Sentyabrın
11-də Qazax rayon təhsil işçilərinin ənənəvi sentyabr
konfransı keçirildi. Konfransda millət vəkilləri Əhməd
Vəliyev, İlyas İsmayılov, Təhsil Nazirliyinin Aparat
rəhbəri İlham Pirməmmədov və Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Ayaz Əsgərov iştirak etdi.
Qazax rayon təhsil işçilərinin konfransında
"2011-2012-ci dərs ilinin yekunları və yeni dərs ilində
qarşıda duran vəzifələr" mövzusunda rayon təhsil
şöbəsinin müdiri Əhməd Dərgahquluyev geniş məruzə etdi.
Məruzədə ölkə Prezidenti İlham Əliyevin təhsilə, təhsil
işçilərinə göstərdiyi diqqət və qayğı önə çəkildi. Onun
birbaşa rəhbərliyi ilə rayonda yeni dərs ilində 5 yeni
məktəb binasının tikilib istifadəyə verilməsindən, 4
yeni məktəb binasının tikiləcəyindən danışdı.
Məruzəçi ölkəmizdə gedən uğurlu təhsil islahatından, bu
sahədə qazanılan nailiyyətlərdən, məktəbli formasının
tətbiqindən, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələrinin rayon üzrə qalibləri olan
şəhər 3 nömrəli tam orta məktəbin və Xanlıqlar kənd tam
orta məktəbinin biologiya müəllimi Xatın Hüseynxanovanın
uğurlarından söhbət açdı.
Natiq ilboyu keçirilən müsabiqələrdən, qaliblərin
mükafatlandırılmasından, ulu öndər Heydər Əliyev ilə
bağlı keçirilən silsilə tədbirlərdən danışdı, buraxılış
imtahanlarının və ali məktəbə qəbul olan məzunların
sayını müqayisəli şəkildə təhlil etdi, müsbət cəhətləri
və nöqsanları diqqətə çatdırdı. Məruzədə göstərildi
ki, builki məzunlardan Səfərov Orxan Arif oğlu (Ürkməzli
kənd tam orta məktəb) 700 bal, 34 nəfər isə 500-dən
yuxarı bal toplayıb.
Məzunlar rayon icra hakimiyyəti başçısı tərəfindən
qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Sonra rayon təhsil şurasının və metodşuranın yeni
tərkibi seçildi. Məruzədən irəli gələn məsələlərlə bağlı
qərar layihəsi oxundu.
Məruzə ətrafında şəhər 3 nömrəli tam orta məktəbin
direktoru Vüqar Xasməmmədov, Xanlıqlar kənd tam orta
məktəbinin biologiya müəllimi Xatın Hüseynxanova,
Ürkməzli kənd tam orta məktəbinin direktoru İlqar
Miralayev, şəhər 1 nömrəli tam orta məktəbin tarix
müəllimi, əməkdar müəllim Mustafa Mirzəyev və Kosalar
kənd tam orta məktəbinin 634 bal toplamış məzunu Elnur
Əlizadə çıxış etdilər.
İclasda millət vəkilləri Əhməd Vəliyev, İlyas İsmayılov,
Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov da
çıxış edərək ölkədə gedən uğurlu təhsil islahatından,
yeni-yeni məktəb binalarının tikintisindən, məruzədə
müzakirə olunan məsələlərdən danışdılar. Təhsil
işçilərinə qarşıdan gələn yeni dərs ilində uğurlar
arzuladılar.
Konfransda respublika Prezidenti cənab İlham Əliyevə
rayonun təhsil işçiləri adından müraciət qəbul olundu.
ƏDALƏT |