssisəsinin (Gəncə 1 və 2 nömrəli peşə liseyləri, 1, 2 və 3 nömrəli peşə məktəbləri) əsaslı təmiri, BOSCH şirkətinin dəstəyi ilə 18 nömrəli Bakı peşə liseyində Resurs Mərkəzinin yaradılması, CCC şirkətinin dəstəyi ilə 16 nömrəli Bakı peşə liseyində isə "Qaynaqçı" ixtisası üzrə mərkəzin yaradılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, dövlət proqramı çərçivəsində bir sıra digər peşə təhsili müəssisələrinin də maddi-texniki bazasının gücləndirilməsi, bir sıra ixtisaslar üzrə yeni kurikulumların yaradılması və tətbiqi, həmçinin mühəndis-pedaqoji heyətin xarici ölkələrdə təliminin davam etdirilməsi planlaşdırılır. Beynəlxalq təcrübə nəzərə alınmaqla, gənclərin peşə təliminə marağının artırılması və peşəyönümü işinin daha səmərəli təşkil edilməsi üçün isə "Peşə təhsilinə dəstək sistemi"nin yaradılması nəzərdə tutulmuşdur.  

Namiq MƏMMƏDOV,
Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov