Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

Yeni maliyyələşmə mexanizminin ali təhsil müəssisələrində tətbiqinin nəticələri və qarşıda duran vəzifələr

 

Ali təhsildə aparılan islahatın əsas xətti - yeni maliyyələşmə mexanizmi 

Müasir dövrdə dünyada baş verən qloballaşma prosesi tədricən sosial həyatın bütün sferalarına, o cümlədən təhsil sferasına da sirayət edir. Beləliklə, iqtisadiyyatın və biznesin qloballaşması və beynəlmiləlləşməsi proseslərinin sürətli inkişafı ali təhsilin qarşısında qlobal bazarın dəyişən şərtlərinə və tələblərinə cavab verən daha peşəkar kadrların hazırlanması kimi yeni məqsədlər qoyur. Bu baxımdan ölkəmizdə son dövrlərdə təhsil sahəsində, eləcə də ali təhsildə həyata keçirilən nəticəyönümlü islahat proqramları  böyük əhəmiyyət kəsb edir. Qeyd etməliyik ki, ali təhsildə hazırda aparılan islahatların əsas istiqamətləri Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli sərəncamı ilə təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"na əsasən müəyyən edilir və həyata keçirilir. Sözügedən Dövlət Proqramının əsas məqsədi ölkənin ali təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, ali təhsilin rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara tələbatın ödənilməsi, əhalinin ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Aparılan uğurlu islahatların nəticəsində artıq bu gün Azərbaycanın ali təhsil sistemi Avropa ali təhsil məkanına inteqrasiya istiqamətində inkişaf edir.

Dünya təcrübəsi göstərir ki, ali təhsildə keyfiyyətin əldə olunması, effektiv idarəetmənin və ayrılan vəsaitlərdən səmərəli istifadənin təmin edilməsi üçün ən vacib amillərdən biri də ali təhsilin maliyyələşdirilməsində yeni və mütərəqqi mexanizmlərin tətbiq olunmasıdır.

Bu baxımdan ölkə Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanının icrası çərçivəsində görülən tədbirlər ali təhsildə aparılan islahatların əsas hərəkətverici qüvvəsi hesab olunmalıdır. Belə ki, qeyd olunan Fərmana əsasən 2010-2011-ci tədris ilindən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə başlanılmışdır.  

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı görülən işlər 

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı ötən dövr ərzində, yəni  2010, 2011 və 2012-ci illərdə görülən işləri  qısaca olaraq aşağıdakı kimi təsvir etmək olar: 

2010-cu il ərzində görülən işlər və nəticələr 

Ölkə Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli  Fərmanının icrası istiqamətində Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin müvafiq əməkdaşları ilə birlikdə müzakirələr aparılmış,  yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı normativ sənədlər hazırlanmışdır. Belə ki, bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq   edilməsi haqqında"  25 iyun 2010-cu il tarixli 120  nömrəli Qərarı qəbul olunmuş, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilmişdir. Bu qərara əsasən, həmçinin "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydalar"ı təsdiq edilmişdir.

2010/2011-ci tədris ilində dövlət və özəl ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında  həyata keçirilmiş və ölkədə fəaliyyət göstərən 51 ali təhsil müəssisəsindən 35-i (27 dövlət, 8 özəl) dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş, 16-sı isə iştirak etməmişdir.

2010/2011-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə dövlət sifarişi üzrə qəbul planı 10529 nəfər olmuş, dövlət sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul isə 9788 nəfər təşkil etmişdir. Nəticədə dövlət sifarişi 741 nəfər kəsirlə yerinə yetirilmişdir.

Magistratura səviyyəsinə dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul planı isə 2070 nəfər olduğu halda, dövlət sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul 1125 nəfər təşkil etmiş və nəticədə ali təhsilin bu səviyyəsi üzrə dövlət sifarişi 945 nəfər kəsirlə yerinə  yetirilmişdir.

Dövlət sifarişi üzrə kadr hazırlığının dövlət büdcəsindən maliyyələşdirilməsinə başlanılması üçün, ilk növbədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında"  25 iyun 2010-cu il tarixli 120  nömrəli Qərarına əsasən dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali məktəblərlə Təhsil Nazirliyi, həmçinin ali məktəblərlə tələbələr arasında  müvafiq müqavilələr bağlanılmışdır.

2010/2011-ci tədris ilində dövlət sifarişi üzrə ali təhsil müəssisələrinin I kurs bakalavriat və magistratura səviyyələrinə qəbul olmuş tələbələrin  təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün  respublika Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrı ali məktəblər üzrə təsdiq edilmiş müvafiq bölgüyə əsasən Təhsil Nazirliyinə 2010-cu ilin sentyabr-dekabr ayları üzrə ayrılan 6081933 manat məbləğində vəsait müvafiq qaydada ali təhsil müəssisələrinin hesabına köçürülmüş və həmin ali təhsil müəssisələrinə bu vəsaitin səmərəli və təyinatı üzrə xərclənməsi barədə tapşırıqlar verilmişdir.

Eyni zamanda dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi ilə bağlı ayrılan büdcə vəsaitlərinin ali məktəblər tərəfindən təyinatı üzrə səmərəli xərclənməsi, mövcud resurslardan daha rasional istifadənin təmin edilməsi, qarşıya çıxan problemlərin aradan qaldırılması ilə bağlı təkliflərin müzakirə edilməsi və s. ilə əlaqədar 2010-cu ildə vaxtaşırı  ali məktəb rəhbərləri və baş mühasiblərinin iştirakı ilə aşağıdakı müvafiq kollegiya və müşavirələr  keçirilmişdir.         

* 17 iyun 2010-cu il tarixdə "Maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı ölkə başçısının müvafiq Fərmanının icrası vəziyyəti, bununla əlaqədar  qüvvəyə minəcək yeni qaydalar, mövcud problemlər, qarşıya çıxa biləcək risklər, həmçinin bu problemlərin həlli və risklərin aradan qaldırılması yolları barədə təkliflər" mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi və təhsil, maliyyə və iqtisadi inkişaf nazirlərinin, həmçinin  ali məktəb rəhbərlərinin iştirakı ilə geniş müşavirə;

* 22 oktyabr 2010-cu il tarixdə Təhsil Nazirliyində təhsil, maliyyə, iqtisadi inkişaf nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin, respublika Nazirlər Kabinetinin şöbə müdirinin, ali məktəb rektorlarının iştirakı ilə  "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, təkliflər və qarşıda duran vəzifələr" haqqında kollegiya iclası;

* 03 dekabr 2010-cu il tarixdə Təhsil Nazirliyində Maliyyə Nazirliyinin məsul əməkdaşının iştirakı ilə "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi, qarşıya çıxan problemlər, onların həlli yolları və təkliflər" mövzusunda ali məktəblərin baş mühasiblərinin seminar-müşavirəsi.

Yuxarıda göstərilən tədbirlərdə aparılan müzakirələrin və Maliyyə Nazirliyi ilə aparılmış danışıqların nəticəsi olaraq 2010/2011-ci tədris ilində dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün 2010-cu ilin sentyabr-dekabr ayları üzrə dövlət ali təhsil müəssisələrinə ayrılmış vəsait Maliyyə Nazirliyinin müvafiq əmrinə əsasən 2010-cu ilin sonunda dövlət büdcəsinə silinməmiş və növbəti ilə keçirilmişdir. 

2011-ci il ərzində görülən işlər və nəticələr 

2011/2012-ci tədris ilində dövlət və özəl ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında  həyata keçirilmiş və ölkədə fəaliyyət göstərən 51 ali təhsil müəssisəsindən 34-ü (27 dövlət, 7 özəl) dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş, 17-si isə iştirak etməmişdir.

2011/2012-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə dövlət sifarişi üzrə qəbul planı 10816 nəfər olmuş, dövlət sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul isə 9656 nəfər təşkil etmişdir. Nəticədə dövlət sifarişi 1160 nəfər kəsrlə yerinə yetirilmişdir.

Magistratura səviyyəsinə dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul planı isə 2378 nəfər olduğu halda, dövlət sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul 1473 nəfər təşkil etmiş və nəticədə ali təhsilin bu səviyyəsi üzrə dövlət sifarişi 905 nəfər kəsirlə yerinə  yetirilmişdir.

2010/2011-ci və 2011/2012-ci tədris illərində dövlət sifarişi üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə qəbul olmuş tələbələrin  təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrı ali məktəblər üzrə təsdiq edilmiş müvafiq bölgüyə əsasən Təhsil Nazirliyinə 2011-ci büdcə ili üzrə ayrılan 24574033 manat məbləğində vəsait müvafiq qaydada ali təhsil müəssisələrinin hesabına köçürülmüşdür.

10 mart 2011-ci il tarixdə Təhsil Nazirliyində təhsil, maliyyə nazirlərinin rəhbərliyi və ali məktəblərin rektorlarının iştirakı ilə "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər" mövzusunda geniş müşavirə keçirilmiş və müşavirədə  Təhsil Nazirliyinin aşağıdakı təklifləri müzakirə edilmişdir:

1. Dövlət sifarişi üzrə hər bir təhsilalana düşən xərclərin miqdarına yenidən baxılması və bu məbləğlərin artırılması;

2. Oxşar və eynitipli ixtisaslar üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yenidən baxılaraq uyğunlaşdırılması;

3. Dövlət sifarişi üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarının vaxtaşırı indeksasiyasının aparılması;

4. Dövlət əhəmiyyətli ixtisaslara dövlət sifarişi ilə qəbulla bağlı müsabiqə ballarının fərdi qaydada müəyyənləşdirilməsi;

5. Ali məktəblərin bəzi ixtisaslarına olan inhisarçılığın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi;

6. Dövlət sifarişi üzrə  müsabiqə ballarının ixtisas qrupları üzrə deyil, eyniyönümlü ixtisaslar üzrə müəyyənləşdirilməsi (məsələn, kənd təsərrüfatı, texnologiya, neft, aviasiya və s.);

7. Ali məktəblərin ayrı-ayrı  ixtisaslarına ödənişli əsaslarla qəbul üzrə təhsil haqlarının həmin ixtisasa dövlət sifarişi üzrə müəyyənləşdirilmiş təhsil xərclərinin miqdarının 60%-indən az olmayaraq müəyyənləşdirilməsi;

8. Tələbə statusu qazanmış şəxslərə  güzəştli təhsil kreditlərinin verilməsi ilə bağlı müvafiq Qanunun qəbul edilməsi;

9. Büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetalarının təsdiq edilməsi, il ərzində büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin dürüstləşdirilməsi prosedurlarının sadələşdirilməsi, bu səlahiyyətlərin ali məktəblərə verilməsi;

10. İlin sonunda büdcədənkənar vəsaitlər üzrə gəlirlərin dövlət büdcəsinə silinməməsi və bu vəsaitin növbəti ilə keçirilməsi; 

11. Dövlət ali təhsil müəssisələrinə tələbə qəbulunun planlaşdırılması və tələbələrin yerləşdirilməsi zamanı dövlət sifarişi üzrə və ödənişli əsaslarla təhsil alan tələbələrin sayı arasında mütənasibliyin yaradılması qaydalarının hazırlanması;

12. Dövlət  ali təhsil müəssisələrində  ödənişli əsaslarla təhsil alan və ödənişdən azad edilən  məcburi köçkün statuslu tələbələrin təhsili ilə bağlı xərclərin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya olunması.

Qeyd olunan təkliflər ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən  irəli sürülmüş və artıq  2011-ci ildən bu təkliflərin  reallaşdırılmasına başlanılmışdır.

Belə ki, 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun proqnoz layihəsi hazırlanarkən müvafiq dövlət ali təhsil müəssisələrinin təkliflərinə əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi üzrə müəyyənləşdirilmiş təhsil xərclərinin məbləği ilə  həmin ixtisaslarda ödənişli əsaslarla kadr hazırlığı üçün müəyyənləşdirilmiş təhsil haqları məbləği  arasında uyğunsuzluq aradan qaldırılmış və ali təhsil müəssisələrinin ayrı-ayrı  ixtisaslarına ödənişli əsaslarla qəbul üzrə təhsil haqlarının məbləği orta hesabla həmin ixtisasa dövlət sifarişi üzrə müəyyənləşdirilmiş təhsil xərclərinin miqdarının 60%-indən az olmayaraq müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında" 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli sərəncamına əsasən 2011/2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı məbləğlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə başlanılmışdır.

Bununla əlaqədar olaraq dövlət ali təhsil müəssisələrinə 2011/2012-ci tədris ilində ödənişli əsaslarla qəbul olmuş və təhsil haqqının ödənişindən azad edilən məcburi köçkün statuslu tələbələr barədə tələb olunan müvafiq  məlumatlar Təhsil Nazirliyi tərəfindən toplanılaraq ümumiləşdirilmiş və Maliyyə Nazirliyinə təqdim olunmuşdur. Öz növbəsində,  məcburi köçkün statuslu tələbələr barədə təqdim olunmuş məlumatlar əsasında Maliyyə Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisələri üzrə Təhsil Nazirliyinə  ayrılmış vəsait həmin ali təhsil müəssisələrinin hesabına köçürülmüşdür.

2011-ci ildə ali təhsildə yeni maliyyəşmə mexanizminin tətbiqi ilə bağlı əldə olunan əsas nəticələrdən biri də dövlət ali təhsil müəssisələrinin hesabında olan vəsaitlərin ilin sonunda büdcəyə silinməməsi olmuşdur. Belə ki, 2011-ci ilin sonunda Maliyyə Nazirliyinin müvafiq əmrinə əsasən dövlət ali təhsil müəssisələrinin hesablarında olan bütün büdcə və büdcədənkənar vəsaitlər dövlət büdcəsinə silinməmiş və növbəti ilə keçirilmişdir.  

2012-ci ilin 8 ayı ərzində görülən işlər və nəticələr 

2012-ci ildən başlayaraq büdcədənkənar vəsaitlərin idarə olunması və xərclənməsi ilə bağlı dövlət ali təhsil müəssisələri üçün mövcud olan bütün məhdudiyyətlər aradan qaldırılmış və bununla əlaqədar demək olar ki, bütün səlahiyyətlər ali təhsil müəssisələrinə verilmişdir. Belə ki, hazırda dövlət ali təhsil müəssisələri əldə etdikləri büdcədənkənar vəsaitlərin xərc istiqamətlərini  Təhsil Nazirliyi ilə razılaşdırmaqla sərbəst müəyyən edir və bu vəsaitlərin xərclənməsini müstəqil surətdə həyata keçirirlər.

İlin əvvəlində "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında" 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə"  Qərarı olmuş və bu Qərara əsasən aşağıdakı müqavilələr təsdiq edilimişdir:

- Dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərlə onlara təhsil xidmətləri göstərən dövlət ali təhsil müəssisəsi arasında yaranan münasibətlərə dair "Dövlət ali təhsil müəssisəsi ilə ödənişli əsaslarla təhsil alan "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşı arasında Nümunəvi Fərdi Müqavilə";

- Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil xidmətləri göstərən ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında yaranan münasibətlərə dair "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi arasında "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə Nümunəvi Çərçivə Müqaviləsi".

Eyni zamanda, qeyd olunan Qərara əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə,  Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına  və dövlət ali təhsil müəssisələrinin rəhbərlərinə  aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.

Bununla yanaşı, 2012-ci ilin əvvəllində Təhsil Nazirliyi tərəfindən dövlət sifarişi üzrə 2010/2011-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul edilmiş tələbələr barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq   edilməsi haqqında"  25 iyun 2010-cu il tarixli 120  nömrəli Qərarının tələblərinə uyğun olaraq dəqiqləşdirilmiş və müvafiq forma üzrə icmallaşdırılaraq Maliyyə Nazirliyinə təqdim edilmişdir. Təqdim olunan məlumatlara əsasən 2010/2011-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul edilmiş tələbələrin təhsil xərclərinin 2012-ci il ərzində ödənilməsi məqsədilə Təhsil Nazirliyinə müvafiq vəsait ayrılmışdır.

2011/2012-ci tədris ilindən başlayaraq dövlət sifarişi əsasında tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazırlığı formalarından biri kimi rezidenturada kadr hazırlığına başlanılmışdır.   Belə ki, "Təhsil haqqında" Qanunda  tibb ixtisasları üzrə rezidentura təhsili ilə bağlı müddəalar  təsbitlənmişdir. Qeyd etməliyik ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, rezidentura təhsilinin Azərbaycanda tətbiqi əsasən  ölkəmizin ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyası, tibbi təhsilin keyfiyyətinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması, yüksək ixtisaslı həkim-mütəxəssislərin hazırlanması, habelə ölkəmizdə verilmiş tibb təhsili sənədlərinin beynəlxalq səviyyədə tanınması məqsədini daşıyır. Bununla əlaqədar Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli 50 nömrəli Qərarı ilə "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları" təsdiq edilmiş və  bu qaydalara əsasən rezidenturanın təşkili ilə bağlı əsas istiqamətlər, ixtisaslar üzrə müvafiq təhsil proqramları, təhsil alanların hazırlıq səviyyəsinə qoyulan tələblər, rezidenturada təhsil müddəti, baza təhsil müəssisələri, tədris yükü və "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisaslarının siyahısı" müəyyən edilmişdir. Nəticədə 2011/2012-ci tədris ili üçün dövlət sifarişi ilə rezidenturaya qəbul planı 300 nəfər müəyyənləşdirilmiş və həmin tədris ilindən Səhiyyə Nazirliyinin sistemində olan təhsil, elm müəssisələrində və aparıcı klinikalarda müvafiq ixtisaslar üzrə kadr hazırlığına başlanılmışdır. Bununla əlaqədar olaraq Maliyyə Nazirliyinin əmrinə əsasən Səhiyyə Nazirliyinin  sistemi üzrə 10 müəssisədə rezidenturada kadr hazırlığı ilə bağlı xərclərin ödənilməsi məqsədilə 2012-ci il üçün Təhsil Nazirliyinə 541728 manat vəsait ayrılmışdır.

Eyni zamanda Maliyyə Nazirliyi ilə aparılan müzakirələrin nəticəsi olaraq 2011/2012-ci tədris ilindən ali təhsil müəssisələrində təhsil alan və Prezident təqaüdünə layiq görülən tələbələrin təqaüdlərinin müəyyən hissəsinin ödənilməsi üçün cari ildən müvafiq qaydada əlavə büdcə vəsaitinin ayrılmasına qərar verilmişdir. Belə ki, hazırda Prezident təqaüdünün aylıq  məbləğinin 150 manat, dövlət sifarişi üzrə bir tələbəyə düşən illik təhsil xərclərinin məbləğinin isə orta hesabla 1700 manat olduğunu nəzərə alsaq, bu təqaüdün ödənilməsinin müvafiq ali təhsil müəssisələrində hansı maliyyə çətinliklərini yaratdığını aydın görmək olar. Bu səbəbdən yuxarıda qeyd olunduğu kimi, tələbələrə ödənilən Prezident təqaüdünün müəyyən hissəsinin (bir tələbəyə aylıq 81,6 manat olmaqla) ödənilməsi məqsədilə dövlət büdcəsindən əlavə vəsaitin ayrılması qərara alınmış və bu məqsədlə 2011/2012-ci tədris ilində müvafiq ali təhsil müəssisələrinə qəbul olmuş və Prezident təqaüdü alan 100 tələbə üçün 2012-ci ildə Təhsil Nazirliyinə 97920 manat vəsait ayrılmışdır.   

Yeni mexanizmin tətbiqi ilə bağlı ali məktəblərin qarşısında duran vəzifələr 

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ali təhsildə yeni maliyyələşmə mexaniziminin tətbiqi nəticəsində dövlət ali təhsil müəssisələrinin maliyyə muxtariyyəti xeyli artmış və bu istiqamətdə bir çox müsbət nəticələr əldə olunmuşdur.

Eyni zamanda qeyd etməliyik ki, yeni maliyyələşmə mexaniziminin tətbiqi bir sıra aspektlər üzrə, o cümlədən  təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından ali təhsil müəssisələrindən daha  məsuliyyətli olmağı tələb edir. Belə ki, son 2 ildə aparılan tələbə qəbulu nəticəsində bir sıra dövlət ali təhsil müəssisələri demək olar ki, dövlət sifarişli yerlər üzrə çox zəif nəticə əldə etmişlər. Qeyd olunanları sonuncu tədris ili üzrə qəbul nəticələri üzrə aşağıdakı cədvəldən daha aydın görmək olar: 

Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil
müəssisələrinə 2011/2012-ci tədris ilində bakalavriat və
magistratura səviyyələri üzrə  tələbə qəbulunun nəticələri barədə
MƏLUMAT

Cədvəldən göründüyü kimi, dövlət sifarişi üzrə qəbulun sayının ümumi qəbulda xüsusi payı müxtəlif ali təhsil müəssisələri üzrə bir-birindən kəskin fərqlənir. Təbii ki, dövlət sifarişli yerlər üzrə qəbul olanların sayının ildən-ilə aşağı düşməsi müvafiq dövlət ali təhsil müəssisəsinə ayrılan büdcə vəsaitlərinin azalması deməkdir. Bu da sonda dövlət ali təhsil müəssisəsinin gələcək fəaliyyətini sual altına qoyur. Bu baxımdan ali təhsil müəssisələri təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də mövcud resursların daha rasional istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər görməlidir. Bu kimi tədbirlərə paralel və artıq kafedraların, fakültələrin bağlanılması, artıq ştatların ixtisar olunması, lüzumsuz xərclərə yol verilməməsi, kommunal  xərclərə qənaət edilməsi və s. aiddir.

Digər tərəfdən onu da qeyd etməliyik ki, aparılan tələbə qəbulu nəticəsində dövlət sifarişi üzrə az tələbə əldə edən dövlət ali təhsil müəssisəsi, əksinə bu saya tərs mütənasib olaraq ödənişli əsaslarla daha çox tələbə qəbul edir. Bu da, öz növbəsində, həmin ali təhsil müəssisəsinin büdcədənkənar vəsaitlərinin xeyli artması deməkdir. Bu baxımdan  büdcədənkənar gəlirlərin, ilk növbədə, müdafiə olunan xərclərə və prioritet istiqamətlərə  yönəldilməsi zəruridir. Belə ki, aparılan təhlillər göstərir ki, bir sıra ali məktəblər əldə etdikləri büdcədənkənar vəsaitləri, eləcə də  dövlət sifarişi üzrə kadr hazırlığının  yerinə yetirilməsi ilə bağlı ayrılmış vəsaiti Təhsil Nazirliyi ilə razılaşdırmadan, ilk növbədə, müdafiə olunmuş xərc istiqamətlərinə (işçilərin əməkhaqqı, müavinət, tələbələrə verilən təqaüdlər və istifadə olunmuş kommunal xidmət haqlarının dəyəri üzrə ödənişlərə) deyil, digər istiqamətlərə (ezamiyyə, cari və əsaslı təmir xərclərinə, inventar və avadanlıqların alınmasına) yönəldirlər.  

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi  ilə əlaqədar yaxın gələcəkdə  həyata keçirilməsi müzakirə edilən məsələlər  

Qeyd etməliyik ki, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı həm hüquqi bazanın təkmilləşdirilməsi, həm də digər istiqamətlərdə görülən işlər  Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyi arasında aparılan uğurlu əməkdaşlığın nəticəsidir. Belə ki, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinə başlanıldığı ilk gündən həyata keçirilən bütün tədbirlər Maliyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilmiş və qarşıya çıxan problemlərin aradan qaldırılması ilə bağlı Təhsil Nazirliyində keçirilən kollegiyalarda, müşavirələrdə və seminarlarda irəli sürülən təkliflər sözügedən nazirlik tərəfindən müsbət qarşılanmışdır.

Hazırda Maliyyə Nazirliyi ilə bu istiqamətdə əsasən 2 sənəd layihəsi müzakirə olunur. Bunlardan biri dövlət sifarişi üzrə hər bir təhsilalana  düşən xərclərin miqdarına yenidən baxılması və bu məbləğlərin artırılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq   edilməsi haqqında"  25 iyun 2010-cu il tarixli 120  nömrəli Qərarında dəyişikliklərin edilməsi ilə bağlı Maliyyə Nazirliyi tərəfindən təqdim olunmuş sənəd layihəsidir.  Belə ki,  dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi məqsədilə  mövcud normativlərə uyğun ayrılan vəsait əksər ali məktəblərdə yalnız əməkhaqqı və təqaüd xərclərinin ödənilməsinə kifayət edir. Bu da dövlət sifarişi üzrə keyfiyyətli kadr hazırlığının təmin edilməsi  üçün müvafiq maddi-texniki bazanın yaradılmasına və saxlanılmasına şərait yaratmır. Digər tərəfdən, dövlət sifarişi üzrə hər bir təhsilalana düşən xərclərin miqdarı təsdiq olunduqdan sonra, yəni  2010-cu ilin sentyabrında və 2011-ci ilin dekabr ayında tələbələrə, doktorantlara ödənilən təqaüdlərin məbləğləri, eyni zamanda su, kanalizasiya xidmətləri və kommunal xidmətlərlə bağlı xərclərin dəyəri artmışdır. Qeyd olunan sənəd layihəsinə əsasən dövlət sifarişi üzrə hər bir təhsilalana  düşən xərclərin miqdarının orta hesabla 45% artırılması nəzərdə tutulur.

Respublika Maliyyə Nazirliyi ilə hazırda müzakirə olunan digər məsələ isə dövlət ali təhsil müəssisələrində işçilərin əməkhaqqı məsələlərini tənzimləyən normativ-hüquqi sənədlərin ləğv edilməsi ilə bağlı Qərar layihələri ilə əlaqədardır. Belə ki, bu sənəd layihələrinə əsasən dövlət ali təhsil müəssisələrində işçilərin əməkhaqqı məsələlərinin mövcud əmək qanunvericiliyinin və müvafiq normativ-hüquqi aktların tələbləri gözlənilməklə həmin ali təhsil müəssisələri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Əlbəttə, bu da öz növbəsində, dövlət ali təhsil müəssisələrinin səlahiyyətlərinin artırılması istiqamətində növbəti ciddi addım kimi qiymətləndirilməlidir.

Bir daha qeyd etməliyik ki, dövlət ali təhsil müəssisələrinin səlahiyyətlərinin artırılması, eyni zamanda onların bu istiqamətdə məsuliyyətlərini də artırır. Belə ki, ali məktəblər son nəticədə təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün, öncə qeyd etdiyimiz kimi, mövcud resurslardan, həmçinin əldə edilən maliyyə resurslarından daha səmərəli, rasional şəkildə  istifadəni təmin etməlidirlər. Bu baxımdan ali təhsildə yeni maliyyələşmə mexanizmi ilə əlaqədar tətbiq olunan yeniliklər ali təhsil müəssisələrindən vaxtında təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir və onların qarşısında yeni və həlli vacib vəzifələr qoyur. 

Şahrza ƏLİYEV,
Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov