Sentyabrın
10-da Bakıdakı "Hyatt Regensy" otelinin Quba zalında
Bakı şəhəri təhsil işçilərinin konfransı keçirildi.
Konfrans başlanmazdan əvvəl nümayəndələr Fəxri xiyabana
gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini
ehtiramla yad etdilər, məzarı önünə gül dəstəsi
qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da məzarı ziyarət olundu.
Konfransda təhsil naziri Misir Mərdanov, Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Nizami Rayon
İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, paytaxtın bir
sıra rayonlarının icra hakimiyyətlərinin nümayəndələri,
ümumtəhsil məktəblərinin, məktəbdənkənar müəssisələrinin
rəhbərləri, müəllimlər, müxtəlif dövlət və qeyri-hökumət
təşkilatlarının təmsilçiləri, alim və pedaqoqlar,
müəllimlər, KİV nümayəndələri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildikdən sonra konfrans öz işinə başladı.
"2011-2012-ci dərs ilinin yekunları və qarşıda duran
vəzifələr" mövzusunda məruzə-təqdimatla çıxış etmək üçün
söz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə
Rzaquliyevaya verildi.
Qarşıdan gələn yeni dərs ili münasibətilə konfrans
iştirakçılarını təbrik edən Nailə xanım ölkə
iqtisadiyyatının dinamik inkişafının keyfiyyətli təhsil
üçün əlverişli şərait yaratdığını söylədi. Qeyd etdi ki,
təhsili Azərbaycanın davamlı inkişafının əsas
amillərindən biri hesab edən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev onun inkişafına, dünyanın
qabaqcıl ölkələrinin təhsil səviyyəsinə yüksəldilməsinə
böyuk diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğı
sayəsində Azərbaycan təhsili son illər özünün yeni
inkişaf dövrünə qədəm qoymuş, bu sahədə xeyli
nailiyyətlər əldə edilmişdir.
Rəhbərlik etdiyi qurumun yarandığı ilk gündən
fəaliyyətini təhsilin keyfiyyətinin yüksəldilməsinə
yönəltdiyini deyən Nailə Rzaquliyeva görülən işlər
barədə konfrans iştirakçılarına geniş məlumat verdi.
Bildirildi ki, hazırda Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin tabeliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1
evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi
var. Həmin məktəblərdə 29870 müəllim 311695 şagirdin
təlim-tərbiyəsi ilə məşğul olur.
Bu tədris ilində Bakı şəhərində 5 yeni məktəb binası
inşa edilmişdir. 32 məktəbdə şagird sıxlığının aradan
qaldırılması üçün əlavə korpus tikilərək istifadəyə
verilmiş, 68 məktəbdə əsaslı təmir işləri aparılmışdır.
3 məktəbin istilik sistemi təmir edilmiş, 2 məktəbə qaz
xətti çəkilmişdir.
Məktəblərə 221 adda 477830 nüsxə dərslik, 32 adda 2893
nüsxə dərs vəsaiti verilmişdir.
Nailə xanım çıxışında daha sonra qeyd etdi ki, qabaqcıl
təhsil işçilərinin əməyinin qiymətləndirilməsi təhsilin
keyfiyyətcə yüksəlməsinə təkan verib. Belə ki, ölkə
başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun
olaraq keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələri cəmiyyətdə çox böyük və
mühüm hadisə kimi qiymətləndirilir. Həmin müsabiqələr
məktəblər və müəllimlər arasında sağlam rəqabəti,
innovativ fəaliyyətə istiqamətlənmiş yaradıcılıq və
təşəbbüskarlıq meyillərini gücləndirir. Bu il Bakı
şəhərinin 20 məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi", 51
müəllim isə "Ən yaxşı müəllim" adına layiq görülüb.
Xüsusi istedada malik uşaq və yeniyetmələrin aşkara
çıxarılması və inkişaf etdirilməsi ilə bağlı təhsil
müəssisələrində müxtəlif mövzularda keçirilən silsilə
tədbirlərdən bəhs edən Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri həmçinin şagirdlərin fənn
olimpiadalarının respublika turunda əldə etdikləri
nailiyyətlərdən, beynəlxalq səviyyəli idman yarışlarında
müvəffəqiyyətli çıxışlarından da söz açdı.
Məktəbdənkənar təhsil müəssisələrinin səmərəli
fəaliyyətini, buranın yetirmələrinin qazandıqları
uğurları konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Qeyd edildi ki, bu il də ali məktəblərə tələbə
qəbulunda Bakı məktəbləri məzunlarının xüsusi çəkisi
artıb. Belə ki, 2012-ci ildə məzunların 51,83 faizi
tələbə adını qazanıb. Bu göstərici keçən illə müqayisədə
5 faiz, 2006-cı illə müqayisədə 17 faiz artmışdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı və
Bakcell şirkətinin sponsorluğu ilə Heydər Əliyev adına
İdman-Konsert Kompleksində keçirilən və 5 minə yaxın
məzunun iştirak etdiyi builki "Məzun-2012" tədbirinin də
yaddaqalan bir hadisəyə çevrildiyini deyən məruzəçi
burada təhsildə fərqlənmiş gənclərin
mükafatlandırıldığını söylədi.
Təhsilin inkişafında, onun keyfiyyət göstəricilərinin
yüksəldilməsində metodik işin təşkilinin mühüm rol
oynadığını deyən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri ötən dərs ili ərzində 311 məktəbdə metodik işlər,
elektron dərsliklər və İKT-dən istifadə, o cümlədən 150
məktəbdə illik proqram materiallarının yerinə
yetirilməsi ilə əlaqədar mövcud vəziyyətin
öyrənildiyini, konkret istiqamətlərdə metodik köməkliyin
göstərildiyini bildirdi. Qeyd etdi ki, məktəblərimizdə
"Elektron məktəb" layihəsi bir neçə ildir həyata
keçirilir. Artıq 23 nömrəli məktəb və 20 nömrəli
məktəb-lisey tam olaraq elektron təhsilə keçmişdir.
Digər məktəblərin elektron jurnallara keçidi
istiqamətində hazırlıqlar başa çatmaq üzrədir.
Müəllimlərin İKT üzrə savadlılığının yüksəlməsi tezliklə
paytaxtın bütün məktəblərində elektron məktəbə keçidin
başa çatmasına imkan yaradacaqdır.
Məruzəçi daha sonra təlimin yeni məzmunu, müasir
pedaqoji texnologiyaların öyrənilməsi və tətbiqi ilə
bağlı keçirilən tədbirlərdən danışdı. Yaradıcılığa
meyilli gənc müəllimlərin aşkar edilməsi, onların
yaradıcılığının məqsədyönlü, ardıcıl və sistemli şəkildə
inkişaf etdirilməsi üçün vaxtaşırı metodik köməklik
göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını
dedi.
Məruzə-təqdimatında ötən dərs ilində görülən işlərdən,
qazanılan uğurlardan geniş danışan Nailə Rzaquliyeva
müəyyən nöqsan və çatışmazlıqları da ətraflı təhlil
edərək onların aradan qaldırılması üçün bir sıra mühüm
tədbirlərin həyata keçiriləcəyini qeyd etdi.
2012-2013-cü dərs ilində əsas devizlərinin təhsilin
keyfiyyət göstəricilərinin yüksəldilməsi olduğunu
söyləyən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri bu
məqsədə çatmaq üçün bütün təhsil işçilərinin öz bilik və
bacarıqlarını əsirgəməyəcəklərinə ümidvar olduğunu
bildirdi.
Sonra məruzə ətrafında çıxışlar oldu. "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi, Bakı
şəhərindəki 141 nömrəli tam orta məktəbin direktoru
Fərəh Hüseynova, 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin
məşqçi-müəllimi Fərid Abbasov, 20 nömrəli
məktəb-liseyin VMA-nın prezidenti Cülnarə Aslanova, "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi, 144 nömrəli tam
orta məktəbin müəllimi Aksana Səfərova, Nizami Rayon
İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək
ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
təhsilin inkişafı istiqamətində gördüyü işləri yüksək
dəyərləndirdilər, ölkənin təhsil sistemində qazanılan
uğurlardan, görülən işlərdən söz açdılar. Bakıdakı 72
nömrəli liseyin məzunu - qəbul imtahanlarında 700 bal
toplamış Xeyransa Məmmədova belə bir yüksək nəticənin
əldə olunmasında onun üzərində böyük əməyi olan
müəllimlərinə və valideynlərinə öz minnətdarlığını
bildirdi.
Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək
bütün təhsil işçilərini qarşıdan gələn "Bilik günü"
münasibətilə təbrik etdi, onlara işlərində yeni-yeni
uğurlar arzuladı.
Nazir ümummilli lider Heydər Əliyevin layiqli davamçısı,
ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan
təhsilinin, elminin inkişafına, eyni zamanda təhsil
işçilərinə göstərilən diqqət və qayğıdan danışaraq
ölkədə əlverişli təlim mühitinin yaradılması
istiqamətində çox mühüm işlərin görüldüyünü bildirdi.
Təhsilə ayrılan büdcə vəsaitinin onun inkişafına
yönəlmiş xərclərinin ilbəil artdığını söyləyən təhsil
naziri bununla bağlı statistik rəqəmləri təhsil
işçilərinin diqqətinə çatdırdı.
Nazir ölkəmizdə məktəb infrastrukturunun
yeniləşdirilməsi, maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində görülən işlər barədə də
geniş məlumat verdi. Qeyd olundu ki, ötən dərs ilində
respublika üzrə ümumilikdə 50000 şagird yerlik 167
yeni məktəb istifadəyə verilib. Bunlarla yanaşı, 103
məktəb əsaslı təmir olunub, 21 məktəb üçün əlavə
korpuslar inşa edilib.
Təhsil sahəsində görülən işlərdən, həyata keçirilən
tədbirlərdən ətraflı bəhs edən nazir Misir Mərdanov
müəllimlik peşəsinin şərəfli, eyni zamanda çətin və
məsuliyyətli olduğunu bildirdi. Müəllimlərin peşəkarlıq
səviyyəsindən, bilik və bacarıqlarından, bu gün müasir
müəllimə verilən tələblərdən danışan təhsil naziri
fikirlərini konfrans iştirakçıları ilə bölüşdü.
Çıxışında bir sıra həlli vacib məsələlərə də toxunan
nazir Misir Mərdanov bununla bağlı mülahizələrini
söylədi, konfrans iştirakçılarına dəyərli tövsiyələr
verdi.
Konfransın sonunda ölkəmizdə təhsil sahəsində görülən
işlərdən, əldə olunan nailiyyətlərdən bəhs edən filmin
nümayişi iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.
Samirə KƏRİMOVA |